Samir Xəlilov ata yurdu olan Şamaxıda torpağa tapşırılıb
Lerik rayonunda Sərhəd Qoşunlarının hərbi qulluqçularını aparan avtomobilin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən daha biri - kiçik çavuş Xəlilov Samir Ağamehdi oğlu aprelin 4-də dəfn olunub. Bu barədə Lent.az-a onun yaxınları məlumat verib.
Bakının Sabunçu rayon Hərbi Komissarlığından xidmətə çağırılan Samir Xəlilov ata yurdu olan Şamaxıda babasının və nənəsinin yanında basdırılıb.
Onun yas mərasimi isə Sabunçu rayonunda keçiriləcək.
Xatırladaq ki, aprelin 3-də saat 15.00 radələrində Lerik rayonunda faciəli hadisə baş verib. Lənkəran-Lerik magistralının 48-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndi ərazisində Azərbaycan Sərhəd Qoşunlarına məxsus 04-63 SQ nömrə nişanlı hərbi maşın aşıb.
Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin əsgərlərini aparan maşında 16 hərbçi olub. Hadisə nəticəsində onlardan 4-ü dünyasını dəyişib, 12 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Hərbi maşında olanlar ordu sıralarından tərxis olunan hərbçilər olub.
Yaralılar Lənkərandakı hərbi hospitala yerləşdirilib.