Lirik-psixoloji aktyor məktəbinin ilkin səhnə xadimlərindəndir. İfa etdiyi rollar zərif lirizmi, psixoloji dürüstlüyü, emosionallığı və məlahətli cazibədarlığı ilə seçilir. Lirik məhəbbət qəhrəmanları ilə yanaşı, dramatik və komik rollarda da oynayıb.Kəskin çalarlı, lakin xarakterik mahiyyətli yumorlu obrazı psixoloji tutumuna uyğun tərzdə canlandırır. Amaliya Əliş qızı Pənahova 1945-ci il iyun ayının 15-də Gəncədə doğulub. ADTİ-nin dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1962-1966). Üçüncü kursda oxuyanda, 1964-cü ildə AMDT-nin baş rejissoru Tofiq Kazımov onu İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" lirik-psixoloji pyesinin tamaşasında Nargilə obrazına dəvət edib. Baş rolu böyük uğurla ifa edən, təcrübəli aktyor Əli Zeynalovla (Həsənzadə) məharətlə yöndaşlıq edən aktrisa ilk çıxışından tamaşaçıların rəğbətini qazanıb. Elə həmin il teatrın truppasına aktrisa qəbul olunub. Qısa fasilələrlə 1992-ci ilə qədər bu teatrın aparıcı sənətkarlarından olub. Hazırda Bakı Bələdiyyə Teatrının bədii rəhbəridir.
Azərbaycan Respublikasının əməkdar artisti (1 iyun 1982) və xalq artisti (30 dekabr 1988) fəxri adları ilə təltif olunub."Mahnı dağlarda qaldı" (İlyas Əfəndiyev) tamaşasındakı Şahnaz roluna görə Dövlət mükafatı laureatıdır. Sənətşünaslıq namizədidir (2003). Azərbaycanfilm" studiyasında ondan çox kinolentinə çəkilib.
Amaliya Pənahova sənətdə ən parlaq qələbələri AMDT-də qazanıb. Onun ifa etdiyi Nərmin, Xanım Mahnur, Xurşidbanu Natəvan, Aynur ("Unuda bilmirəm", "Şeyx Xiyabani", "Xurşidbanu Natəvan" və "Büllur sarayda", İlyas Əfəndiyev), Ofeliya ("Hamlet", Vilyam Şekspir), Luiza ("Məkr və məhəbbət", Fridrix Şiller), Medeya ("Medeya", Jan Anuy), Anka ("Nazirin xanımı", Branislav Nuşiç), Firəngiz ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Larisa ("Cehizsiz qız", Aleksandr Ostrovski), Pəri ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Reyhan ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə), Nigar "Qanlı Nigar", Sadıq Şendil), Təhminə ("Təhminə və Zaur", Anar), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Mehri ana ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Şəlalə ("Yalan", Sabit Rəhman) rolları həm aktrisanın, həm də teatrın tarixində mühüm yer tuturlar.
Milli teatrımızda lirik-psixoloji aktyor məktəbinin poetika göstəricilərini formalaşdıran, onun estetik səciyyələrinə zənginlik gətirən aktrisalardan biri də Amaliya Pənahovadır. Aktrisanın ifadə vasitələri əlvan və poetikdir.