ABŞ Dövlət Departamenti Azərbaycanın verdiyi notaya cavab göndərib.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson məlumat verib.
O, notanın cavabının Azərbaycanın ABŞ-dakı səfirliyinə təqdim olunduğunu bildirib: "Notaya cavabla bağlı daha ətraflı məlumatı ya Azərbaycanın Vaşinqtondakı səfirliyindən, yaxud da Xarici İşlər Nazirliyindən ala bilərsiniz".
Xatırladaq ki, dekabrın 17-də Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Konqresin Dağlıq Qarabağdakı separatçı rejimə maddi yardım göstərməsi qərarı ilə bağlı Dövlət Departamentinə nota təqdim edib. Dövlət Departamenti notaya yaxın zamanlarda cavab veriləcəyini bildirsə də, Vaşinqtondakı hava şəraiti, daha sonra Milad bayramı və Yeni il tətili ilə əlaqədar notanın cavablandırılması ləngiyib.