"Gəncədə ilk növbədə alüminium zavodu, sonra isə böyük metallurgiya kompleksi yaradılmalıdır."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Gəncədə "Ramada Plaza" mehmanxanasının açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı yeni mehmanxananın açılışı münasibətilə onları təbrik edib: "Çox gözəl mehmanxanadır, bütün dünya standartlarına cavab verir. Gəncədə beşulduzlu müasir mehmanxananın yaradılmasına böyük ehtiyac var idi. Mən xatırlayıram, keçən dəfə Gəncədə olanda gəlib burada tikinti ilə tanış oldum. Mənə söz verdilər ki, tikinti qısa müddət ərzində başa çatacaq".
Prezident İlham Əliyev deyib ki, Gəncədə inkişaf sürətlə gedir, bütün işlər yüksək səviyyədə aparılır. Onun sözlərinə görə, həm xidmət sahəsində, həm sənaye potensialının inkişafında praktiki işlər aparılır, şəhər gözəlləşir, abadlaşır: "Əminəm ki, 2010-cu ildə qarşıda duran bütün vəzifələr icra olunacaq və Gəncənin sürətli inkişafı gələcəkdə də təmin ediləcək. Əlbəttə ki, biz şəhərin sənaye potensialının inkişafına böyük diqqət göstəririk və göstərəcəyik. Şəhərdə yeni böyük sənaye müəssisələri yaradılmalıdır, ilk növbədə alüminium zavodu, ondan sonra böyük metallurgiya kompleksi. Bir müddət bundan əvvəl bu iki böyük sənaye müəssisəsinin təməl daşı qoyulub. Ancaq müəyyən maliyyə çətinliklərinə görə onların tikintisi bir az yubanıb. Hesab edirəm ki, 2010-cu ildə işlər daha sürətlə getməlidir".
Dövlət başçısı bildirib ki, şəhərin infrastrukturunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. O, Gəncə ictimaiyyətinə məlumat verib ki, bu il Bakı-Gəncə magistral avtomobil yolu istifadəyə veriləcək. Prezident İlham Əliyev bunu "çox böyük hadisə" adlandırıb.