PKK terror təşkilatının başçısı Abdulla Öcalanın həbsinin ildönümü ərəfəsində Türkiyə polisi eyni vaxtda müxtəlif şəhərlərdə geniş miqyaslı əməliyyatlar keçirib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, əməliyyatların əsas məqsədi terror təşkilatının şəhər şəbəkəsini çökdürmək olub.
Əməliyyatlar zamanı 85 nəfər saxlanılıb. Polis Barış və Demokrat Partiyasının (BDP) Sirit rayon şöbəsində də yoxlama aparıb. BDP-nin rayon şöbəsinin sədri Ferman Sercan başda olmaqla, 14 partiya üzvünü saxlayıb, çoxlu sayda sənədlər götürülüb.
Van, Batman və Mardində 44 nəfər polis şöbələrinə gətirilib. Adanadakı axtarış əməliyyatları zamanı isə PKK tərəfdarı 18 kürd tələbə saxlanılıb. Saxlanılarlar arasında bu şəhərdə müxtəlif vaxtlarda 4 bomba partlayışında iştirak etmiş şəxslər də var.
Hakkarinin Şemdinli və Yüksekova rayonlarında isə icazəsiz keçirilən aksiyalara qatılan 9 nəfər saxlanılıb.