Azərbaycan Yazıçılar Birliyinə 25-dək gənc yazar üzv qəbul olunacaq.
Bu ayın sonunadək Azərbaycan Yazıçılar Birliyinə (AYB) 25-dək gənc yazar üzv qəbul olunacaq.
AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Ələsgəroqlunun
APA-ya verdiyi məlumata görə,
son iki ildə Yazıçılar Birliyinə heç bir üzv qəbul olunmayıb:
"AYB təmirdə olduğundan biz bu prosesi dayandırmışdıq.
Bu müddət ərzində birliyə 120-dək gənc yazar üzvlük üçün müraciət edib.
Lakin onların hamısı AYB-yə üzv qəbul olunmayacaqlar.
AYB ancaq ədəbi proseslərdə daha aktiv iştirak edən yazarlara üstünlük
verəcək. Ümumilikdə isə bu il 40 nəfərə yaxın yazarın AYB-yə üzv olacağı
gözlənilir". Ə. Ələsgəroğlu bildirib ki, hazırda Yazıçılar Birliyinin 1300-ə yaxın
üzvü var. Onlardan 300 nəfəri müxtəlif ölkələrdə yaşayan fəxri üzvlərdir.
AYB-nin üzvlərinin bir hissəsi isə dünyasını dəyişib.
Hazırda AYB-nin ən yaşlı üzvləri Qılman İlkin (95 yaş), Balaş Azəroğlu (88 yaş), və Gülhüseyn Hüseynoqludur (86 yaş).
Məşhur sovet şairi Sergey Mixalkov xəstəxanaya yerləşdirilib.
APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə,
Moskvanın Mərkəzi Klinik Xəstəxanasına aparılan şairə həkimlər allergik şok diaqnozu qoyublar.
Qeyd edək ki, 95 yaşlı Sergey Mixalkov SSRİ
və Rusiya himlərinin sözlərinin, uşaqlar üçün çoxlu sayda kitabın,
məşhur "Dyadya Stepa" əsərinin, satirik şerlər, təmsil, kinossenari
və pyeslərin müəllifidir. Onun övladları - Andrey Konçalevski
və Nikita Mixalkov dünya şöhrətli kinorejissorlardır.
Yazıçılar Birliyində Azərbaycanın xalq yazıçısı,
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun
70 illik yubileyi qeyd olunub. tədbirdə çıxış edən Yazıçılar Birliyinin
sədri Anar R. İbrahimbəyovun həyat və yaradıcılığından danışıb.
O, R. İbrahimbəyovun əsərlərinin müxtəlif dillərdə işıq üzü gördüyünü söyləyərək
bildirib ki, nəinki Azərbaycan, keçmiş sovet kinematoqrafiyasının da 30 illik
tarixinin ən parlaq səhifələri Rüstəm İbrahimbəyovun adı ilə bağlıdır.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
xalq şairi Vaqif Səmədoğlu, xalq yazıçısı Çingiz Abdullayev
və digər mədəniyyət xadimləri iştirak ediblər.
Bu gün Müasir İncəsənət Mərkəzində "525 kitab" seriyasından
ilk kitabın - böyük rus və amerikan şairi İosif Brodskinin
"Odissey Telemaku" kitabının təqdimatı keçirilib.
"525-ci qəzet"in maliyyə, Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin
texniki dəstəyi ilə nəşr olunan kitabda İ. Brodskinin şeirləri, esseləri
və Nobel mükafatını alarkən söylədiyi nitq toplanıb.
Tədbirdə İ. Brodskinin həyat və yaradıcılığına həsr olunan qısa sənədli film də
göstərilib. Film "Regional TV"nin Bakı studiyasının dəstəyi ilə çəkilib.
Qeyd edək ki, bu il ərzində "525 kitab" seriyasından Azərbaycan ədəbiyyatından
Anar, Elçin, Çingiz Abdullayev, Ramiz Rövşən, Səlim Babullaoğlu və İlqar Fəhmi,
dünya ədəbiyyatından isə Orxan Pamuk, Boris Pasternak, Zöhrab Sipehri
və Şota İataşvili daxil olmaqla, daha 11 kitabın nəşri planlaşdırılıb.
Şair Qəşəm Nəcəfzadənin şeirlə alban dilinə tərcümə
olunub. Onun tərcümə olunan şeirləri Albaniyanın "llyrya" qəzetində dərc olunub.
40 səhifəlik bu qəzet bütünlüklə mədəniyyət və ədəbiyyata həsr olunub.
Sözügedən qəzetdə azərbaycanlı şairin "İtçol",
"Külqabı" və "İz" şeirləri çap olunub.
Bu şeirləri ingilis dilindən alban dilinə alban şiarəsi
və tərcüməsiçi Rozi Theoxari tərcümə edib.