Həzrət Rəsuli-Əkrəmdən (s) mükəmməl sözlər, nadir və bənzərsiz hikmətli kəlamlar
◘Quran (bəşəriyyətin dərdinə) dərmandır. Dua ibadətin həqiqətidir. Borc zillətdir. Tədbir həyatın yarısıdır.
◘İnsanlarla xoş davranmaq əqlin yarısıdır. Qüssə qocalığın yarısıdır. Yaxşı sual soruşmaq elmin yarısıdır. Ailənin azlığı sərvət deməkdir. Salam vermək danışıqdan qabaqdır.
◘Süd xasiyyəti dəyişər. Bərəkət qocalardadır. Hər bir işin dəyəri (yaxşı və ya pis olması) onun axırından asılıdır. Dinin meyarı pəhrizkarlıqdır (günahdan çəkinməkdir). Allahdan qorxmaq ən üstün hikmətdir.
◘Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir. İmkan olduğu halda borcu qaytarmamaq zülmdür. İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.) Allahın nemətlərini yada salmaq həmin nemətlərin şükrüdür. Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir.
◘Oruc (cəhənnəm odu qarşısında) sipərdir. Mülayim və xoşrəftar olmaq bütün hikmətlərin ən üstünüdür. Hikmət həkimlərin (hikmət sahiblərinin) itkisidir. Xoşrəftar olmaq ən gözəl xasiyyətdir. Cavanlıq dəliliyin bir hissəsidir.
◘Qadınlar şeytanın tələləridir. Şərab bütün günahların başıdır. Zina yoxsulluğa səbəb olar. Gözün zinası baxmaqladır. Qızdırma (hərarət) möminin cəhənnəmdən olan payıdır.
◘Qənaət (qane olmaq) mümkün olmayan bütün işlərin sərmayəsidir. Əmanətdarlıq ruzi gətirər. Xəyanət fəqirlik gətirər. Sübh çağı yatmaq ruzini kəsər. Əmmamə mələklərin tacıdır.
◘Həya başdan ayağa xeyirdir. Həyanın xeyirdən başqa səmərəsi yoxdur. Məscid pəhrizkarların evidir. Elmin afəti (onu zərərə uğradacağı şey) unutqanlıqdır. Sözün (danışmağın) afəti yalandır.
◘Ağılın afəti səfehlikdir. İbadətin afəti süstlükdür. Şücaətin afəti zülm etməkdir. Səxavətin afəti minnət qoymaqdır. Gözəlliyin afəti özünübəyənmə və təkəbbürdür.
◘Həsəb-nəsəbin (əsil-nəcabətin) afəti iftixar etməkdir. Dinin afəti nəfs istəklərinə tabe olmaqdır. Xoşbəxt odur ki, başqalarının başına gələnlərdən ibrət alsın. Günahın kəffarəsi peşman olmaqdır. Cümə namazı kasıbların (yaxud həccə getməyə imkanı olmayanların) həccidir.
◘Həcc hər bir imkansızın cihadıdır. Halal mal qazanmaq cihaddır. Elmi gizlətmək caiz deyil (yolverilməzdir.) Hazır (şahid) müşahidə edənləri qaib (qeyri-şahid) görmür. Xeyir işə vasitə olan və onun baş tutmasına səbəb olan şəxs, xeyri yerinə yetirən kimidir.
◘Hər bir yaxşı iş sədəqədir. İnsanlarla xoş davranmaq sədəqədir. Xoş söz sədəqədir. Abır-həyanın qorunması üçün sərf olunan hər bir şey sədəqə savabına malikdir. Qohuma sədəqə vermək həm sədəqədir, həm də sileyi-rəhm [10](qohum-əqrəbanı yoluxmaq.)
◘Sədəqə pis ölümün qarşısını alar. Gizli sədəqə Allahın qəzəbini söndürər. Sileyi-rəhm ömrü uzadar. Yaxşı işlər pis ölümlərin qarşısını alar. Sədəqə, su odu söndürdüyü kimi əzab atəşini söndürər.
◘Hər kəs sədəqə verməkdə həddini aşsa, sədəqəni qadağan edən şəxs kimidir. Tövbə edən günah etməyənlə bərabərdir. Zülm qiyamətin qaranlığıdır. Gülmək qəlbi öldürər. Susuzluqdan ciyəri yanan hər bir kəsə su verməyin (Allah yanında) mükafatı var.
◘Əməl sahibi olan alimlər camaat arasında Allahın etibar etdiyi şəxslərdir. Behişt səxavətlilərin evidir. Behişt qılıncın kölgəsi altındadır. Behişt anaların ayaqları altındadır.
◘Azan və iqamə arasında edilən dua geri qaytarılmaz. Halal ruzi kəsb etmək də vacibdir, lakin ümdə vaciblərdən (namaz, oruc) sonra. Xərci bütün qadınlardan az olan qadının bərəkəti digər qadınlardan daha artıqdır. Mömin möminin güzgüsüdür. Mömin möminin qardaşıdır.
◘Möminin xərci azdır. Mömin ayıq-sayıq və zirəkdir. Mömin ülfət və səmimiyyət əhlidir. Mömin o kəsdir ki, camaatın malı və canı ondan amanda olsun. Facir (pozğun, günahkar) hiyləgər və alçaqdır. Möminlər bir tikilinin tərkib hissələri olduqları üçün bir-birlərini saxlayırlar. Möminin Möminə nisbəti, başın bədənə nisbəti kimidir. Mömin qiyamət günü öz sədəqəsinin kölgəsi altındadır.[11] Möminlər güzəştə gedən və yumşaq təbiətlidirlər. Qış möminin baharıdır. (Ona görə ki, qışın gecələri uzun olduğu üçün ibadət etməkdən ötrü, gündüzləri də qısa olduğu üçün oruc tutmaqdan ötrü münasibdir.)
◘Dua möminin silahıdır. Namaz möminin nurudur. Dünya möminin zindanı, kafirin behiştidir. Hikmət möminin itkisidir. Möminin niyyəti əməlindən üstündür.
◘Dilənçi Allahın möminin evinə göndərdiyi töhfədir. Ölüm möminin ərməğanıdır. Möminin şərəfi onun gecə namazı ilədir. Möminin izzəti camaata möhtac olmamağı ilədir. Elm möminin dostu, helm (həlimlik, yumşaqlıq) köməkçisi, əql yolgöstərəni, əməl bələdçisi, xoşrəftar olmaq atası, yaxşılıq qardaşı, səbr isə bütün qoşununun əmiridir.
◘Qeyrət imanın yarısıdır. Həya imandan irəli gəlir. Təvazökarcasına olan münasib geyim imandan irəli gəlir. Səbr imanın yarısı, yəqin isə onun hamısıdır. İman iki qismdir; yarısı səbr, yarısı şükr.
İmanın nişanəsi namazdır. Müsəlman odur ki, digər müsəlmanlar onun dilindən və əlindən amanda olsunlar. Müsəlman müsəlmanın qardaşıdır, nə ona zülm edər, nə də ona pis söz deyər. Müsəlmanlar düşmən müqabilində bir əl kimidirlər. Elm öyrənmək hər bir müsəlmana vacibdir.
◘Müsəlmanın qanı, malı və namusu bütün müsəlmanlara haramdır. Müsəlmanın malı da canı kimi möhtərəmdir. Mücahid (cihad edən) o kəsdir ki, Allah yolunda özü ilə döyüşsün. Zirək o kəsdir ki, öz nəfsini ram etsin və ölümdən sonrakı həyatı üçün (əməl vasitəsilə) çalışsın. Bacarıqsız o kəsdir ki, meylini nəfsani istəklərinin ardınca salır, Allahdan isə xam-xəyalla gözəl şeylər arzulayır.
◘İnsan qardaşları vasitəsi ilə artar və qüdrətlənər. İnsan dostunun dini ilə ölçülər. Hər kəs sevdiyi şeyə yaxındır. İnsanın kərəmi dini ilə, alicənablığı ağlı ilə, nəsəbi (əsl-nəcabəti) əxlaqı ilə müəyyən olunar. Müsəlman şəxsin yaxşı əməl sahibi olmasının əlaməti faydasız işləri tərk etməsidir.
◘İnsanlar darağın dişləri kimi bərabərdirlər. (Yəni Allahın hökm və göstərişləri müqabilində birdirlər.) İnsanlar qızıl və gümüş mədənləri kimidirlər. (Yəni fərqli əxlaq və ruhiyyə üzrə yaradılmışlar.) Ehtiyacsızlıq camaatın malına tamah salmamaqladır. Allaha iman gətirdikdən sonra əqlin əsası insanları sevməkdir. Hər kəs özünün mühasibidir.
Hər bir gələcək yaxındır. Naməhrəmə baxan hər bir göz zinakardır. Hər şeyin müəyyən bir əndazəsi var, hətta bacarıqsızlığın da. Hər alim elmin aşiqidir. Hər şeyin əsası var, bu dinin də əsası dərrakə və tədbirdir.
◘Sizdən hər biriniz digəriniz üçün nəzarətçi, əlinizin altında işləyənlərdən ötrü isə məsuliyyətlisiniz. Qiyamət günü hər bir xainin öz xəyanətləri qədər bayrağı var. Qiyamət günü insandan soruşulacaq birinci haqq qan haqqıdır. (Qiyamət günü) hesabı çəkiləcək birinci vəzifə namazdır.
◘(Qiyamət günü) mizan tərəzisinə qoyulacaq birinci şey xoş xasiyyətdir. Bu ümmətdən götürüləcək birinci şey həya və əmanətdir. Din işlərində əldən verəcəyiniz birinci şey əmanət, axırıncı isə namazdır. Dostluq və düşmənçilik irsiyyətə keçər. Sevgi-məhəbbət insanı xar və kor edər.
◘Hədiyyə gözü və qulağı oğurlayar. Xeyir atın nalına bağlıdır. Qırmızı tüklü at mübarək hesab olunur. Səfər əzabın bir hissəsidir. Qadına itaət etmək peşmançılığa səbəb olar.
◘Danışıq bəla gətirər. Oruc səbrin yarısıdır. Hər şeyin zəkatı var, bədənin də zəkatı orucdur. Oruc tutan şəxsin duası geri qaytarılmaz. (Əgər oruc bütün şərtlərə malik olsa) Misvak (diş fırçalamaq üçün xüsusi ağac) fəsahəti (rəvan danışığı) artırar.
◘İmam-camaat (pişnamaz) ona iqtida edənlərin qiraət barəsində ona arxayın olduqları şəxs, müəzzin (azan verən) isə camaatın namazın vaxtı barəsində ona arxayın olduqları şəxsdir. Mənim şəfaətim böyük günah sahibi olan müsəlmanlar üçündür. Allahın əli yardımı cəmiyyətlədir. Sükut hikmətdir, lakin çox az adam ondan istifadə edir. Ruzi insan dalınca ölümdən möhkəm qaçır.
◘İnsanın yoldaşlığı və xoşxasiyyəti bəzi ticarətlərdən daha yaxşıdır. Cəsarətsiz tacir məhrumdur. Cəsarətli tacir fayda əldə edər. Xoş əxlaq bərəkət, pis əxlaq isə bədbəxtlik gətirər. Dünya rüsvayçılığı axirət rüsvayçılığından asandır.
◘Bəla zamanı səbr etmək daha dəyərlidir. Altmış və yetmiş yaş arası ölümün cövlan etdiyi vaxtdır. Fırıldaq və hiyləgərlik atəş içindədir. And içməyin nəticəsi ya yanlışlıqdır ya da peşmançılıq. Yalandan and içmək evləri boş qoyar.
◘Al-ver zamanı yalandan and içmək malın zay olmasına və qazancın bərəkətinin itməsinə səbəb olar. Faydası olamayan elm xərclənməyən xəzinə kimidir. Yemək yeyib şükr edən kəsin mükafatı oruc tutub səbr edənlə bərabərdir. Namaz hər bir pərhizkarın Allaha yaxınlaşma vasitəsidir. Bəndə ilə küfr arasında fasilə namazı tərk etməkdir.
◘Namazın dində olan mövqeyi başın bədəndə olan mövqeyi kimidir. Doğruçuluq aramlıq, yalan isə iztirabdır. Quran elə bir sərvətdir ki, yoxsulluq gətirməz və elə bir hidayətdir ki, azğınlıq gətirməz. Qəza və qədərə olan iman qüssəni aradan aparar. Dünyada zahidlik etmək qəlbin və bədənin asayişidir.
◘Dünyaya rəğbət qəm-qüssəni artırar. Bekarçılıq qəlbin qəsavətinə səbəb olar. Alim və tələbə xeyirdə şərikdirlər. Əl zamindir ki, götürdüyü hər bir şeyi ötürsün. Övlad qadının qanuni ərinə məxsusdur, zinakarın payı isə daşdır. (Övladın zinadan olmadığı dəqiq məlum olsun, əks təqdirdə, ərə məxsus deyil.)
◘Dilənçi ata minmiş olsa də haqqı var. Görəsən hansı dərd paxıllıqdan böyükdür? Bəxşiş verdiyi şeyi geri alan şəxs, qusduğunu yeyən it kimidir. Yaşıllığa baxmaq gözün nurunu artırar. Qiyamət günü dəstəmazın təsirindən mənim ümmətimin əl-üzü nurani olar.
◘Naməhrəmə baxmaq iblisin zəhərli oxlarındandır. Qorxu və cürət iki qərizədir ki, Allah onları istədiyi qəlbə verər. Xəstəliyi, sədəqəni, müsibət və bəlanı gizlətmək gözəllik xəzinələrindəndir. (Lakin xəstəliyi gizlətməyin müalicəyə dəxli yoxdur.) İnsanın xoşbəxtliklərindən biri də budur ki, atasına oxşasın. (Yəni xoş əxlaq cəhətdən, çünki bu oxşarlıq halalzadə olmağın əlamətidir.) Xoşbəxtliklərdən biri də gözəl əxlaqdır.
◘Dünyada yaxşı iş görənlər axirətin də yaxşı iş görənləridir. Adəm övladının danışdıqlarının hamısı öz zərərinədir, əmr be məruf, nəhy əz münkər və Allahın zikrindən başqa. Peyğəmbərlər yol göstərənlərdir, dərindən düşünüb dərk edənlər isə ali insanlardırlar. Onlarla həmnişin olmaq isə xeyir gətirər. Yeməkdən sonra əlləri yumaq isə qüssəni aradan aparar və gözün nurunu artırar. Tacir ruzi intizarındadır, möhtəkir isə (baha satmaqdan ötrü mal alıb yığan) lənət intizarında.
◘Bütün səadət Allaha itaətdə keçən uzun ömürdədir. Vay olsun o kəsə ki, ailəsi üçün xeyir qoyub gedir, Allahın hüzürunda isə şərlə varid olur. (Yəni qoyub getdiklərindən ötrü mal-dövlət qoyar, günahlarını isə qəbrə ararar.) Məzlumun (zülm olunan şəxsin) duası qəbuldur, hətta günahkar da olsa.