Təbriz - Afiq Ağdami

Son güncelleme: 17.03.2010 22:47
  • Dərk edə bilmirəm fələyin işin,

    Su kəsmiş yolunu sönməz atəşin.

    Ikiyə bölünmüş bir ürək düşün-

    Gözləri yollarda qalmışam, Təbriz,

    Yenə bulud kimi dolmuşam, Təbriz!



    Öldürən həsrətə çox boyun əydim,

    Közərən ümidlə qapını döydüm,

    Bəlkə də bilmədən xətrinə dəydim-

    Bəlkə övladını unutdun, Təbriz?!

    Göynəyən yaramı qanatdın, Təbriz!



    İstədim vüsaldan mən də pay alım,

    Namərd qəsdə durdu, bağlandı yolum.

    Səndə dustaq qaldı fikrim, xəyalım-

    Yenə dincliyimi övladın, Təbriz!

    Bax, sənsiz nə çəkir övladın, Təbriz? !



    Oyan, qəlbindəki qorxuları at,

    Oğlun Cavidanı, Babəki oyat.

    Bəxtindən küsəni sevməyir həyat-

    Düşmən tapdağıdır yurdumuz, Təbriz!

    Artır gündən-günə dərdimiz, Təbriz!



    Səndə Xətayinin ölməz ruhu var,

    Səndə Səttarxanın bitməz ahı var,

    Səndə Şəhriyartək söz allahı var-

    Bu dərdə dözməsin Savalan, Təbriz!

    Nədir bu susqunluq, havalan, Təbriz!



    Adın tarixlərdən silinməz izdir,

    Sevgin ürəyimdə coşğun dənizdir.

    Sənin kədərin də mənə əzizdir-

    Dərdini şərbəttək içərəm, Təbriz!

    Yolunda canımdan keçərəm, Təbriz!

    "Afiq Ağdami"
#17.03.2010 22:47 0 0 0