Fevralın 27-də Çilidə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 708-ə çatıb. Lent.az-ın "Reuters"ə istinadən məlumatına görə, tələfatın miqyası barədə rəsmi məlumatı Çili prezidenti xanım Mişel Baçelet açıqlayıb.
Bundan əvvəl Çili hökuməti zəlzələ və onun ardınca baş vermiş sunami nəticəsində ölənlərin sayının 350 nəfər olduğunu bildirmişdi.
Qeyd edək ki, zəlzələ fevralın 27-də Bakı vaxtı ilə saat 10:34-də Çili sahillərində Konsepsiyon şəhərindən 90 kilometr aralıda baş verib. Zəlzələnin ardınca isə sunami dəhşəti yaşanıb.
Təbii fəlakətdən sonra yüz minlərlə insan evsiz-eşiksiz qalıb, ölkənin bir çox bölgələrində elektrik enerjisi, yanacaq, su və ərzaq çatışmazlığı yaranıb. Paytaxt Santyaqoda böyük dağıntılar baş verib, şəhərdəki beynəlxalq aeroport bağlanıb. Prezident Baçelet bildirib ki, fəllaktədən zərər çəkənlərin sayı 2 milyona çatır. İlkin hesablamalara görə, ölkəyə 30 milyard dollar məbləğində ziyan dəyib.
Qaynaq.LENT.AZ