"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun təklifləri tərəflər arasında müzakirə olunur, fikir ayrılığı olan bəndlər yeni şəkildə müzakirəyə çıxarılıb. Hələlik nəticə haqqında heç nə demək olmaz".
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prezidentlərin son görüşünə münasibət bildirərkən deyib. Ə. Həsənov bildirib ki, hələlik Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ortaq mövqeyinin yarandığını, tapıldığını söyləmək olmaz: "Amma bu özü faktdır ki, tərəflər və vasitəçilər bu danışıqların perspektivinə, danışıqların potensialının tükənmədiyinə inanırlar. Bu özü əsas verir ki, bu məsələ danışıqlar yolu ilə davam etdirilsin".
Son vaxtlar münaqişənin həllində Rusiyanın xüsusi fəallıq göstərməsinə gəldikdə, Ə. Həsənov Rusiyanın bu məsələdə həmişə fəal olduğunu bildirib: "Sadəcə, Rusiya son zamanlar ATƏT-in Minsk qrupunun həmsədrlər institutunun tərkibində fəallaşıb. Yoxsa Rusiya Dağlıq Qarabağ problemində həminə bu və ya digər şəkildə iştirak edib. Son vaxtlar Rusiya prezidentinin bu prosesdə iştirakı ilə keçirilən görüşlər belə fikirlərin meydana çıxmasına səbəb olub. Halbuki proses əvvəlki formada davam edir. Rusiya üç həmsədrdən biridir, həm Ermənistan, həm Azərbaycan, həm də Cənubi Qafqaz və Xəzər hövzəsindəki hadisələrə ciddi təsir göstərmək imkanı olan ölkədir. Bu bölgələr Rusiyanın geosiyasi təsirindədir. ABŞ dünyanın fövqəldövləti olsa da, Cənubi Qafqazdan da, Xəzərdən də çox uzaqdadır".