Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva fevralın 2-də Milanda moda nümayişində iştirak edəcək.
Bu barədə eksklüziv açıqlamanı model özü Lent.az-a verib: "Bu barədə İstanbulda çalışdığım "Platiyum" moda agentliyinə təklif gəlib. Çalışdığım agentliklərdən biri olan "Platiyum"un Milanla böyük əlaqələri var. Milanda çəkilən "Fashion həftələri"ndə həmişə İstanbuldan manekenlər dəvət olunur. Bu agentlikdə türk modelləri fəaliyyət göstərmir. 22-yə yaxın əcnəbi modellər var, onlardan biri də mənəm".
Model bildirib ki, ötən il Milanda kataloq çəkimlərində iştirak edib və məşhur italyan modelyer Katalinin diqqətini çəkib: "İtalyanlar daha çox ölkə xaricindəki modellərlə çalışırlar. Bu nümayişə bizdən 6 nəfər model yollanacaq. Onlardan biri də mənəm".
Azərbaycanlı model orada yaz-yay geyim kolleksiyalarını nümayiş etdirəcəklərini deyib.