Naxçıvanda Aşıqlar Birliyi təsis olundu

Son güncelleme: 23.12.2009 07:31
  • Naxçıvan Muxtar Respublikasında (NMR) Aşıqlar Birliyi yaradılıb.

    NMR Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında baş tutan təsis yığıncağında birliyin yaradılması haqqında qərar çıxarılıb.

    Nazirliyin sözçüsü Əli Rzayevin Lent.az-a deyib ki, birliyin təsis edilməsində məqsəd özünəməxsus tarixi-mədəni ənənələri olan Naxçıvanda aşıq sənətinin yaşadılması, öyrənilməsi, gənc ifaçıların bu sənətə marağının artırılmasına nail olmaqdır.

    "Hazırda muxtar respublikada şəhər və kəndlərində saz sənətinin öyrədilməsi ilə yanaşı, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Musiqi Kollecində saz ixtisası fəaliyyət göstərir. Birliyin yaradılması isə muxtar respublikada aşıq yaradıcılığının daha geniş və sistemləşdirilmiş şəkildə tədqiq və təbliğinə imkan verəcək"—Ə. Rzayev bildirib.

    Təsis yığıncağında aşıq İxtiyar Seyidov birliyin sədri seçilib. Birliyin 5 nəfər üzvdən ibarət idarə heyəti yaradılıb.

    Qeyd edək ki, birliyin təsis olunması NMR Ali Məclisinin sədri Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq həyata keçirilib.

    Fariz YUNİSLİ

    Qaynaq.LENT.AZ
#23.12.2009 07:31 0 0 0