Rənglər dünyasının möcüzəsi

Son güncelleme: 10.03.2010 08:57
  • noimage

    2005-ci ilin aprel ayı idi. Təsadüfən həvəskar bir xanımın fərdi sərgisinin iştirakçısı oldum. Qonaqlarını özünəxas səmimiyyətlə qarşılayan bu xanımın üzündəki təbəssüm isti bir ab-hava yaratmışdı bu salonda. Müxtəlif mövzularda əks olunmuş rənglər dünyasının çalarları, incə, həssas duyumun harmoniyası həzin bir ovqata bürümüşdü seyrçiləri. Əslində çox müqəddəs bir sənət sahibi idi bu xanım Elə bu məqamda qəhrəmanımla
    TANIŞLIQ
    yerinə düşər.
    Esmiralda Cəfərova Qəbələdə dünyaya göz açsa da, bütün həyatı Bakı ilə bağlı olub. Orta məktəbi bitirdikdən sonra peşə seçmək haqqında düşünmək lazım gəlməyib, çünki nəsildə həkimlik estafeti ona verilmişdi. Uzun illər Tibb Universitetinin professoru, Bakı şəhərinin baş farmakoloqu, əməkdar elm xadimi olan mərhum dayısı Dursun Hüseynov bu peşəni bütün nəslə sevdirə bilmişdi. Bu ənənəyə sadiq qalan Esmiralda xanım ömrünün 32 ilini həkim-ginekoloq kimi minlərlə ailəyə övlad sevinci bəxş edib. Bu gün təqaüddə olsa belə, neçə-neçə ailənin hələ də sevimlisidir.
    İstedad, zamanından asılı olmayaraq, hansı bir məqamdasa özünü mütləq büruzə verir. Esmiralda xanımın da daxilindəki bu qığılcım bir sarsıntıdan qurtuluş yolu olaraq illər sonra onu bir həvəskar
    RƏSSAM
    kimi tanıtdı. Deyirlər, Tanrı sevimli bəndəsini imtahana çəkmək üçün çətinliklərlə üzləşdirir. Bir zaman həyat ona amansız üzünü göstərdi. Ən acınacaqlısı isə bu amansızlığın içində böyük bir yalanın və nahaqın hökmranlıq etməsi idi. Və o çətin anlarda rənglər dünyası Esmiralda xanımı öz möcüzəli aləminə çəkdi.
    - Əvvəllər cızma-qara kimi baxdığım şəkillərin nə vaxtsa məni depressiyadan çıxara biləcəyi və tablolara çevriləcəyi ağlıma belə gəlməzdi. Deyərdim ki, bu rənglər dünyası xilaskarım olaraq gözlərimi açdı, uzaqlaşmaq, unutmaq istədiyim nə vardısa, onları kölgədə qoydu. Ən əsası mənə daha səbirli olmağı öyrətdi. Müdriklərimizin belə bir kəlamı var: «Səbir eləyən nicat tapar». Həqiqətən, mən o nicatı tapdım.
    İlk rəsm işi dənizdə tənha qayıq təsviri olub. Bu tənhalığın sirrini isə yalnız özü bilir.
    - Ən çox İçərişəhər lövhələrini çəkməyi xoşlayıram. Moskvadakı evimizdə bu tablolar daha çoxdu. Səbəbi İçərişəhərə hədsiz vurğunluğumdadı. Bakıya hər gəlişimdə oranı gəzməsəm, rahat ola bilmirəm. Və ən maraqlısı odur ki, dəfələrlə keçdiyim yerdən hər dəfə nəsə yeni bir ştrix tapıram. Bu dəfə İçərişəhərdə xeyli bərpa işlərini görüb sevindim. Dünyanın heç bir yerində bu cür tarixi gözəllik yoxdur. Mən də bu gözəlliyin aşiqiyəm.
    İnsan üçün
    AİLƏ
    müqəddəs ocaqdır. Bu həmişə belə olub və olacaq. Onun üçün ailəsi toxunulmaz qaladır. Həyat yoldaşı - Azərbaycan Milli Elmlər Akademiyasının akademiki olmuş neftçi-geoloq İsgəndər Cəfərov uzun illərdir fəaliyyətini Moskvada davam etdirir və hazırda Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür. Böyük nüfuz və hörmət sahibi olan həmyerlimizin təltiflərə layiq görülən uğur və nailiyyətləri Azərbaycana başucalığıdır. Böyük oğlu tibbi təhsil alsa da, bu sənətin dalınca getməyib. İngiltərədə təhsil almış kiçik oğlu hazırda Sinqapurda işləyir.
    Atalar övladda
    NƏVƏ
    deyib. Dörd nəvəsi Esmiralda xanımın ən qiymətli xəzinəsidir. Gəlişi ilə ailəyə bir dünya sevinc bəxş edən ilk nəvəsi Kəmalə «Baku-Oxsford school» məktəbinin 2-ci sinfində oxuyur. Hələ körpəlikdən nənənin rənglər aləmi balaca Kəmalənin alabəzək dünyasına qarışaraq onu öz sehri ilə ovsunlayıb. Və artıq 5 yaşında ikən rəngli qələmlər ağ kağız üzərində öz izlərini qoymağa başlayıb. 2 il ərzində uşaq təxəyyülünün məhsulu müxtəlif mövzularda öz əksini tapıb. Nağıllar aləmi Kəmalənin ən çox sevdiyi mövzudur. Bir də qız rəsmlərini çəkməyi yaman xoşlayır. Bəlkə bu, onun gələcəkdə modelyer olmaq istəyindəndir. Bu yaxınlarda T.İsmayılov adına «Uşaq dünyası» qalereyasında Kəmalə Cəfərova özünün ilk fərdi sərgisini təqdim edib. Arzu edək ki, bu kiçik sərgi beynəlxalq rəsm salonlarına gedən yolun başlanğıcı olsun. Nəvəsi ilə öyünən Esmiralda xanım deyir:
    - Vətəndən kənarda harda oluruqsa,
    Mən
    Azərbaycandanam
    deməklə fəxr edirik. Azərbaycan mənim dəyanətim, qürurumdur. Bunu Vətəndən uzaqda yaşayanda daha çox hiss edirsən. Gücüm-qüvvəm çatana qədər nəvələrimi də əsl azərbaycanlı ruhunda tərbiyə etməyə çalışacağam. Dəfələrlə bir faktı müşahidə etmişəm. Bizlər dünyanın hansı nöqtəsində yaşasaq da, daxildə olan azərbaycanlılıq mizanı özünü mütləq göstərir. Vallah, təkcə bu torpağın havasını udub, suyunu içib, üstündə gəzmək nəyə desən dəyər! Bizim mülayim, rəhmli olmağımızdan istifadə edənlərsə, heç də sevinməsinlər və unutmasınlar ki, Azərbaycan yatmış aslandı! Oyanarsa, çətin onun qarşısında tab gətirən olsun.
    Esmiralda xanım danışdıqca inanmaq olmurdu ki, bu gün
    60 yaş
    onun ömür qapısını döyüb. Ötən illər başdan-ayağa həyat eşqinə bürünmüş bu qadının çöhrəsindən bircə qırış cığırını da əsirgəyib. Və bir də mətin bir mübarizlik hissi duydum onda.
    Belə də davam edin, Esmiralda xanım! Qoy həmdəminiz olan rənglər dünyası bundan sonra da ömrünüzü yalnız əsrarəngiz çalarları ilə boyasın.

    Tamilla Teymurqızı
#10.03.2010 08:57 0 0 0