İçəri Şəhərdə Mənim Doğma Vətənim adlı sərgi keçiriləcək

Son güncelleme: 13.05.2010 16:03


  • Mayın 13-də İçəri Şəhərdə qeyri-adi sərgi təşkil olunacaq.

    2010-cu ilin aprel ayında elan olunan “Mənim Doğma Vətənim” fotomüsabiqəsinin yekunlarına həsr edilmiş foto-sərgi məhz bu tarixi məkanda gerçəkləşəcək.

    Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, sərginin keçirilməsində əsas məqsəd respublikada foto sahəsində istedadlı gənclərin üzə çıxması, bu sahəyə gənclərin marağının artması, gənclərin asudə vaxtlarının səmərəli və mənalı təşkili, eyni zamanda yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılmasıdır.

    Qeyd edək ki, sərgi "Avropa: Ümumi İrs" və "Avropa Mədəni İrs Günləri" kampaniyası çərçivəsində, 2010-cu ilin aprel-may aylarında respublikanın əksər regionlarını əhatə etmiş gənc fotoqraflar arasında “Mənim Doğma Vətənim” müsabiqəsi başlığı altında keçirilib. Müsabiqəyə 1000 yaxın şəkil təqdim edilib ki, İçəri Şəhərdə keçirilən sərgidə onlardan 400 ədədi seçilib və nümayiş olunur.

    Sərgidən sonra münsiflər heyəti son qərarını verərək, qalib gəlmiş fotoşəkilləri İspaniyanın Barselona şəhərində dərc olunaraq bütün Avropa ölkələrinə yayılan kataloqda nəşr edilməsi üçün oraya göndərəcəklər. Qaliblər həmçinin Gənclər və İdman Nazirliyi və Avropa Şurası tərəfindən diplomlarla təltif olunacaqlar.

    Xatırladaq ki, İçəri Şəhərdə təşkil edilən foto-sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, memarlıq abidələri, eləcə də təbii irsini əks etdirən fotoşəkillər nümayiş olunur.
#13.05.2010 16:03 0 0 0