Əlvida Şahzadə - Bənəzir Bhutto

Son güncelleme: 21.06.2010 01:09
  • noimage




    "İdarəçilər mənə, seçkilərdə iştirak etmək üçün istəyirlər icazə versinlər, istəyirlər yox; nə bahasına olur-olsun öz ölkəmə qayıdacağam. Baş nazir olmaq istədiyim üçün yox, xalqıma verdiyim vədi yerinə yetirmək üçün"

    (Bənəzir Bhutto)



    (Sui-qəsdə qurban getməmişdən qısa müddət əvvəl)

    Millət vəkili Qənirə Paşayeva Lent.az-a "Tarixə adını yazan Qadınlar" silsiləsini yazır


    Bu yazını çox sevdiyim, dəfələrlə ziyarət etdiyim, həmişə Azərbaycanı yüksək səviyyədə dəstəkləyən Pakistan və pakistanlıların sevilmli liderlərindən biri, ölkəsinin və bütün müsəlman dünyasında ilk qadın baş naziri Bənəzir Bhuttonun əziz xatirəsinə ittihaf edirəm!


    O, Pakistanın baş naziri seçiləndə cəmi 35 yaşı var idi.

    O, Pakistan tarixində ilk qadın baş nazir idi.

    O, bütün Müsəlman Dünyasında ilk qadın baş nazir oldu.

    "Times" və "Australian Magazine" nın 1996-cı ildə tərtib etdiyi dünyanın ən nüfuzlu və güclü 100 qadını siyasında onun da adı yer tuturdu.

    1996-cı ildə Ginnesin yeni rekordlar kitabında onun adı dünyanın ən məhşur siyasətçiləri arasında vurğulanırdı.

    1953-cü ilin məhz belə bir gözəl iyun günündə (iyunun 21-də) doğulan bu qız son 20 ildə adı dünyanın gündəmindən heç düşməyən bir lider kimi həyatla vidalaşdı. Məğlub deyil, Qalib lider kimi kimi! Onu öldürsələr də şöhrətini və nüfuzunu öldürə bilmədilər. Bu qadın ağlı, xarizması, cəsarəti, inadkarlığı, prinsipallığı və keşməkəşli həyat heykayəsi ilə 20-ci əsrdə təkcə şərqdə deyil bütün dünyada tanınan Bənəzir Bhuttodur.



    18 oktyabr 2007-ci ildə öz ölkəsinə qayıdan Bənəzir Bhutto, 8 ildən sonra qayıtdığı Pakistanda böyük qələbəliklə qarşılanan zaman "Forbes" jurnalı yazırdı: "Hindistan subkontinentində başqa bir qadın tezliklə iqtidara geri qayıda bilər: Bu Pakistanın keçmiş baş naziri Bənəzir Bhuttodur".

    Bu əfsanə qadını yaxından tanımaq və söhbət etmək mənə də qismət olmuşdu və o öldürülən zaman çox üzülmüşdüm. Onun vətəni haqqında, ölkəsi üçün planlarından, görəcəyi işlərdən danışan zaman sevgi ilə parıldayan gözlərini, həyatının keşməkeşlərindən danışan zaman gözlərindəki kədəri xatırlamışdım.

    Bəli, müsəlman dünyası onun simasında ilk qadın baş nazirini qazanmışdı və bu müsəlman qadınları üçün önəmli bir stimul idi və ümumiyyətlə müsəlman dünyasında yeni bir düşüncə dəyişikliyi mərhələsinin başlanğıcı kimi qiymətləndirilirdi. Onun faciəvi şəkildə qətlə yetirilməsi ilə müsəlman dünyası özünün ilk qadın baş nazirini itirdi. Amma əfsanəvi Şahzadə bu gün də adı ilə ölkəsinin siyasi həyatında önəmli rol oynayan bir lider kimi yaddaşlardan itmədi

    Kim idi Bəzəzzir Bhutto?

    Pakistanın varlı və əsilzadə bir ailəsindən gələn Zülfüqar Əli Bhutto ilə iranlı bir biznesmenin qızı olan Begüm Nüsrətin ilk övladı olan bu qıza "tayı-bərabəri olmayan" anlamına gələn "Bənəzir" adı verildi. Bu adı ona tale özü seçmişdi. Bir neçə il keçəcəkdi ki, bütün dünya ondan - Pakistanın (bir Şərq ölkəsinin, bir müsəlman ölkəsinin) ilk qadın baş naziri ola bilmiş Bənəzir Buhuttodan danışacaqdı!..

    Torpaq ağası və əsilzadə bir ailəyə mənsub olduğu üçün atasının ənənəsinə sadiq qalaraq önəcə Amerikada, sonra isə İngiltərədə təhsil aldı. Ailəsindən miras götürdüyü siyasət sayəsində iki dəfə öz ölkəsinin baş naziri oldu. Ancaq hər iki dəfə bu vəzifədə qısa müddət qala bildi. Bir dəfə hərbi çevriliş nəticəsində, bir dəfə isə qanunsuzluq iddiaları ilə vəzifədən uzaqlaşdırıldı. İslam dövlətlərində ilk qadın baş nazir ünvanını alan cəsur siyasətçinin aqibəti də atasının aqibəti kimi qanlı oldu. Atası hərbi çevriliş, qardaşı isə sui-qəsd nəticəsində aradan götürüldü. Bütün bunlara baxmayaraq, ruhdan düşmədi. Öz ölkəsində hakimiyyəti bir dəfə də ələ almaq istəyirdi, fəqət bomba və güllələr onun da həyatına son qoydu. ...Rifah, əziyyət, sui-qəsd, siyasi mübarizə, uğur, çevriliş kimi kəlmələrlə ilmə-ilmə hörülmüş bir ömrün sahibiydi Bənəzir Bhutto...


    Bənəzir Bhuttonun babası Şah Nəvaz Bhutto topraq ağası idi. O, oğlu Zülfüqar Əlinin yaxşı təhsil almasını və siyasət səhnəsində nüfuz qazanmasını istəyirdi. Buna görə də Əlini əvvəlcə ingilislərin Hindistanda açdıqları "Katedral və Con Konnon" məktəbinə (Cathedral & John Connon School) verdi. Daha sonra isə Əli, ABŞ-ın nüfuzlu universitetlərindən biri olan Berkli Universitetində oxumağa başladı. Tam o sırada, Pakistanda müstəqillik hərəkatı başlamış və Məhəmməd Əli Cinnah müstəqil Pakistanın təməlini qoymuşdu. O dövrdə Əli, atasının onun üçün müəyyənləşdirdiyi roldan da ilham alaraq siyasətə daxil olmaq qərarına gəldi.

    Öz ölkəsinin aqibətini fikirləşən və müstəqillik hərəkatının təsiri altında qalan Zülfüqar Əli Bhutto, Berkli Universitetində oxuyarkən sosializmlə maraqlanmağa başlamışdı. Bir yandan oxuyur, öyrənir, araşdırır, digər yandan isə öz fikirlərini yaymaq üçün konfranslar təşkil edirdi. O, daha sonra quracağı Pakistan Xalq Partiyasının toxumlarını da Berkli Universitetində oxuyarkən atmışdı. Berkli Universitetində siyasət elmi sahəsində təhsil alan Bhutto, daha sonra İngiltərəyə gedərək Oksfordda beynəlxalq hüquq təhsili aldı. Universiteti böyük uğurla başa vuran və Londonda vəkillik etməyə başlayan Bhuttonun həyatında o dövrdə önəmli bir dəyişiklik oldu: o, demək olar ki, uşaq yaşında evləndiyi (daha doğrusu, evləndirildiyi) birinci həyat yoldaşından sonra başqa bir qadına aşiq olmuş və onunla evlənmək qərarına gəlmişdi.

    Begüm Nüsrət, Kəraçidə yaşayan varlı bir iranlı biznesmenin qızı idi. Onların izdivacından öncə ilk övladları Bənəzir, sonra birinci oğulları Mürtəza, ikinci qızları Sənəm və ikinci oğulları Şah Nəvaz doğuldu. Bir müddət sonra Zülfüqar Əlinin atası vəfat etdi və Londonda vəkillik edən Zülfüqar Əli vətəninə qayıdaraq ailə mirasının başına keçdi. O tarixdən etibarən Pakistan siyasətindən Bhutto soyadı əskik olmadı...


    Bhutto 1957-ci ildə Pakistandan BMT heyətinə təyin edildi. Bu, onun siyasətdə ilk addımı idi. Bir il sonra Pakistanda hakimiyyəti ələ keçirən Əyyub Xan, Bhuttonu energetika naziri təyin etdi. Bhutto 30 yaşında olanda Pakistanın ən cavan naziri kimi tarixə düşmüşdü. O dövrdə Hindistan və keçmiş SSRİ ilə müxtəlif müqavilələr imzalayan cavan nazir, 5 il sonra xarici işlər naziri postuna keçdi.

    Onun alın yazısı "yoxuşlarda susamaq..."

    ...Fəqət bu yüksəliş uzunmüddətli olmadı. 1965-ci ildə Pakistanla Hindistan arasındakı Kəşmir problemi üzündən Bhutto ilə Əyyub Xan arasındakı yaxşı münasibətlər korlandı. Bu, Bhutto üçün bir başlanğıc, bəlkə də "sonun başlanğıcı" idi. Eyyub Xan, müxalifət hərəkatını başladan və kəndbəkənd gəzərək konfranslar təşkil edən Bhuttonun həbs edilməsi haqqında əmr verdi.

    1968-ci ilin noyabr ayında hərbçilər Bhuttonu evində həbs edərək apardılar. Bhutto üç ay həbsdə qaldı. Bu müddətdə küçələrə tökülən əhalinin sayı artmış və narazılıq daha da böyümüşdü. Əyyub Xan, Bhuttonu azad etmək məcburiyyətində qaldı. Bhutto yenidən öz partiyasının başına keçib müxalifət hərəkatını təşkilatlandırdı və xalqın təzyiqinə artıq dözə bilməyən Əyyub Xanın hökuməti istefaya getməli oldu.

    Bənəzir Bhutto isə həmin vaxtlar yüksək təhsil almaqla məşğul idi. Atası onun yaxşı təhsil almasında çox maraqlı idi. 15 yaşında Karaçi şəhərindəki orta məktəbdən məzun olan Bənəzir Buhutto İngiltərənin Oksford Universitetitndə təhsil alırdı.

    Xanım Bhutto 1973-cü ildə Universitetdə lisenziya təhsilini alıb. 1977-ci ildə isə Oksford Universitetində fəlsəfə, politologiya, iqtisadiyyat, beynəlxalq hüquq və əlaqələr üzrə baş lisenziya təhsilini alıb.

    Bənəziri çətin və həmişə göz qabağında olan bir ömür gözləyirdi: eniş-yoxuşlarla bəzənmiş, ölümlər, həbslər və sürgünlərlə formalaşmış bir ömür!..


    "Hökm"ün adı: edam..!

    Pakistanda 7 dekabr 1970-ci ildə keçirilən seçkidə qalib gələn Bhutto, Şərqi Pakistanın müstəqilliyi tələbi ilə çıxış edən Avami Partiyasının (Avami liq) lideri Mucibur Rəhmanla razılığa gələ bilmədiyi üçün koalisiya hökuməti qura bilmədi. İki lider arasında razılıq əldə oluna bilmədiyi üçün, 1 mart 1971-ci ildə vəziyyət xeyli gərginləşdi. Camaat küçələrə töküldü və Şərqi Pakistan çalxalanmağa başladı. Ordu hərbi müdaxiləyə əl atdı və beləliklə, çox sayda adamın Hindistana köçmək, daha doğrusu Hindistandan sığınacaq istəmək tələblərinin qarşısını almaq mümkün olmadı.

    O əsnada Pakistanla Hindistan arasında müharibə başladı. Dekabrda Hindistan Şərqi Pakistanın böyük bir hissəsini işğal etdi. 22 dekabr 1971-ci ildə Hindistan ordusu geri çəkildi və onun yerini Şərqi Pakistanda müstəqil bir dövlət olan Banqladeş İslam Xalq Respublikası tutdu. O zaman Pakistanın dövlət başçısı olan Bhutto, 1973-cü ildən sonra öz fəaliyyətinə baş nazir kimi davam etdi. Ancaq dörd ildən sonra hakimiyyəti ələ keçirən general Ziya-ül-Həqq, Bhuttonu tutduraraq həbsxanaya göndərdi. Bhutto, ona qarşı müxalif olanları müxtəlif yollarla aradan götürməkdə ittiham edilirdi.

    Bənəzir Bhuttonun siyasi macərası, əslində atasının neçə il öncə başlayan fəaliyyətinin bir nəticəsi idi. Bənəzirin ömür yolunda müəyyənedici şəxs olan atası Zülfüqar Əli Bhutto müsəlman, eyni zamanda da marksist görüşlü bir lider idi.

    Zülfüqar Əli Bhutto gənc və idealist bir lider olmasına baxmayaraq, öz ölkəsinin taleyini çox da dəyişdirməyə müvəffəq olmamışdı. Hərbi üsul-idarə, yoxsulluq və daxili hərc-mərclik illərlə davam etdi. Bhutto demokratik bir idarə, sosialist bir iqtisadi siyasət və xalq hakimiyyəti istəyirdi. Siyasi həyata bu vədlərlə başlamış və sürətlə yüksəlmişdi. Çox varlı bir ailəyə mənsub olan Bhutto həm müsəlman, həm də marksist olduğunu deyirdi. Ondan müsahibə götürən jurnalistə fikirlərini belə izah etmişdi: "Mən iqtisadi siyasət sahəsində marksizm tərəfdarıyam. Ancaq bu, sadəcə iqtisadiyyat sahəsinə məxsusdur. Marksizmin, tarixi dialektika ilə şərh etməsini, məişət qaydalarını və Allahın varlığı barəsində mübahisə aparmasını qəbul etmirəm. Mən sadiq bir müsəlmanam və Allaha inanıram. Bu səhv də olsa, düz də olsa, inanıram. Etiqad elə bir şeydi ki, o ya var ya da yoxdu. Varsa, bu barədə mübahisə eləmək mənasızdı. Mən öz etiqadımı daxilimdə saxlayıram. Marksizmin dini və fəlsəfi mövzulardakı mövqeyi uğrunda öz etiqadımdan əl çəkmək niyyətində deyiləm. Buna baxmayaraq, Pakistan kimi geri qalmış bir ölkə üçün sosializmdən başqa bir çıxış yolu görmürəm."

    Bu sözlərlə Bhutto, nə üçün marksist olduğunu izah edirdi. Ancaq bu izahat, müxalifətdəkiləri qane etmirdi. Bhutto, sözlərində səmimi olduğunu sübut eləmək üçün, keçirdiyi torpaq islahatı nəticəsində ailəsinin 4,5 min hektar torpaq itirdiyini nəzərə çatdırırdı. Bhutto ancaq marksist olduğu üçün tənqid edilmir, eyni zamanda dikatatorluqda da ittiham edilirdi.

    Məhkəmə prosesi bir il çəkdi və nəhayət hökm oxundu: EDAM!

    Edam hökmü 4 aprel 1979-cu ildə Ravalpindi şəhərində icra edildi və Zülfüqar Əli Bhutto gözlərini həyata əbədi yumdu.

    Son və Başlanğıc!

    Zülfüqar Əli Bhuttonun siyasi karyerasının sonu olan tarix, onun qızı Bənazir Bhutto üçün siyasətdə atılan ilk addım idi. Fiziklərin dili ilə desək, bir dalğanın sönmə nöqtəsi, yeni bir dalğanın başlanğıc nöqtəsi oldu!

    Harvard və Oksfordda təhsil almış Bənəzir Pakistana qayıdan zaman, həm onun siyasi karyerası, həm də bütöv ailəsi üçün kədərli hadisələr silsiləsi başlayırdı.

    Hərbi çevrilişdən sonra həbs edilən atasının edamı ailəni yasa qərq etmişdi. Bənəzir əvvəlcə anasıyla birgə Sihalada yeddi ay "ev həbsi"ndə qaldı. Daha sonra ona, Kəraçiyə getmək üçün icazə verildi. Bənəzir anasıyla birgə Kəraçidə 5 il sürgün və ev dustağı həyatı yaşadı. Eyni dövrdə onun qardaşları Mürtəza və Şah Nəvaz isə Kabilə və Dəməşqə göndərilmişdilər.

    Kəraçidəki sürgün həyatı başa çatandan sonra Bənəzir Londona getdi və atasının qurduğu Pakistan Xalq Partiyasının lideri oldu.

    Faciələr burada da onun yaxasından əl çəkmədi. Atasının vəfatından yeddi il sonra o, qardaşı Şah Nəvazı Fransanın Kann şəhərində itirdi. Şah Nəvazın əfqanıstanlı həyat yoldaşı tərəfindən zəhərləndiyini, yoxsa sui-qəsd qurbanı olduğunu aşkara çıxarmaq mümkün olmadı. Məlum olmayan səbəblə 27 yaşında həyatla vidalaşan Şah Nəvaz, Bhutto ailəsinin ikinci itkisi idi. Bu kədəri də sinəsinə çəkən Bənəzir, qardaşının vəfatından bir il sonra Pakistana qayıtdı.

    Əvvəlcə atasını itirməsi, sonra isə Kəraçi və Londonda yaşadığı sürgün həyatı Bənəzirin həyata baxışına dərindən təsir göstərmişdi. O hələ çox cavan idi və tez-tez izdivac təklifləri ilə qarşılaşırdı. Bir müddətdən sonra bu təkliflər təzyiqə çevrilməyə başladı. Elə bu dövrdə onun qarşısına Pakistanda geniş torpaq sahələri olan və ticarətlə məşğul olan Asif Zərdari çıxdı. London İqtisadi-Siyasi Elmlər Mərkəzində təhsil alan Zərdari, inşaat və əmlak sektorunda fəaliyyət göstərirdi.

    Bənəzir Bhuttonun siyasi idealı var idi və həyatını bu idealı həqiqətə çevirməyə həsr etmişdi. İzdivac məsələsi isə onun zehnini qarışdırırdı. Digər tərəfdən o, Şərq mühitində "ərə getməmiş bir qadın" kimi necə lider ola biləcəyini də fikirləşirdi. Jurnalistlərin "Nə üçün ərə getmirsiniz?" sualı da onu bezdirmişdi.


    17 dekabr 1987-ci ildə Kəraçidə on minlərlə adamın iştirak elədiyi toy məclisi Bhutto ailəsinə müxalif olan və Bənəzirin atasını edam etdirən Ziya-ül-həqqə qarşı bir etiraz aksiyası xarakteri də daşıyırdı.

    Toy məclisi Zülfüqar Əli Bhuttonun ilk dəfə kütlə qarşısına çıxdığı idman sarayında keçirilmişdi. Baş nazir postunu tutmamışdan bir il əvvəl gərçəkləşən bu izdivac nəticəsində Bənəzirin üç uşağı dünyaya gələcəkdi: oğlu Bilavəl, böyük qızı Bəxtəvər və kiçik qızı Asifə.

    Bənəzir - Baş nazir!

    17 avqust 1988-ci ildə Pakistan dövlət başçısı general Ziya-ül-Həqqin təyyarəsi havada partladı və bununla da, Pakistan üçün təzə bir səhifə açıldı. Bhutto, öz adını bu səhifəyə yazdırmaq istəyirdi. 19 noyabr 1988-ci ildə keçirilən seçkidə qalib gələn Bənəzir, yeni hökuməti qurmalıydı. Beləliklə o, İslam ölkələrində ilk qadın baş nazir ünvanını da alırdı.

    O, qısa müddət əvvəl - 1947-ci ildə müstəqillik əldə edən ölkəsində 35 yaşında baş nazir postunu tutacaq olan bir qadın idi.

    Güney Asiyada, müsəlman bir ölkədə cavan bir qadının ən yüksək çinli idarəçi olmasının nə qədər çətin olduğunu bilir, öz üzərinə götürdüyü məsuliyyəti başa düşürdü.

    Əsasən kişilərin oyun sahəsi olduğu qəbul edilən siyasət meydanında uzun illər rol oynayan Bənəzir Bhutto, baş nazir seçiləndə 35 yaşında cavan bir qadın, eyni zamanda iki körpə uşağı olan bir ana idi.

    Birinci dəfə baş nazir olduğu dövrdə cəmi bir neçə aylıq olan oğlunu daha uzun müddət görmək istəyən Bənəzir Bhutto, hər səhər işə gedəndə oğlunu da özüylə aparırdı. Yolda oğluyla bir az məşğul olandan sonra, dayələr uşağı təzədən evə qaytarırdılar.



    ***
    1988-ci ildə baş nazir postunu tutanda, İslam ölkələrində ilk qadın baş nazir ünvanını alan Bənazir Bhutto, Azərbaycanda, Türkiyədə, Orta Asiyada (və bir çox digər ölkələrdə) sevilən və yaxından izlənən bir siyasətçi idi. 1993-cü ildə Tansu Çillər Türkiyənin ilk qadın baş naziri olanda, onu Bənəzir Bhuttoya oxşadırdılar. (Bhutto ilə Çillər, serblərin mühasirəsində qalan Sarayevoya birgə səfər etmişdilər.)

    Fəqət Bənəzirin ilk baş nazirlik karyerası qısamüddətli oldu. Digər tərəfdən, əvvəllər siyasət səhnəsində rol oynamayan əri Asif Zərdari də parlamentə girmişdi. Ancaq hökumət qurulduqdan 20 ay sonra hərbçilər tərəfindən dəstəklənən Qulam İshaq Xan, seçkilərin yenidən keçirilməsi tələbi ilə hökuməti devirdi. Bhuttoların qismətinə bir də "devrilmək" düşmüşdü.

    Bhutto vəzifədən uzaqlaşandan sonra, əri Asif Zərdari də şantaj və qanunsuzluqda ittiham edilərək həbsə atıldı. Onu, bank sahibi olan Mürtəza Buxaridən rüşvət istəməkdə və istədiyini ala bilmədiyi üçün Buxarinin evinə bomba attırmaqda günahlandırırdılar. Bu ittihamları sübuta yetirmək mümkün olmadı, ancaq Asif Zərdari üç il həbsxanada qaldı.

    Bənazir Bhutto 1993-cü ildə ikinci dəfə baş nazir postunu tutdu.

    O, üç il hakimiyyətdə qaldı və bu dəfə dövlət başçısı Faruq Leqhari tərəfindən hakimiyyətdən salındı. İttiham yenə eyni idi - korrupsiya. Bhuttonun keçirdiyi islahatlar nəticəsində Pəncab bölgəsində torpaqlarını itirən ağalar və zadəganlar da onun hakimiyyətdən salınmasında rol oynadılar.

    Asif Zərdari Bhuttonun ikinci dəfə bş nazir olduğu dövrdə yenə də hökumətdə mövqe tutmuşdu. Həyat yoldaşı öz postunu itirəndən sonra yenə həbs edilən Zərdari, bu dəfə korrupsiya və Bənəirin qardaşı Mürtəzaya sui-qəsd təşkil etməkdə günahlandırılırdı. İstintaq və məhkəmə prosesi davam edərkən Asif Zərdari həbsə salındı və məhkəmənin nəticəsiz qalmasına baxmayaraq 8 il Ravalpindi həbsxanasında yatdı. Bənəzir Bhutto və onun həyat yoldaşı Asif Zərdari haqqındakı iddialar nəticəsiz qaldı. Asif Zərdari özü haqqında irəli sürülən iddiaları həmişə təkzib edir, Bənazir Bhutto da həyat yoldaşını müdafiə edirdi.

    Ancaq onun dərdi yenə də qurtarmaq bilmirdi. 1996-cı ildə vəzifədən uzaqlaşdırılan Bənəzir Bhutto, 1999-cu ildə general Pərviz Müşərrəf tərəfindən həyata keçirilən hərbi çevrilişdən sonra Pakistanı tərk etmək məcburiyyətində qaldı.

    Qürbət yolçuluğu

    Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə köçən sabiq bş nazir, daha əvvəl Londonda keçirdiyi sürgün həyatının oxşarını orada keçirməyə başladı.

    Pakistanı idarə edən Pərviz Müşərrəf Bhuttonun təzədən hakimiyyətə gəlməsinə mane olmaq məqsədiylə 2002-ci ildə bir bş nazirin iki dəfədən artıq seçilməsini qadağan edən qanun çıxardı və beləliklə, Bənazirin Pakistana qayıdaraq təzədən iqtidara gəlmək xəyalı puç oldu. Ancaq aradan 5 il keçəndən sonra, Pərviz Müşərrəf öz mövqeyini yumuşaltdı. Bənəzir Bhuttonun 2008-ci ildə keçirilməsi planlanan seçkilərdə müxalifət lideri kimi iştirak etməsinə icazə verildi.

    Xanım Buhutto Pakistanı daha da inkişaf etdirmək, daha demokratik bir ölkəyə çevirmək xülyasıyla, iki dəfə uzaqlaşdırıldığı baş nazir kreslosunda təzədən oturmaq üçün hərəkətə keçmişdi. Nə çəkdiyi əziyyətlər, nə çevrilişlər, nə də sürgünlər onu yolundan döndərə bilməmişdi. Ta ki, bir sui-qəsdə qurban getdiyi 2007-ci ilin dekabrına qədər

    "Üçüncü cəhd"ə qarşı "ikinci cəhd"

    18 oktyabr 2007-ci ildə öz ölkəsinə qayıdan Bənəzir Bhutto, 8 ildən sonra qayıtdığı Pakistanda böyük qələbəliklə qarşılandı. "Forbes" jurnalı yazırdı: "Hindistan subkontinentində başqa bir qadın tezliklə iqtidara geri qayıda bilər: Bu Pakistanın keçmiş baş naziri Bənəzir Bhuttodur".

    Onun ayağını Pakistana basması, eyni zamanda bəzi gücləri də hərəkətə keçirmişdi. Elə o gün Bənəzir Bhuttoya qarşı bombalı sui-qəsd təşkil edildi. Kəraçi yaxınlığında həyata keçirilən sui-qəsddə 138 nəfər öldü, 248 nəfər isə yaralandı.

    Bhutto, böyük dağıntıya səbəb olan bu sui-qəsddən sağ-salamat qurtuldu.

    İki dəfə sui-qəsdə məruz qalan və ikinci sui-qəsddə həyatını itirən Bənəzir Bhutto, bir jurnalistin "Sui-qəsdə məruz qalmaqdan qorxmursunuzmu?" sualına belə cavab vermişdi: "Qorxuram." Fikrimcə (və yəqin doğrusu da budur), Bənəzir Buhutto kimliyinə (mənəvi keyfiyyətinə) sahib bir insan bu "qorxuram"la öz şəxsi təhlükəsizliyi barədə deyil, dövləti, ölkəsinin beynəlxalq imici, milləti, günahsız insanlar üçün keçirdiyi hissi ifadə edirdi.

    ...Seçki kampaniyasına davam edən Bhuttonun növbəti dayanacağı Ravalpindi şəhəri idi.

    27 dekabr 2007-ci ildə Bənazir Bhutto yenə qələbəlik qarşısında çıxış etməyə hazırlaşırdı. On minlərlə adam ona qulaq asmaq üçün toplaşmışdı. Onu hərarətlə qarşılayan kütləyə xitab edəndən sonra Bhutto, maşının üstündə xalqı salamlayırdı.

    Elə o əsnada bir adam Bhuttonun maşınına yaxınlaşaraq üç dəfə atəş açdı və öz bədəninə bağladığı bombaları partlatdı. Partlama nəticəsində başı zirehli maşının içinə zərblə dəyən Bhutto, ağır yaralı halda xəstəxanaya aparıldı. Kəllə sümüyündəki qırıqlara əməliyyatla müdaxilə edilsə də, Bənazir ağır vəziyyətdən çıxa bilmədi və Bhutto ailəsinin daha bir fərdi (bu ailənin övladı kimi doğulub böyük bir ölkənin anasına çevrilə bilmiş bir qadın, dünyanın marağına səbəb olmuş bir xanım siyasətçi) də faciəli şəkildə həyata gözlərini yumdu.

    Atasından düz 28 il sonra 54 yaşında sui-qəsd qurbanı olan Bhuttonun ölümündən sonra, sui-qəsdin "əl-Qaidə" tərəfindən həyata keçirildiyi iddia edildi. Ancaq "əl-Qaidə" təşkilatının liderləri Pakistan Daxili İşlər Nazirliyinin bu iddiasını dərhal təkzib etdilər. Cənazəsi dəfn edilməmiş meydana atılan "Onu kim öldürdü?" sualı isə hələ də öz həqiqi cavabını tapmayıb. Ancaq bir məsələ aydındır: Bənəzir Buhuttonu hər kim öldürübsə, o Xeyri təmsil etmir, firavan, daha tərəqqi etmiş, daha nüfuzlu Pakistanı istəmir... ...Və Bənəzirə yalnız Pakistan ağlamırdı. İki dəfə yarımçıq baş nazirlik etmiş bir qadını dünyaya sevdirən nə idi?

    Bu, Bənazirin qadın və siyasətçi adını bir arada ustalıqla (və ləyaqətlə!) birləşdirmək qabiliyyətinin, onun xanım-xatınlığının, cəfakeşliyinin, milli dəyərlərlə intelektuallıq və dünyəviliyi çox təbii şəkli ilə uzlaşdırmaq istedadının ifadəsi idi!..

    Məncə əlavə sözə ehtiyac yoxdur. Dünya siyasəti bir Şahzadəsini də itirdi. Ən əsası odur ki, o dünyadan köçəndə onun üçün ağlayanlar və kədərlənənlər onu sevməyənlərdən dəfələrlə çox idi. Ölümündən sonra belə onun adı və nüfuzu ölkəsində o qədər güclü idi ki, həyat yoldaşı Asif Zərdarinin Pakistan prezidenti seçilməsində böyük rol oynadı. Pakistanın gələcəyi ilə bağlı arzuları reallığa çevrilə biləcəkmi? Bunu zaman göstərəcək Amma bu bir faktdır ki, Pakistan əbədilik öz Şahzadəsini xatırlayacaq. Bunu onu son mənzilə yola salan pakistanlıların gözlərindəki yaş və üzüntüdə görmək çətin deyildi 100 minlərlə insan "Əlvida Şahzadə!", "Sağ ol Şahzadə!" deyirdilər Bu yaşanan bütün acılara dəyərdi!

    noimage
#21.06.2010 01:09 0 0 0