Qulu Əsgərov Qimdir - Qulu Əsgərov Haqqında - Qulu Əsgərov Hayatı
Köç etsə də dünyadan...
Qulunun səsində qəribə bir cazibə, təkrarsız həzinlik vardı. Qulu nəğmələrinin sehrinə düşən heç vaxt ondan ayrılmaq istəmirdi. Məşhur tarzən Şirinin, adlı-sanlı balabançı Həsənin həmyerlisinə ilahi nadir istedad çələngi bağışlamışdı: onun ahənrüba kimi cəzbedici, məlahətli, yanıqlı səsi vardı: tarı çox məharətlə çalardı, hətta bəzən mahnı da bəstələyərdi. Bu üç xüsusiyyətin üçü də bir vəhdətə dönmüşdü Qulunun varlığında.
Qulu haqqında xatirələr: Müharibədən sonrakı çox çətin, keşməkeşli, ehtiyaclı illərdə onlar da Kür qırağına seyrə çıxar, oynayar, söhbət edərdilər. Bir dəfə Kürqaraqaşlıda toy vardı.
Həmin toyda nə gördüm: tarı bağrına basmış
Qulu həzin-həzin oxuyurdu: "Baxın səhərlərin yaqut rənginə, bənzəyir şairin söz ahənginə" O gündən vuruldum Qulunun ecazkar səsinə, məftun oldum, sərraflaşıb girmək istədim musiqi xəzinəsinə.
İnstitutun birinci kursunda təhsil alanda bir otaqda 20 nəfər qalırdıq. Divara bərkidilmiş radio vasitəsilə arada gah konsertə, gah da son xəbərlərə qulaq asırdıq. Bir gün otaq yaldaşlarımdan biri tələsik gəlib dedi:
- Niyə radionu açmamısan? Eloğlunuz Qulu Əsgərov oxuyur.
Tez radionu işə saldıq. Efirdən bir vaxt ilk dəfə Kürqaraqaşlıda eşitdiyim sehrli səs yayıldı. Qulu həzin-həzin oxuyurdu: "Ay bizim ellər, ay bizim ellər" Fərəhimin, qürurumun həddi-hüdudu yox idi: artıq Qulumuzu bütün Azərbaycan dinləyirdi.
Çoxdankı əhvalatdır, gənc müəllif kimi respublika yazıçılarının növbəti qurultayına çağırılmışdım. Tanınmış şairlərimizdən biri mahnı mətnlərinin əsasən zəifliyindən şikayətlənib deyirdi ki, "Sevgi sevən mərd olar" Bu sözlər müğənni Qulu Əsgərovun oxuduğu mahnıdandır. Ay yoldaşlar, sevgini də sevərlərmi?" Bir gün Nizami küçəsində rastlaşanda bu haqda Quluya danışdım.
O, inandırıcılıqla bildirdi: - Şair düzgün məlumat verməyib. Həmin mahnının nəqəratı belə başlanır: "Sev ki, sevən mərd olar" Beləliklə, ölməz müğənni-bəstəkar həm də şair təbiətli idi.
Qulu Əsgərov tələbkar, xeyirxah insan, müəllim idi. Ustad öz şagirdləri ilə səfərlərə yollanmağı xoşlayardı. Özü ilə birlikdə toylara apardığı, səhnələrə çıxardığı cavanlar get-gedə məşhurlaşar, fəxri adlara layiq görülər, ekrandan, efirdən tez-tez səslənərdilər. Qulu onların uğurlarına qəlbdən sevinər, qürur duyardı. Onun səxavətini, qayğısını Mələkxanım, Niyaməddin, Zaur kimi bülbüllərimiz əsla yaddan çıxarmırlar.
Ömrünün sonunadək qismətində yalnız bircə titul varmış: "Festival laureatı". Bürokratlar ona daha yüksək dərəcələr bəxş etməkdə xəsis idilər. Amma məclislərinə, toylarına gəlişini həvəslə, intizarla gözləyirdilər. Qulu isə onlardan heç vədə ad, mükafat ummazdı. Heç ünvanına "Festival laureatı" deyilməsini də arzulamazdı.
Yadımdadır: Salyanın Xalac kəndində Aşıq Pənah adına mədəniyyət sarayının açılışı günü rəsmi hissədən sonra "Kür" pavilyonunda ziyafət verildi. Qonaqlığın qızğın çağında dedilər ki, hökumətin məsul işçilərindən biri Neftçalaya gedərkən (onda ilin təzələnməsinə 2-3 gün qalırdı) bir az ləngiyib məclisə təşrif gətirir. Nüfuzlu şəxsin bu sözləri həmişə yadımdadır: "Qulunu tarsız, tarı Qulusuz təsəvvür etmək olmaz". Hökumət nümayəndəsi Quluya fəxri ad verəcəyini, haqqında film çəkdirəcəyini, telegüzgüyə müntəzəm surətdə çıxarılacağını vəd etdi. Ötdü aylar, fəsillər - Qulu elə festival laureatı - Qulu kimi həyatla vidalaşdı...