Amaliya Pənahova

Son güncelleme: 17.04.2010 20:09
  • noimage


    Amaliya Əliş qızı Pənahova 1945- ci ildə Gəncə şəhərində anadan olmuşdur.
    1966- cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti)
    «Dram və kino aktyorluğu» ixtisasını bitirmişdir.
    Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatları laureatı, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Amaliya Əliş qızı Pənahova 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq rəngarəng, bir- birinə bənzəməyən, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi ümumbəşər rollar Azərbaycan Teatr tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan teatr və kino sənətində qazandığı böyük uğurlara görə 1968-ci və 1972-ci illərdə A.Ə.Pənahovaya Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSSR Dövlət mükafatı laureatı adı verilmişdir. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə A.Pənahovaya 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adı verilmişdir. İstedadlı aktrisa A.Pənahova, 1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında onun da adı qeyd olunmuşdur. Böyük istedada, hərtərəfli biliyə malik olan A.Ə.Pənahova həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. O, 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hal-hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin «Mənim günahım», M.Muradın «Təkan», M.Qurbanovun «Sənsiz», O.Altunbayın «Tomris», A.Məmmədovun «Dəli Domrul» və s. xüsusi qeyd etmək olar. A.Ə.Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətidir ki, 1992- ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Elə bu keyfiyyətləri, yəni gənc aktyor və rejissor kadrları tərbiyə etmək sahəsindəki uğurlarını nəzərə alaraq, A.Ə.Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuş və burada öz parlaq istedad və bacarığını nümayiş etdirmişdir. O Universitetin professorudur. Bu səbəbdəndir ki, onun hazırladığı tamaşalarda və tələbələrlə işlədiyi bədii proqramlarda müasirlik duyumu, tarixilik prinsipi, tamaşaçılara təsir və təlqin gücü yüksəkdir. Hal-hazırda onun dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında Amaliya xanımla birgə çalışırlar. O Prezident təqaüdçüsüdür. 2000-2005-ci illər də Milli Məclisin deputatı olmuş, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri idi.

    Azərbaycan milli teatr sənətinin inkişafında xidmətlərinə görə Amaliya Əliş qızı Pənahova Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev cənablarının 1995- ci il 8 iyul tarixli 356 nömrəli fərmanı ilə yüksək mükafatla- «Şöhrət» ordeni ilə təltif edilmişdir.
    Aktyor Yusif Muxtarovun həyat yoldaşıdır.
    Amaliya Pənahova həmçinin sənətşünaslıq elmləri doktoru adını alıb. Ötən il dekabrın 28-də "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini uğurla müdafiə edib. Qeyd edək ki, A.Pənahova on il əvvəl sənətşünaslıq elmlər namizədi adını almışdır.Oynadığı filmlər:
    Cazibə Qüvvəsi (1964)
    İstintaq Davam edir (1966)
    Sən Niyə Susursan? (1966) - Leyla
    Qanun Naminə (1968)
    Bizim Cəbiş Müəllim (1969)
    O Qızı Tapın (1970)
    Ən Vacib Müsahibə (1971)
    Gün Keçdi (1971)
    Həyat Bizi Sınayır (1972) - Münəvvər
    Xatirələr Sahili (1972) - Xalidə
    Var olun, Qızlar... (1972)
    Bizim Küçənin Oğlanları (1973)
    Cırtdanın Yeni Sərgüzəşti (1973)
    Səmt Küləyi (1973) - Xədicə
    Şahzadə-Qara Qızıl (1974)
    Dədə Qorqud (1975)
    Alma Almaya Bənzər (1975)
    Mezozoy Əhvalatı (1976) - Nərminə
    Ürək... Ürək... (1976)
    Qərib Cinlər Diyarında (1977) - Zərrintac
    Arxadan Vurulan Zərbə (1977) - Ziba
    Bir Ailəlik Bağ Evi (1978)
    Fənd (1978)
    Babək (1979) - Zərnisə
    Qəribə Adam (1979)
    Mən Mahnı Qoşuram (1979)
    Gözlə Məni (1980) - Fəxrəndə
    Qızıl Uçurum (1980)
    Ömrün Yolları (1982)
    Salam, Zeynəb! (1982)
    Musiqi Müəllimi (1983)
    Mənim Günahım (1985)
    Bircəciyim (1986)
    Lətifə (1989)
    Sənsiz (1989)
    Mənim Ağ Şəhərim (1994)
    Səhər (1995)
    Min Birinci Söz (1997)
    Sən Həmişə Bizimləsən (1997)
    Tikdim ki, İzim Qala. III Film (1998)
    Bizim Qəribə Taleyimiz (2005)
    Cavad Xan. Filmin Filmi. 5-ci Veriliş (2007)
    Ənvər Həsənov. Yeddi Oğuldan Biri (2007)
    Cavad Xan (2009) - Darya
#17.04.2010 20:09 0 0 0