"Neftçi"nin futbolçusu Valter Quqlemon "İnter"lə Unibank Premyer Liqasının XX turunun oyunu öncəsi iddialı açıqlama verib. Lent.az-ın məlumatına görə, uruqvaylı hücumçu fevralın 21-də baş tutacaq qarşılaşmada keçmiş klubunu məyus edəcəyini bildirib.
Quqlemon baş məşqçi Vaqif Sadıqovun şans verəcəyi halda bu istəyini reallaşdıracağını söyləyib: "Çempionatın hazırkı lideri ilə qarşılaşma çox ağır olacaq. Meydana çıxsam, qol vuracağam".
Qeyd edək ki, Valter Quqlemon ötən mövsüm "İnter"in heyətində Premyer Liqanın bombardiri olduqdan sonra "Neftçi"yə keçib. O, cari mövsümün ilk dövrəsində "flaqman"ın "İnter"i 2:1 hesabı ilə yendiyi qarşılaşmada çıxış edib. Həmin görüşdə "Neftçi"nin ilk qolunun müəllifi məhz Quqlemon olub.