"Dünya" küçəsində yerləşən "Həyat mehmanxanasının "Ömür" otaqlarında kirayəçiyik hamımız. Mehmanxanada təxminən 6.9 milyard kirayəçi var. Hər bir otağın özünəməxsus dizaynı, görünüşü var. Elə mənimkinin də. Bu mehmanxanaya gəldiyim günün tarixini bilirəm. Amma gedəcəyim gün dəqiq deyil. Heç kəs gedəcəyi günü bilmir. Hamının bildiyi bir şey var - Bu mehmanxanada daimi qalmaq mümkünsüzdü. Hamının gedəcəyi bir gün var...
Mehmanxananın qaydaları çox sərtdir... Ya əzilməlisən, ya əzməli... Ya yıxılmalısan, ya yıxmalı... Ya ağlamalısan, ya ağlatmalı... Amma yaşayırırq bir təhər. Çətin olsa da yaşayırıq. Başqa nə çarə var ki?..
Sakinlər müxtəlifdir. Müxtəlif xasiyyətli, müxtəlif fikirli, müxtəlif amallı, müxtəlif arzulu...
Kiminin 3-cü maşın almaq arzusu... Kiminin qırqızıl, brilliant, bahalı daş - qaş arzusu... Kiminin təzə ev arzusu... Kiminin Kiminin şan - şöhrət arzusu... Kiminin yüksək məvacibinin daha da yüksəldilməsi arzusu... Kiminin varlı ər arzusu... Kiminin uduzduğu pulu qaytarmaq arzusu...və Kiminin Bu günlük qarnını doydurmaq üçün bircə parça quru çörək arzusu... Kiminin bir gün ana qucağının təkrarolunmaz istisini duymaq arzusu... Kiminin altı yeyilmiş ayaqqabılarını yenisi ilə əvəz etmək arzusu...
Yaşayırıq... Günü günə, arzunu arzuya calaya calaya. Arzu yaxşı şeydir. Arzu ümiddir. Sadəcə elə etmək lazimdır ki, arzu və istəklər insanlıq və mənliyimizi, vicdan və hisslərimizi üstələməsin. İnsan həmişə arzulara çatmağa çalışır. Amma daha yaxşı olmazdımı, arzulara çatmaq uğrunda gedilən yolda başqalarının arzuları tapdanmasın? Yaxşı olmazdımı, ehtiyacı olanlara da bu arzunun bəhrəsindən kiçicik də olsa pay verilsin? Axı bu mehmanxanada qalan bizim qazandıqlarımız deyil, bəxş etdiklərimizdir... Bəxş edilənlər isə maddiyyatla ölçülmür, mənəviyyat tərəzisində çəkilir. Çünki heç kəs özü ilə yığdığı pulları, aldığı maşınları, tikdirdiyi evləri aparmayacaq!.. Çünki KƏFƏNİN CİBİ YOXDUR!!! Sadəcə kiçicik bir gülüş, bircə zərrə sevinc verək və yaddaşlarda qalaq. Axı ölmək torpaq altında olmaq deyil... Ölmək unudulmaqdır...