Bahar yorğunluğunun səbəbləri

Son güncelleme: 20.03.2010 16:29
  • Bahar mövsümündə isti və günəşli havaların yaratdığı müsbət təsirlə yanaşı, halsızlıq və yorğunluq da özünü göstərir.

    Hər mövsümün özünə xas xəstəlikləri var. Məsələn, qışda yuxarı tənəffüs yolu infeksiyaları, yay aylarında isə bağırsaq infeksiyaları daha çox olur. Bahar isə havaların istiləşməyə başlaması və təbiətin oyanışı ilə birgə bir çox insanın özünü daha yaxşı hiss etdiyi bir dövrdür. Bununla yanaşı, mövsüm öncəsi halsızlıq, yorğunluq və istəksizlik hiss edilə bilər. Bu, əslində bir çox səbəbdən yaranan bir vəziyyətdir. İstanbuldakı Amerikan Xəstəxanası terapiya şöbəsinin həkimi Bülənd Yardımçı yorğunluq hissindən başqa yuxu pozuntusu, iştahanın azalması, əzələ ağrıları, oynaq ağrıları kimi problemlərin də ola biləcəyini deyir.


    Lent.az Türkiyə mətbuatına istinadən həkimin məsləhətlərini təqdim edir.


    Halsızlıq səbəblərinin önündə meteoroloji təsirlər gəlir. Mövsüm dəyişikliyi əvvəlcə hormonal sistemə təsir edir. Bədənin yeni ekoloji dəyişikliklərə alışması və hormonal sistemin yenidən tarazlığa girməsi zaman alır. Bu vəziyyət ətrafa uyğunlaşmanı çətinləşdirərək xarici faktorlardan daha tez təsirlənməyə səbəb olur.


    Qış aylarında daha çox hərəkətsiz bir həyat sürüldüyündən və artıq çəki səbəbindən yazla gələn hərəkətli həyata uyğunlaşmaq çətinliklər törədir. Yetərsiz fiziki güc halsızlıq səbəblərindən biridir.


    Çirkli hava, havadakı elektrik yükünün artması və ion dəyişiklikləri də yorğunluq hissinə səbəb olan digər faktorlardır.


    Mövsümün ruhi təsirləri ən az fiziki dəyişikliklər qədər əhəmiyyətlidir. Xüsusilə də çox çalışan, stressi yüksək olan və depressiyaya meyli olan şəxslərdə yorğunluq hissi meydana gələ bilər.


    Əslində, bahar yorğunluğu daha çox böyük şəhərlərdə yaşayanlarda, ətraf mühitin çirkliliyinin sıx olduğu bölgələrdə, nizamsız və stressli həyata sahib olan, pis qidalanan şəxslərdə müşahidə olunur.

    Bu halın uzun müddət davam etdiyini gördükdə həkimə müraciət etmək lazımdır. Çünki tiroid xəstəlikləri, ciddi depressiyalar, xroniki xəstəliklər, pis xasiyyətli xəstəliklərin yaranma ehtimalı ola bilər.


    Bahar yorğunluğuna qarşı ilk olaraq qidalanmaq lazımdır. Meyvə və tərəvəzin miqdarı artırılmalı, yağın miqdarı azaldılmalıdır. Çox kalorili, yağlı, duzlu yeməklərdən, şirniyyatlardan uzaq durmaq lazımdır. Gündəlik maye qəbulu təxminən 2 litr və daha çox olmalıdır. Süd və süd məhsulları da istehlak edilə bilər. Həftə içi fürsət tapdıqca, həftə sonlarında isə davamlı olaraq məşqlər və idman hərəkətləri etsəniz, sizdə bahar yorğunluğunun daha az görüləcəyi şübhəsizdir.


    Ruhi stresslər də bahar yorğunluğunun digər bir səbəbidir. Stressi azaltmaq üçün idman məşqləri, ictimai fəaliyyətlər və xarici mühitdə daha çox zaman keçirmək faydalı olacaq. Günəş şüalarının və işığın ruhumuza müsbət təsiri olduğunu unutmamaq lazımdır.


    Yuxu rejiminin təmin edilməsi də əhəmiyyətli bir mövzudur. Vərdiş etdiyimiz yuxu rejimini dəyişdirməməliyik. Hər kəsin ehtiyacı olan yuxu miqdarı fərqlidir. Bahar aylarına girərkən yuxu nizamı pozula bilər. Vərdiş etdiyimiz saatda yatağa girmək və ehtiyac olan qədər yatmaq lazımdır. Az yatmaqla bərabər, həddindən çox yatmaq da özümüzü daha pis hiss etməmizə səbəb ola bilər.


    Allergiya, ürək-damar və şəkər xəstəliyi kimi xroniki narahatlıqları olanlar isə mövsüm dəyişən zaman həkimə müraciət etməlidirlər. Çünki bu xəstələrdə yarana biləcək hallar bahar yorğunluğu kimi qəbul edilə bilər. Dərman müalicələrinin yenidən başlamaqla bu dövrü daha rahat keçirmək olar.
#20.03.2010 16:29 0 0 0