Yaranma tarixi - 08.08.1930
Ərazisi - 2,58 min km2
Əhalinin sayı - 148,5 min nəfər
(1 yanvar 2007-ci il)
Əhalinin sıxlığı - 1 km2 58 nəfər
(1 yanvar 2007-ci il)
Quba rayonu ilə Bakı arasında olan məsafə - 168 km
Əhalinin etnik tərkibi
Quba rayonunun əhalisi 1 şəhər (Quba şəhəri) , 4 qəsəbə (Qonaqkənd , Qırmızı , Gənclər və Zərdabi qəsəbələri) və 152 kənddə məskunlaşmışdır .1 yanvar 2007 - ci ilə olan məlumata əsasən rayonda 148.489 nəfər əhali yaşayır .
1999 - cu ilin 27 yanvar - 4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Quba rayonunda 136,845 nəfər (88,06%-i azərbaycanlılar, 6,8%-i ləzgilər, 2,06%-i yəhudilər (dağ yəhudiləri), 1,91%-i mesxeti türkləri, 0,8%-i tatlar, 0,23%-i ruslar, 0,14%-i digər millətlər olmaq üzrə) əhali yaşayır .
Tarixi
Yaşı ilk orta əsrlərə gedib çıxan Qubanın tarixi haqqında qədim Alban və Ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Belə ki, Peyğəmbərimizin Məkkə şəhəri ətrafında tikdiyi ilk məscidin adı Quba adlanır. XI əsrdə Azərbaycan hakimi Anuşirəvanın tikdirdiyi qalanın adı "Bade-Firuzqubat" idi, XII əsrə aid ərəb mənbələrində Quba "Kuba" kimi göstərilirdi, XIII əsrdə ərəb alimi Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında "Kubba" da vardır, XVI-cı əsrin səfəvi qaynaqlarında isə Quba "Qübbə" kimi verilmişdir. Quba şəhərinin ilk təməl daşı XIV-cü əsrdə qoyulmuşdur. XVIII-ci əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.
İqtisadiyyat
Kənd təsərrüfatı rayonudur.Meyvəçilik və heyvandarlıq inkişaf etdirilmişdir.Sənaye müəssisələrindən mikroelektrik mühərrikləri zavodu, konserv, yağ-pendir, kərpic, asfalt-beton zavodları, istehsalat kombinatı, xalça fabrikləri, meşə təsərrüfatı vardır.
Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri
Qubada 18 məktəbəqədər uşaq müəssiəsi, 140 ümumtəhsil məktəbi, xalq teatrı, muzey, 12 mədəniyyət evi, 104 kitabxana, 80 klub, 34 kinoqurğu fəaliyyət göstərir.
Memarlıq Abidələri
Me'marlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində "Ələmu" adlı qala və Tarixi məscid vardır.
Media
Quba rayonunda 2 özəl teleşirkət "Qütb" və "Xəyal", eləcə də müstəqil "Şəfəq", "Birlik" qəzetləri fəaliyyət göstərir. Həmçinin Quba şəhərində rəsmi dövlət qəzeti olan Milli Məclisin orqanı "Azərbaycan" və Türkiyə" Azərbaycan qəzeti olan "Zaman" qəzetinin müxbir postu
yerləşir.