Əsgərova Zöhrə Qulamhüseyn qızı — nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1980).
Həyatı
Zöhrə Əsgərova 1951-ci il aprelin 2-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada 199 saylı şəhər orta məktəbini bitirmişdir (1968). Bədii yaradıcılığa erkən başlamışdır. M.Ə.Sabir kitabxanası nəzdində ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. İlk qələm təcrübələri - məqalə və mənsur şeirləri "Azərbaycan gəncləri" qəzetinin 1969-cu il tarixli sayında dərc edilmişdir. Zaqafqaziya komsomol məktəbinin 6 aylıq kursunda siyasi təhsil almışdır (1971). M.A.Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir (1969-1973). Azərdövsulayihə İnstitutunda klub müdiri (1973), R.Mustafayev adına İncəsənət muzeyinin əməkdaşı olmuşdur (1974-1978). Respublika ədəbi-gənclər birliyi yığıncaqlarında fəal iştirak etmişdir. "Qadın dünyası" qəzetində qadınların ictimai hərəkatına dair silsilə yazıları dərc olunmuşdur (1994). Azərbaycan Dövlət Nəşriyyatında kiçik redaktor (1978), Azərbaycan Dövlət Nəşriyyat poliqrafiya və kitab ticarəti işləri komitəsində redaktor (1979), "Yazıçı" nəşriyyatında redaktor (1980-1987), "Gənclik" nəşriyyatında yeniyetmələr üçün bədii ədəbiyyat redaksiyasında redaktor işləmişdir (1987). 1999-cu ildə "Ekspress" qəzetində müxbir kimi çalışmışdır. 2003-cü ildən 2006-cı ilə qədər Bakı Bədən Tərbiyəsi və Turizm kollecində müəllim işləmişdir. 2006-cı ildən Gənclər və İdman Nazirliyində baş məsləhətçidir.
Həzrəti Fatimeyi Zəhra(ə)nın mövludu günü münasibətilə "Şəhriyar" qəzetinin xüsusi buraxılışı "Analı dünyam" jurnalını hazırlamışdır (1996). "Bahar çiçəkləri", "Çinar pöhrələri", "Mənim bağım, baharım" almanaxlarında, eləcə də dövri mətbuatda hekayələri çap olunmuşdur. Xan qızı Natəvan mükafatı laureatıdır (1996).