Bu günlərdə artıq hamımıza məlum olduğu kimi, məmləkətin Hüseyn (ə) aşiqlərini vəcdə gətirən bir hadisənin şahidi olduq. Əhli-beyt (ə) vətəni məmləkətimizdən İmam Hüseyn (ə) Kərbəlasına yola düşən həmvətənlilərimizin avtobusu müqəddəs məkanda radikal təkfirçilərin hücumuna məruz qaldı. Bu zaman avtobusda olan Hüseynçilərdən 2 nəfər yaralanmış, 1 nəfər isə şəhid olmuşdur. Ziyarət karvanından verilən məlumata görə, hal-hazırda yaralı vətəndaşlarımızın durumu yaxşıdır. Sabunçu rayonu Maştağa qəsəbəsinin sakini, 17 iyun 1994-cü il təvəllüdlü Əhmədova Leyla Kərbəlayi Ədalət qızı bu hücum zamanı şəhid olmuşdur. Leyla xanım 2010-cu il yanvarın 28-də 16 yaşında Ağasının (ə) hərəmi kənarında gözlərini səadət zirvəsinə yummuşdur. Əziz oxucuların baş verənlərdən intizarını nəzərə alaraq "Deyerler saytı" o hüznlü və həm də fəxrli bir ocağa - Leyla xanımın qohumlarının evinə yollanmışdır.
Hüzn və fəxrli bir ocaq
Çətin axtarışlardan sonra qohumlarının, yaxın qonşularının köməkliyi ilə evlərini tapa bildik. Lakin bütün alilə (Əhmədovlar ailəsi 5 nəfərdən ibarətdir. Ailənin yalnız ailəli olan üzvü, Fatimə xanım Bakıda qalmışdır, - deyerler.org) müqəddəs ziyarətə yola düşdüyündən evdə kimsə yox idi. Ailə yaxınlarının köməyi ilə şəhidə xanımın qonşuluğunda yaşayan əmisi Hacı Cavanşirgilə yollandıq. Qapıda bizi Leyla xanımın əmisi Hacı Cavanşir qarşıladı. Böyük məmuniyyətlə bizi içəri dəvət etdi. Qapının kəndarından asılmış "Əssəlamu əleykə, ya Əba Əbdillah" bayrağının altından keçib içəri daxil olduq. İçəridə kiçik bir yas məclisi qurulmuşdu. Ən yaxın qohumlar toplaşmışdı. Beləliklə, bir qədər ünsiyyətdən sonra əmisi söhbətə başladı: "Mən xanımın kiçik əmisiyəm. Leylanın atası Kərbəlayi Ədalət bizim ortancıl qardaşımız, Məşhədi Hidayət bizim böyük qardaşımızdır. Qardaşım Kərbəlayi Ədalət gənc yaşlarından dini bilgilər almağa başlayıb və həyatını yalnız Əba Əbdillaha sevgi ilə yaşayıb. Kərbəlayi Ədalət gəncliyindən əkinçiliklə məşğul olub. Ailəsini beləcə halal zəhmətdən gələn gəlirlə dolandırıb. Elə bu dəfə də öz zəhməti ilə topladığı vəsait hesabına ailəsi ilə birgə Kərbəlaya yollanmışdı. Bütün ailə bu ziyarətə getməklərinə olduqca sevincli idi. Xüsusən də Leyla bacımız. Hələlik valideyinləri oradadır. Mən artıq nə deyə bilərəm ki?! Orada şəhid olmaq axı kimin arzusu olmaz ki?! Düzdür ağır itkidir. Amma bu, əslində bir gözəllikdir. Necə ki, Xanım Zeynəb Kərbəlada buyurdu: "Kərbəlada gözəllikdən başqa bir şey görmədim". Xoş hallarına ki, belə bir məqama yüksəliblər - həm uşaq, həm də valideynləri".
Leyla xanımın ailəsi
Burada əmisi kövrəlir. Qonşuları ilə danışmağa başladıq. Ailənin ən yaxınlarından olan Kərbəlayi Ədalətin dostu: "Kərbəlayi Ədalət indiki zamanda inanılmaz qədər halal zəhmətə bağlı idi. Övladlarının ruhani tərbiyəsinə də böyük diqqət ayırırdı. Bir gün bir neçə dost birlikdə durmuşduq. Ədalət, dostlardan birindən dəyəri çox az olan bir şeyi istədi. Dostu da əlbəttə ki, verdi. Bu vaxt Ədalət ondan soruşdu: "Sən qazancının xümsunu verirsən?" - "Yox, mənim elə bir gəlirim yoxdur axı", - dostu bildirdi. "Heç bir şey olmaz, sən xüms gününü təyin et, ruzini verən Allahdır", - deyə Kərbəlayi Ədalət ona tövsiyə edib. "Oldu, Novruz bayramı mənim xüms günümdür" - cavabında dostu Ədalət kişiyə bildirib. Əlbəttə ki, Yaradan belə bir şəxsə belə gözəl imtahanı bəxş edər".
Söhbət əsnasında hamı Kərbəlayi Ədalətdən, onun kənd camaatı arasında olan hörmətindən danışırdı. Bu zaman Leyla xanımın əmisindən şəhidə bacımız barədə məlumat verməyi xahiş etdik. "Qardaşımın üç nurlu balası var. Onlardan Əhmədova Leyla Ədalət qızı 1994-cü il iyunun 17-də Bakının Maştağa qəsəbəsində dünyaya gəlib. Böyük bacısı Fatimənin və balaca qardaşı Molla Ağanın sevimlisi idi. Fatimə indi ər evindədir, ona hadisə barədə xəbər verməmişik. Qoy atası gəlsin, özü onu başa salar. Amma inanın ki, biz elə bu gün də telefonla Kərbəlayi Ədalətlə danışdıq, o, qətiyyən ruhdan düşməmişdi. Əksinə, bu böyük imtahanı özünə fəxr, gözəllik bilir. Qardaşı Molla Ağa da onlarla birlikdə Kərbəladadır.
Leyla xanım artıq dörd yaşında olarkən Quran bilgilərini almağa başlayıb. Valideynləri bütün ibtidai din dərslərini övladlarına vermişdi. Leyla isə dinə başqa cür bağlı idi. O, aşiq idi ağası İmam Huseynə (ə). Çox həyalı olduğundan onu hətta qonşuların çoxu görməmişdi. Müqəddəs səfərə yola düşəndə olduqca şad idi. Nə biləydik ki, belə olacaq?!" (Burada qonşulardan biri yenə müdaxilə edir: "Qardaş, kaş ki, mən gedib o Ağanın (ə) hərəminin üstündə öləydim").
Yanvarın 19-dan 20-nə keçən gecə başlanan Kərbəla yolçuluğu
Şəhidə Leylanın əmisi xatirələrinə davam edir: "Elə bir gündə onları Kərbəlaya yola saldıq. Yanvarın 19-dan 20-nə keçən gecə. O gecədə ki, 1990-cı ildə yüzlərlə şəhid verdi Azərbaycanımız. Nə biləydik ki, 20 il ötdükdən sonra biz də öz şəhidimizi yola salırıq. Onlar artıq Kərbəlanı, Nəcəfi ziyarət etmişdilər. Hadisə onlar Nəcəfdən ayrılıb müqəddəs Samirra şəhərinə yollanarkən baş verib. Bu gün az öncə Kərbəlayi Ədalətlə əlaqə saxladıq. Bizə dedi ki, sabah Leylanı dəfn edəcəklər. Nəcəf şəhərində böyük Şəhidlər xiyabanı var. Orada bacımızı torpağa tapşıracaqlar. Bənzərliyə bir bax - orada da Şəhidlər xiyabanı, eyni gündən də başlayan yolçuluq... Xalqımız gərək onlarla fəxr etsin. Bu, bizim məmləkətimizin, dövlətimizin fəxri olmalıdır. Bu xalqın İmam Huseynə (ə) məhəbbəti var. Biz şəxsən itkidən hüzn içində olsaq da, həm də bu məqama görə sevinir və Allaha şükürlər edirik".
Hazırda Kazımeyndə olan atası ilə son əlaqəmiz
Artıq hava qaralmışdı və getdikcə başsağlığına gələnlərin sayı artırdı. Təklif etdikləri çay ehsanında süfrələrinə qonaq olduq. Sonra bir daha xatirələrini bölüşdüklərinə görə qarşılıqlı təşəkkür etdik və Leyla bacımızın əmisinin ocağından ayrıldıq.
Həmin günün axşam saatlarında Leyla xanımın atası Kərbəlayi Ədalətlə İraqda ikən telefon əlaqəsi saxlaya bildik. "Başınız sağ olsun, Kərbəlayi! Hal-hazırda durumunuz necədir?" sualımızı isə fəxarətli şəhidənin atası bildirdi: "Sağ olun, minnətdaram, Allah bacımızın məqamını daha da yüksəltsin. Hazırda müqəddəs Kazimeyn şəhərindəyik. Sabah Allahın köməkliyi ilə bacımızı Nəcəfin "Şəhidlər xiyabanı"nda dəfn edəcəyik. 2 gündən sonra, Allahın lütfü ilə vətənə geriyə qayıdırıq, inşəallah!".