Tanrının və Tarixin bəxtəvəri

Son güncelleme: 24.12.2009 10:34
  • Nəymiş-nədəymiş onun üstünlüyü və cazibədarlığı?

    noimage

    "Avtoritet"

    Diqqəti bu göygöz, həkim oğlana - oftalmoloqa yönəldən heç də onun prezidentliyi deyil! İstəmədən onun olanlarına və onun işlərinə verilən dəyərdir: dünyanın bir çox nüfuzlu dərgiləri, institutları və ölkə rəhbərləri şəxsini təhlil və analiz edərkən onu avtoritet kimi qəbul və üstəlik də təqdim edirlər!
    Nəymiş-nədəymiş onun üstünlüyü və cazibədarlığı?

    Əyər-əskiyi yoxmu? - o biri sual və müəmmalardan öncə, bu soruna ən sonda cavab verməliykən, əvvəldən bəyan edirik: adamın əyər-əskiyi ölkəsidi!!! Ölkəsinin problemlədirdi!

    Beləliklə və ardıcıllıqla:

    Taleyin oyunu

    Doğrudan da, sözün müstəqim mənasında, ixtisasca inşaatçı-mühəndis olan Bəsil əl-Əsəd, çevriliş nəticəsində hakimiyyəti ələ keçirmiş Hərbi Hava Qüvvələri komandanı Hafiz əl-Əsədin - Suriyanın doqquzuncu prezidentinin böyük oğlu 1994-cü ildə avtomobil qəzasında həlak olmasaydı, dünya bu gün Bəşər əl-Əsədin varlığından belə xəbər tutmayacaqdı. Suriyada Bəsil əl-Əsədi çox istəməklərini və ona böyük ümidlər bəsləndiyini qardaşı Bəşər də bilirdi - Bəsil əl-Əsəd qəzaya düşəndə Suriya şokdaydı, hətta şayiələr gəzirdi ki, bu "təşkili ölüm"dür. Qardaşına rəqib olmayan Bəşər qardaşından fərqli olaraq, nə partiya işində fəallıq göstərib, nə idmanda uğurlar qazanıb, nə gənclərin sevimlisi olmağa çalışıb, nə də hakimiyyəti ələ keçirməkdə və saxlamaqda böyük qüvvə və rolu olan hərbçi generallarla ünsiyyət qurub onların etimadını qazanıb. Heç vaxt hakimiyyətə meylli olmayan Bəşər əl-Əsəd elm adamları, ziyalılarla təmasda olub. İxtisasca göz həkimi olan Bəşər millətinin xəstə gözlərinə şəfa verməklə yanaşı, dünyaya da açıq gözlə baxmağı bacarmasını istəyib - məhz onun xidmətidir ki, 1998-ci ildən Suriyada internet var, müstəqil qəzet çıxır, 2000-ci ildən mobil rabitə şəbəkəsi açılıb. Bunlara qədər isə o ayrı adla-təxəllüslə fəaliyyət göstərib. Fəqət, atası Hafiz əl-Əsəd sağ qalan üç oğlundan yumşaq xarakterli Bəşəri varisliyə namizəd məsləhət bilib! Çünki sonbeşik Məcid, sözün həqiqi mənasında, "ana uşağı" sayılıb. Səhhəti də qənaətbəxş olmayan Məcidin adı narkobiznes qalmaqallarında, yüngüləxlaqlı qızlarla əyləncə sərgüzəştlərində daha çox hallanıb. Atası varis seçəndə isə yaşı hələ iyirmiyə çatmamışdı - 1979-cu ildəndir.
    O biri oğlu - Mahir də, suriyalılar özləri demiş, "ən çətin tərbiyə olunan", hətta Səddam Hüseynin oğlu Udayla bir tutulan birisi: "şorgöz". Atası cəza kimi onu hərbi xidmətə cəlb etsə də, düzələcəyinə ümid bəsləsə də, oğlu "qozbeli qəbir düzəldər" deyimini bir daha təsdiq edib əməlləriylə. Bütün bunlara baxmayaraq, onu prezident qvardiyasında kapitan rütbəsinəcən yüksəldə biliblər. Təbii ki, Mahir yenə də həmin Mahirdir.

    Seçim Bəşərin üstündə dayanıb.

    Hafiz əl-Əsədin seçimi isə nəinki BƏƏS üçün, eləcə də Suriya və Yaxın Şərq üçün keçərliydi. Yaxın Şərq son otuz ildə, Suriya isə onu 1970-ci ilin noyabrında - müdafiə naziri olarkən etdiyi hərbi çevrilişlə tanıyırdı! Ən azından bilirdilər ki, Hafiz əl-Əsəd əslində də Hafiz əl-Vəhşdir! "əl-əsəd"-"şir" olanacan ölkədə bu nəslin soyadı "əl-vəhş" olub!

    "Millətin öz qanıyla seçdiyi prezident!"

    Əziz oxucular! İnanın ki, bu, belədir - seçicilər "Bəşər əl-Əsədə səs verirəm" qrafasının (əslində, başqa namizəd də olmayıb - BƏƏS vahid, Suriya alternativsiz namizədlə seçkiyə qatılmışdı 17 iyul 2000-ci ildə) qabağında barmaqlarını kəsərək qanlarıyla "bəli" yazıblar! 97,29 faiz! 19 milyonluq Suriyada onun əleyhinə 19 min seçici olub.

    Yeri gəlmişkən, təzad ondadır ki, Suriya son doqquz ili Bəşər əl-Əsədin (ondan qabaq da otuz il atası Hafiz əl-Əsədin) hakimiyyəti altında yaşasa da, nəsillikcə bunları qəbl etmir: "düzgün müsəlman" sayılmırlar. Bu tayfa dini inanc mənasında ortodoksal sünni və şiələr tərəfindən yad, yeretik sayılıb.

    İş ondadır ki, Bəşər əl-Əsəd ələvilər təriqətinin nüsəyrilər qanadına mənsub, həm də bu qanadın da öz içində bəyənmədiyi, "amma" adı verdiyi qoluna mənsubdur - ölkə əhalisinin cəmi on faizini təşkil edən ələvilər bütövlükdə orduda hakim postlardadır. Digər təriqətlərlə həmişə təfriqədə olan ələvi-nüsəyrilərlə intriqa bu gün də davam edir.

    Bu aspektdən yanaşanda, Bəşər əl-Əsədin həm ümumi, həm də qlobal düşmənlərini siyahıya alanda, gözləmək lazımdır ki, otuz il ələvilərin hakimiyyəti altında özlərini aşağılanmış sayan sünni müsəlmanların və Bəşər əl-Əsədin sıçrayışlı qələbələrindən əndişələnən ələvi-generalların "çevriliş anlaşması", buna cəhd mümkündür.

    Dövləti baxımdan isə Suriyanın düşmənləri, əvvəlki kimi, İsraillə ABŞ-dır. Son illərdə İsraillə əldə olunan "ən böyük uğur" İsrail almalarının Suriyada satışına icazədir. Vaşinqton isə Suriyanı hələ də terrorizmə dəstək verməkdə suçlayır.
    Fəqət

    "Bəşər əl-Əsəd - şah oğlu şah!"

    Tarixin belə bəxtəvəri çox azdır, o mənada ki, belələri heç vaxt nail olduqları uğurlar, qələbələr, mükafatlar, mənsəblər üçün mübarizə aparmırlar, bu istəkdə olmurlar, amma və lakin Hər şey onların olur! Durduğu mənsəbdə hətta ölkəsinin asılı olduğu Rusiya və İran, üz-üzə durduğu Amerika və İsrail rəhbərliyindən də ötə, üstün, azad və sərbəst statusdadır indi Bəşər əl-Əsəd.

    Rusiya bütövlükdə xarici borcu 18-19 milyard dollar arasında cərəyan edən Suriya üçün halal haqqı olan 14 milyardın 11 milyardını bağışlayır! - Bəşər əl-Əsəd Rusiyaya səfərindən bunu qoparır! Suriyanı Rusiyanın iqtisadi asılılığından azad edən Bəşər əl-Əsəd Yaxın Şərqə Rusiyanı gətirir! Bu gəliş həm Suriyaya, həm də Rusiyaya çox az sonra faydasını verəcək - Rusiyaya çevrilmiş SSRİ Yaxın Şərqdə "itmişdi" axı bir ara

    Bəşər əl-Əsəd müsəlman və müttəfiq olaraq Amerikaya "dirsək göstərir", İranı ayağa vermir, İraqa qarşı çıxmır və təcrid olunmaqdan da qorxmur!

    Üstəlik də üstünə yeriyəcək Böyük Britaniya və Amerika qoşunlarının gücünü-qədərini bildiyi halda: halbuki, Suriya bu "tripaçlığı" ordusu son 15 ildə bircə dəfə də yenilənmədiyi, arsenalında "dayandoldurum"lar olduğu halda edir!

    Dədəsinin 1973-ci ildə İsraildən qəfil hücumla alıb, əks-hücumla itirdiyi Holan yüksəkliyini elə həmin İsrailin baş naziri Oxud Olmert Bəşər əl-Əsədə, Bəşər əl-Əsədin təbirincə desək, "işğala son qoymaq" naminə qansız-qadasız verməyə razı olduğunu bəyan edir! Lakin "Hizbullah", "Həmas", İran və İraqla əlaqələrini kəsməkdən vaz keçən Bəşər əl-Əsəd bu anlaşmaya imza atmır!!!

    Holan yüksəkliyinin strateji, iqtisadi, həyati, hərbi və digər üstünlüyünü belə çatdırmaq olar:

    Əvvəla, Dəməşqi də, Təl-Əvivi də, Yerusəlimi də bu yüksəklikdən çox əla müşahidə etmək, dinləmək, atəşə tutmaq mümkündür. Ümumilikdə Yaxın Şərq üçün bu yüksəkliyin çox böyük strateji əhəmiyyəti var.

    İkincisi, həm İsrail, həm də digər qonşu ərəb ölkələr üçün həyati əhəmiyyətli İordan çayının mənbəyi bu yüksəklikdədir. İordan çayına nəzarət edən ölkə istənilən qonşusuna təzyiq edə bilər - suyu kəs, canını al!

    Dini aspektdən yanaşanda da, yəhudilər hesab edir ki, bu torpaqları onlara Allah bağışlayıb, ərəblərə də ümumiyyətlə yəhudiləri nəinki Holan yüksəkliyində, bütövlükdə Yaxın Şərqdə görmək çöçün gəlir: "iki min ildi qaraçılıq edirlər, çıxıb getsinlər gəldikləri yerlərə"

    Yəni qloballaşan, ikili standartların superdövlətlər tərəfindən sürdürüldüyü düzəndə, altı qonşudan biri sənin düşmənin, beşi də dünyanın düşmən saydığı bir geopolitik durumda bu qədər "ağızbəhəmlik etmək" hər siyasətçinin işi deyil!

    Beləsinə deyirlər "şah oğlu şah" - prezident seçiləndə cəmi 34 yaşı vardı!

    "Söz-söhbətsiz ailə yoxdur!"

    Dost-tanışlarının, iş yoldaşlarının mülayim, yumşaq bildiyi Bəşər əl-Əsəd heç də yumşaq, mülayim deyil: doğmaca bacısının əri, hərbi kəşfiyyatın rəisi olan yeznəsini Bəşər əl-Əsəd ev dustağı edib - "Hizbullah"ın lideri İmad Muqniyənin və Livanın baş naziri Rafiq Həririnin ölümündə suçlu sayıldığına görə. Bir yandan beynəlxalq ekspertlərin, bir yandan da Bəşər əl-Əsədin şəxsən isti münasibətlər qurduğu, əməkdaşlıqdan imtina etmədiyi İranın qatili tapmaq təzyiqlərinin nəticəsi olaraq!

    Həmin bu yumşaq, mülayim Bəşər əl-Əsəd çevriliş cəhdinə görə Amerikada sığınacaq tapan, adı irimiqyaslı narkoticarətdə hallanan əmisi Rifayətin oğluna məxsus Dəməşqdəki ən böyük restoranı "korrupsiya ilə mübarizə" adıyla bağladıb! - özü də şəxsən etiraf edib ki, əmiləri və əmiuşaqlarının davranışı onu bezdirib!

    Hələ atasının sağlığında səlahiyyətlər verilən Bəşər əl-Əsəd daxili təhlükəsizlik xidmətinin əliylə mümkün açıq və gizli rəqiblərini hətta azadlıqdan belə məhrum etməyə çəkinməyib: "bilin ki, evdə yeni sahib kimdir!"

    Ən uğurlu əməliyyatlarından biri hərbi kəşfiyyatın rəisi, eyni zamanda iri narkobaronlardan sayılan Əli Dubun oğlu Məhəmməd Dubun həbsidir - bu həbs narkoticarətçilərə zərbədən çox, generalı və ətrafını qazanc mənbəyindən məhrum edib hakimiyyət uğrunda mübarizədə zərərsizləşdirməkdir. Bununla da o nəinki siyasi çəki əldə etmiş olub, eləcə də siyasi rəqiblərindən necə asanlıqla izal olmağını nümayiş etdirib. Elə həmin ərəfələrdə Suriya xüsusi təyinatlı birləşməsinin rəhbəri Əli Heydəri istefaya göndərib!
    Çox maraqlıdır ki, Bəsilin sağlığında, yəni onun prezidentliyə varisliyi qəsd edilən dönəmlərdə Bəşər əl-Əsədin ailədə hamıdan çox yaxın olduğu bacısı Buşra əl-Əsədin "Suriyanın birinci ledisi"ylə ulduz barışmır.

    Yeznə - böyük bacı Buşranın əri Asəf Şövkətin də qaynı Mahirlə bir-birini görməyə gözü yoxdur!

    Amma doqquz illik prezidentlik dönəmində Bəşər əl-Əsəd hamını yerində oturda bilib - qohumu da, yadı da, qonşularını da, düşmənlərini də.

    Artıq ikinci dəfə yeddi illiyə seçilən Bəşər əl-Əsədin üstün və zəif cəhətləri bilinir, eyni zamanda o da bilinir ki, Suriyada söz sahibi kimdir - hərçənd ondan gözləyirdilər ki, atası kimi, Yaxın Şərqdə də yuxarı başa o dəvət olunsun.

    "Doğulanda gərək prezident doğulasan"

    Bəşər əl-Əsədin prezidentliyəqədərki yaşamına nəzər yetirəndə, adamın ağlına da gəlməz ki, ondan prezident olar. Tarixə istinad etsək, Şarl de Qoll məhz prezident, ali baş komandan kimi aparıb özünü, Bəşər əl-Əsəddən fərqli olaraq - hətta kursant olanda belə bu iddia hiss olunub! Sözarası deyək ki, Şarl de Qoll hərbi məktəbdə oxuyanda müdafiə naziri baxış keçirərkən Şarlın intizam və hərbi davranış qaydalarına riayətini görüb komandirinə irad tutub ki, niyə o serjant deyil? Komandiri cavabında bildirib: "o özünü ali baş komandan kimi aparır, onu necə serjantlığa layiq bilim ki?"

    Bəşər fransız dili təmayüllü məktəbdə təhsil aldığından, ingilis və fransız dillərini gözəl bilib. Müasirimiz olsa da, tərcümeyi-halında dəqiqləşdirilməyən faktlar da var. Bir variantda hərbi xidmət keçəndən sonra serjant rütbəsində tərxis olunandan, digərində isə birbaşa, orta məktəbdən sonra ali məktəbə qəbul olunduğu bildirilir. Xəbər başlıqlarında avqustda dünyaya gəldiyi qeyd olunsa da, rəsmi informasiyalarda sentyabırn 11-i göstərilir.
    Ali tibb təhsili alandan sonra Dəməşq yaxınlığındakı "Tişrin" hərbi hospitalında həkim-oftalmoloq kimi fəaliyyətə başladığı, az sonra - 1991-ci ildə (bəzi mənbələrə görə, 1992-ci ildə) Londonun Paddinqton rayonunda Müqəddəs Mariya xəstəxanasnın Western Eye Hospital-ında staj keçdiyi məlumdur. Oftalmologiya ilə yanaşı, informatika ilə maraqlanıb.

    Paraşütdən tullanmağı da sonradan öyrənib.

    Atası artıq onu özünə varis seçəndən sonra ciddi şəkildə hərbin sirlərinə bələd olub. Deyilənə görə, nəzəriyyəni ona özününkülərlə yanaşı, bir rus zabiti də öyrədib.

    Atası ölənəcən polkovnik rütbəsinə çata bilib. Amma atasının qəfil ölümü ona həm general-leytenantlıq, ali baş komandanlıq, prezidentlik gətirib, həm də Konstitusiyaya düzəliş - məhz Bəşər əl-Əsədin xətrinə prezidentliyə namizədlik senzi 40-dan 34-ə salınıb.

    Bəşər əl-Əsəd məhz bu yaşda prezident seçilib - 17 iyul 2000-ci il.
    Elə həmin ilin dekabrında Böyük Britaniyada yaşayan, Suriya sünnilərindən olan hörmətli və nüfuzlu həkim Əxras ailəsində dünyaya gələn, özündən on il kiçik olan Əsma ilə ailə həyatı qurub. Xalq öz prezintinin toyundan, "birinci ledi"nin kimliyindən bir neçə həftə sonra mətbuatdan xəbər tutub.

    Xanımı iqtisadçı və kompüter texnologiyası üzrə mütəxəssisdir.
    "Suriyanın birinci ledisi" olmaq xatirinə "Döyçebank"ın London filialındakı işindən çıxıb. Amma ikili vətəndaşlığı saxlayan "birinci ledi" arada şəxsi vizitlə Londonda olur.

    Tez-tez rəsmi törənlərdə görünən xanım əl-Əsəd Avropa dəbi ilə geyinir - yaylıq bağlamır, hətta "cazibədarlıq görüntüsü"nə də irad tutulur.

    İki oğlu, bir qızı var. Böyük oğluna atasının şərəfinə Hafiz adı qoyub.

    "Qurana And içirəm ki, konstitusiyaya, qanunlara hörmətlə yanaşaram və xalqıma xidmət edərəm"

    Hələ ki, heç bir prezident seçiləndə bunun əksini deməyib. Allah naminə, Bəşər əl-Əsəd sələfindən fərqli olaraq, bir çox şeyləri edib.
    Məsələn, 2003-cü ildən Suriyada BƏƏS-dən olmayanlar da deputatdır - Bəşər əl-Əsəd alternativlərin də seçilmək hüququnu tanıyıb.

    Hakimiyyətinin ilk illərində bir qrup siyasi məhbus azadlığa buraxılıb. İlk müstəqil qəzet nəşr olunmağa başlayıb. Siyasi forumlar keçirilib, özəl universitetlər, banklar və fond birjaları yaradılıb.

    Ekspertlərin fikrincə, Bəşər əl-Əsəd dövlət strukturlarının liberallaşdırılmasında israrlıdır. Eyni zamanda, hakim BƏƏS-in rəhbər vəzifələrə təyinatını ləğv edib, partiyadaxili seçkini məqbul sayıb. Seçicilərə orta təbəqənin təmsilçilərini işdən azad etmək imkanı yaradıb.

    2001-ci ildə hökuməti istefaya göndərən Bəşər əl-Əsəd Mustafa Mirə, əvvəlki illərdən fərqli olaraq, yeni tərkibi formalaşdırmaqda üstünlüyü hərbçilərə deyil, 50 yaşına qədər mülki vətəndaşların təmsilçiliyinə verməyi tövsiyə edib.

    2003-cü ildə bir daha hökuməti istefaya göndərən Bəşər əl-Əsəd bu dəfə parlamentin sədri, liberal islahatlar tərəfdarı Mühəmməd Naci Ətariyə etimad göstərib. 2000-ci ildən 2004-cü ilədək kadr yerdəyişmələri zamanı 15 faiz yüksək çinli məmurları, əsasən də hərbçiləri dövlət idarəetməsindən uzaqlaşdırıb.

    Amma bir orası da var ki, Bəşər əl-Əsəd apardığı islahatlarda ardıcıl olmayıb, bəzi planlarında dəyişikliklər edib. Elə hakimiyyətinin ilk ilindəcə siyasi baxışlarına görə azadlıqdan məhrum edilənlərə azadlıq verən Bəşər əl-Əsəd 2001-ci ildə nəinki islahatları, eləcə də 1962-ci ildən qüvvədə olan fövqəladə vəziyyətin dəyişilməsi məsələsini gündəmə gətirən "Dəməşq baharı" islahatçı təşkilatının üzvlərinin həbsinə laqeyd qalıb.

    "Ciddi ittihamlar cavabsız qalır"

    2005-ci ilin martında 16 minlik hərbi kontingenti Livandan çıxarmağa razılaşan Bəşər əl-Əsədi 2006-ci ildə Fransada mühacirətdə olan keçmiş vitse-prezident Əbdülhəlim Xəddam açıq mətnlə ittiham edib: "2005-ci il dekabrın 30-da Rafiq Həriririn öldürülməsini məhz Bəşər əl-Əsəd əmr edib".

    Hələ ki ittiham cavabsızdır!

    2006-cı ilin yayında başlayan İsrail-Livan münaqişəsindən sonra isə Bəşər əl-Əsəd İsraili terrorçu dövlət adlandırıb - ittiham hələ də cavabsızdır! Baxmayaraq ki, Suriya hərbi hava qüvvələri İsrail kəşfiyyat təyyarələrini atəşə də tutub.

    İsrailə atəş açıb müharibə etməyən Suriyanın Holan yüksəkliyiylə bağlı danışıqları bilmərrə kəsməmək üçün bu addımı atdığı bildirilsə də, ittihamlar cavabsızdır!

    "Bir daha və yenidən - yaşasın Bəşər əl-Əsəd"

    Prezidentliyinin ilk yeddi ilində haqqında ən müxtəlif mühakimələr və gümanlar yürüdülsə də, heç biri özünü doğrultmadı!

    Təkcə Bəşər əl-Əsəd özünü və ona göstərilən etimadı doğrultdu: o bir daha və yenidən - düz yeddi il əvvəl seçildiyi gün, həm də prezidentlik mandatı bitdiyi gün prezident seçildi - 17 iyul 2007.

    12 milyon seçicidən cəmi 19653 nəfəri əleyhinə olmaqla!

    Suriya rəsmi dairələrinin rəsmi statistikası belə deyir.

    Növəbti seçki 2014-də olmalıdır!

    Ona qədər isə hələ bir ömür var

    Məlum olan naməlum bir də budur ki, Suriya yaxın illərdə hələ bilməyəcək onun prezidenti olmaq üçün kim doğulub!
    VƏ PREZİDENT KİMİ DOĞULUB!

    Bir orası da var ki, mütləq nəzərə almaq lazımdır - prezident olmaq şansın yarananda ətrafındakılar operativ olsunlar və bütün güclərini sərf etsinlər!!!

    "Allah qoruduğunu qoruyur"

    Bəşər əl-Əsədi xarakterizə edərkən, ibrətamiz nüansları çatdırmağı özümə borc bilrəm: heç kimin siyasətçi və dövlət xadimi kimi görmədiyi Bəşər əl-Əsəd genetik kodların nəzərə alınmağının vacibliyini ortaya qoydu! Təsəvvür edin ki, "əzdim-büzdüm" manerasını lətifə mövzusu edənlər varis kimi adı hallanandan ikicə il sonra enerjili və mükəmməl komanda başçısı ilə üz-üzə qalmış oldular!

    Atasındakı bir yana, hətta qardaşının xarizmasına malik olmasa da, az bir vaxtda ədalətli və vicdanlı siyasətçi obrazını yarada bildi!
    Böyüklər ona görə böyükdür ki, uzaqgörəndirlər - Hafiz əl-Əsəd Suriya üçün də, dünya üçün də bir nümunə göstərdi: uşaqlarınızı oxudandan sonra onlardan tələb etməyin, bacarırsınızsa, özünüz ölənə qədər onlara kömək etmək, yol açmaq, zirvələrə ucaltmaq barədə düşünün!

    Bu gün Bəşər əl-Əsədi avtoritet kimi qəbul etdirən bir məqam var daha - seçiləndə hamı düşünürdü ki, bu cavan oğlanda siyasi iradə və qətiyyət çatmayacaq "çevriliş əjdahaları"yla döş-döşə gəlsin!

    İki vitse-prezident - Əbdülhəlim Xəddam və Züheyrə Maşarka; "Suriyanın ikinci şəxsi", Bəşər əl-Əsədin özünün istefaya göndərdiyi baş qərargah rəisi, Amerikada sığınacaq tapan Hikmət Şihabi; Hafiz əl-Əsədin balaca qardaşı, keçmişdə parlamentin üzvü, siyasi iddiası, gücü aşıb-daşan Cəmil; mərhum prezidentdən incik düşən nə qədər nüfuzlu məmur, Bəşər əl-Əsədə qısqanan iliyinəcən hərbçi generallar

    Növbəti seçkilərə onlardan heç kim ortaya çıxmadı!
    Baxmayaraq ki, Amerikanın "Parade" jurnalı Bəşər əl-Əsədi 2003-cü ildə diktatorlar siyahısında 13-cü yerə "layiq" görmüşdü - bəzən Amerikanın təbliğatı da səmərəsiz olurmuş!

    Hakimiyyəti əldə saxlamaqda Bəşər əl-Əsədə bu nüansa görə də simpatiya bəsləmək olar!

    Çoxları deyirmiş ki, düzdür, Bəşər bilir atası otuz il hakimiyyəti əlində necə saxlayıb, amma sual odur ki, o da bunu bacaracaqmı - qəddarcasına açıq və gizli düşmənləri məhv edərək, xalqı qorxuda saxlayaraq? Bilmək olmur ki, bu göygöz həkim oğlanın əlindən nə möcüzə-məğlətə çıxacaq! Möcüzə olmasa, hakimiyyət əlində qalmayacaq!

    Bəşər əl-Əsəd heç bir möcüzə göstərmədi!

    Amma hakimiyyətdə də qaldı - ikinci dəfə də

    Qalmayan boş fantaziyalar-xülyalar oldu!

    "Vaxtın yoxluğunda səmərəli istirahət"

    Hələlik isə Bəşər əl-Əsəd - əsl şəhər adamı kimi, arada cangüdənsiz-filansız, ailə-uşağıyla birgə, Dəməşq restoranlarına şam yeməyinə də gedir, baxmayaraq ki, zarafatla dediyi kimi, salamlaşmaq itəyənlərin əlindən bir tikə çörək də yeyə bilmirlər. Gəncliyində poeziya ilə maraqlanan Bəşər əl-Əsəd indi əsasən tarixi əsərləri daha çox oxuyur, musiqidə Fil Kollinz və Uitni Hyustonu xoşlayır.

    Mübaliğəsiz deyək ki, kompüter texnologiyalarının vurğunu olan Bəşər əl-Əsəd hələ də Suriya kompüter cəmiyyətinin rəhbəri olaraq qalır. Onun bu vurğunluğunun nəticəsi barədə əvvəldə qeyd etmişik.

    "Zahirlə batinin ifadəsi"

    Basketbolçu boyu olan Bəşər əl-Əsədin cazibədarlığı onunla fərqlənir ki, ahəstə səsi və yumşaq manerası var. Heç vaxt müsahibinin sözünü kəsmir: "Əgər düşüncə inkişafa mane olursa, o, mütləq dəyişilməlidir", - fikrini təkrarlamaqdan usanmır.

    Londonda onunla tay-tuşluq edən dostları birmənalı şəkildə deyir: "ipək kimi yumşaq, sakit və xeyirxah adamdır".

    Son doqquz ildə Onun tabeliyində işləyənlər isə hələ ki heç nə demirlər!

    SON

    Suriyaya, ümumilikdə Yaxın Şərqə göy gözlərlə baxmağın lazım olduğunu qaragözlü ərəblərə, qaragünlü ərəb dünyasına Bəşər əl-Əsəd öyrədə bildi! - dünya indi göylərindi! Göydən gələnlər göynən gələnləri qəbul etmir!

    Lazımdır ki, göyləri göylərin olduğu kimi, öz gözlərində, öz rənqində görəsən!

    Onda hərəsiylə öz dilində anlaşarsan - istəyir ingilis olsun, istəyir fransız!

    Ərəbcə olmasa da, olar - onsuz da Allahın dilini bilən yoxdur Yer üzündə!

    Bəşər əl-Əsəd deyib:

    Rusiya haqqında: "Eşitmişdim ki, Rusiya sifətini itirib, faktiki Qərbə oxşamasa da, bütün nöqtələrdən ona oxşamağa çalışır. Mən əmin oldum ki, belə deyil. Bundan sonra da istəyərdim ki, ruslar öz sifətlərini saxlasın və heç kimə oxşamasınlar. Biz - suriyalılar və rusiyalılar çox şeydə bir-irimizə oxşayırıq - çoxdinli və çoxmillətli cəmiyyətik".

    İraq müharibəsi haqqında: "ABŞ İraqı nəinki azad etdi, heç orada demokratiyanı da bərqərar etmədi, həyat şəraitini də yaxşılaşdırmadı. Bu əsl işğaldır, onlar bunu özləri də başa düşürlər Hərbi əməlliyyatlar nəticəsində orada dinc əhali qırılır, insanlar bunun əleyhinədir. Şübhə yoxdur ki, ABŞ və onun müttəfiqləri İraqda uduzublar".

    Terrorizmlə mübarizə haqqında: "Terrorizmlə mübarizədə tam qələbə qazanmaq mümkün deyil. Terrorizm də korrupsiya kimi, insan cəmiyyətinin, yaşamımızın bir hissəsidir. Biz mübarizə apara bilərik, amma unutmayaq ki, elə problemlər var ki, onların həlli heç vaxt tapılmayacaq".

    İsrail haqqında: "Biz deyirik: İsrailin baş naziri - rasist, hökuməti - rasist, təhlükəsizlik xidmətləri və ordusu - rasist, bəs onda hansı məntiqlə İsrail cəmiyyətindən danışırıq? Bu, rasist cəmiyyətidir!"

    Bəşər əl-Əsəd haqqında deyiblər:

    Rusiyanın keçmiş prezidenti, hazırki baş naziri V.V.Putin:
    "Bəşər əl-Əsəd atasının - beynəlxalq miqyaslı siyasi xadimin, xalqımızın və ölkəmizin böyük dostu Hafiz Əsədin şöhrətli ənənələrini layiqincə davam etdirir".

    ABŞ-ın keçmiş prezidenti Corc Buş: "Suriya lideri başa düşməlidir ki, biz onun fəaliyyətsizliyinə ciddi önəm veririk. Onun rejimi çıxılmaz və dərin izolyasiyaya düşə bilər. Bunun üçün ən azı iki səbəb var: birincisi ona görə ki, İraqın təhlükəsizliyi naminə İraq rəhbərliyi ilə əməkdaşlıq etmir, ikincisi də, indiyə qədər Livanda Suriya qoşunlarının fəaliyyəti barədə arayış təqdim etməyib".

    Venesuela prezidenti Uqo Çaves: "Suriya prezidenti ilə siyasi baxışlarımız eynidir. Biz birlikdə amerikan imperializminin təcavüzünə qarşı mübarizə aparacağıq. Biz birlikdə elə bir yeni dünya quracağıq ki, orada xalqların hüquq və öz müqəddəratını təyin etməsinə hörmətlə yanaşılacaq. Bəşər Əsədlə bir sırada Amerikanın hegemonluğuna son qoyacağıq və bir yerdə ABŞ imperializminin qəbrini qazacağıq".

    İsrailin baş naziri Ariel Şaron: "Bəşər Əsəd təhükəli adamdır və ən təhlükəli addımları atmağa qadirdir. Sağlam düşüncədən məhrumdur. İraqda müharibə vaxtı sübut etdi ki, bəlli situasiyalarda belə doğru qərarlar qəbul edə bilmir. Hamı İraqın yeniləcəyini bilsə də, bu durub deyir ki, amerikanlar məğlub olacaq".

    Aydın Canıyev
#24.12.2009 10:34 0 0 0