Kərbəlada öldürülən Leylanın son məktubunda nələr yazılıb

Son güncelleme: 01.03.2010 21:52
  • Leylanın son məktubunda nələr yazılıb?

    Bakının Maştağa qəsəbəsində dini inanclara bağlı olan gənc qız yaşayırdı. 16 yaşlı qız kiçik yaşlarında hicab taxır, namaz qılır, oruc tutur, bir sözlə, dinimizin buyurduğu vacib əməlləri yerinə yetirirdi. Leylanın ürəyində bir arzu vardı - müqəddəs Kərbəlanı ziyarət etmək. Valideynləri bir neçə dəfə cəhd etsələr də, ziyarət alınmırdı. Problem əsasən ziyarətə getmək üçün vacib olan sənədlərin düzəlməməsi idi. Nəhayət, o gün gəldi. Atası Ədalət kişi bu şad xəbəri qızı Leylaya verdi...

    Bütün bunları fevralın 20-də evinə dönən Ədalət Əhmədov Lent.az-a Maştağadakı evində danışır. Hələliksə qayıdaq 1 ay əvvələ...

    Leyla müqəddəs torpaqlardan ayrılmaq istəmir

    ...Yanvarın 19-da Leylagilin evində hazırlıq işləri gedirdi. Qohum-əqrəba onları yola salmağa gəlmişdi.

    Ədalət kişi, həyat yoldaşı və qızı Leyla və bir qrup Maştağa sakini Bakıdan Kərbəlaya yola düşürlər. Kərbəladakı müqəddəslərimizin məzarını ziyarət edirlər. Bundan sonra Leyla və valideynləri Nəcəf şəhərində İmam Əlinin (ə.s.) məzarını ziyarət edirlər. Atası danışır ki, ziyarət vaxtı Leyla anasına bu yerlərdən getmək istəmədiyini, ömrünün axırına qədər burada qalmaq istədiyini deyirmiş... O, bu sözlərini bir də təkrarlayıb - İmam Əlinin (ə.s.) məzarının yaxınlığındakı 25 kilometrlik "Vaqeyiəssəlam" adlanan qəbiristanlığı ziyarət edərkən...

    Yanvarın 27-də Kərbəladan Kazımiyyəyə qayıdarkən Leylagilin olduğu avtobus karvanı bir qrup terrorçunun silahlı hücumuna məruz qalır. Nəticədə avtobusda olan zəvvarlardan Leyla və digər iki sərnişin həmin terrorçuların gülləsinə tuş gəlir. Digər iki sərnişin yüngül yaralansa da, Leyla başından ağır yaralanır. Dərhal onu yaxınlıqdakı xəstəxanaların birinə yerləşdirirlər.

    30 saat komada

    Təşviş içində olan valideynləri qərib yerdə başlarına gələn bu faciəni Allahın qızlarına yazdığı qismət hesab edir. Xəstəxanada olan zaman bir sıra İraq vətəndaşları - ərəblər onlara kömək əllərini uzatmağa çalışırlar. Bir ərəb 10 min ABŞ dolları pulla Leylanın atası Ədalət kişiyə yardım eləmək istədiyini bildirib. Onlar Ədalət kişiyə deyiblər ki, istəyirsə, Leylanın başqa yerlərə də apara bilərlər. Lakin Ədalət kişi heç nəyə ehtiyacı olmadığını bildirir. Çünki həkimlər ona Leylanın başından ağır yaralandığını və onu tərpətməyin düzgün olmadığını demişdilər.
    30 saat komada qaldıqdan sonra Leyla həyatını itirir. Leylanın son istəyi onun valideynlərinin qulağında səslənir. Axı Leyla təkidlə bu torpaqlarda yaşamasını istəmişdi.

    Çin çıxan arzu

    Valideynləri onun son istəyini yerinə yetirirlər. Leyla İmam Əlinin (ə.s.) məzarının yaxınlığındakı "Vaqeyiəssəlam" qəbiristanlığında dəfn olunur.

    Qızlarının son arzusunu yerinə yetirən valideynlər sənədlərlə bağlı problemin olması səbəbindən vətənə digər zəvvarlarla birgə qayıda bilmirlər.
    Onlar ancaq fevralın 20-də vətənə qayıda bilirlər. Evdə Leylanın əşyalarına nəzər salanda görürlər ki, namaz qıldığı canamazın içərisində bir parça kağız var. Həmin kağızın üzərində Leylanın xətti ilə yazılmış yazı görürlər. Kağızda "İki təsbeh zikrim, bir Yasin nəzirim var, işdi, birdən qayıtmasam, bunu yerinə yetirərsiz" yazılmışdı.

    Öləcəyini qabaqcadan bilirmiş

    Sən demə, Leyla evdə son namazını qılarkən kiçik bacısına bir məktub yazıb qoyub. Məktubu oxuyanlar düşünürlər ki, ziyarətdən qayıtmayacağı Leylaya əyan olubmuş...

    Qızını müqəddəslərimiz yolunda şəhid verdiyini söyləyən Ə. Əhmədov onun dəfn olunduğu yerə tez-tez gedəcəyini bildirib: "Bu, qızımın qisməti idi. O güllə mənə və yaxud başqasına da dəyə bilərdi. Allah-talanın yazdığı qismətdir. Belə məsləhət görüb..."

    Fərid Əkbərov

    LENT.AZ
#01.03.2010 21:52 0 0 0