"Mən Güneli öz qızım qədər sevirəm"
İbrahim Tatlısəs
Əzizim Günel!
Elə bəri başdan deyim ki, altmış beş il dünyanın solğun qəlizliyini dərk etməyə cəhd eləyən və bu günə qədər qoruyub salamat saxladığım başımı Sənin sənətinin qarşısında əyib dikəlirəm. Çünki bu, mənə İlahi bir rahatlıq gətirir, təmənnasız bir azadlıq bəxş eləyir ki, bunun qiymətini ancaq duyanlar bilər. Buna görə Sənə eşq olsun!!!
Əzizim Günel!
Mən ildə bir-iki dəfə Azərbaycan televiziya məkanından və mediyasından pəhriz saxlayıram - başqa cür mümkün də deyil, yoxsa adam çatlayar. Beş-altı gün bundan qabaq bizə qonaq gəlmişdi. Dedi aç görək televizorda bir şey varmı. Düyməni basan kimi "Xəzər TV"-də səni gördüm və çox sevindim. Ancaq televiziya bu sevinci mənə çox gördü. Düzünü deyim ki, bədxahlarının "oyundan kənar" vəziyyətdə Sənə vicdansızcasına yaratdıqları süni, ədalətsiz problemləri eşitdikcə göynədim və məyus oldum. Verilişin sonunda oxuduğun o parlaq mahnıdan sonra isə məyusluğum duman kimi çəkilib getdi, Səndən arxayın oldum və Səndən arxayın olan kimi hazır idim - ömründə bir toyuq başı belə kəsməyən mən, Sənə çirkab atan əlləri biləyindən, dilləri isə dibindən kəsməyə hazır idim... Kişi sənətçilər arasında manısizmin (doxsan faiz), qadın çalıb-qaçıranların arasında isə ləçərizmin (doxsan beş faiz) tüğyan elədiyi bir incəsənət mühitində bu cür şərəfsiz qarayaxmalara bir az yuxarıdan, ucadan bax - elə öz sənətinin və istedadının ucalığından baxsan babanın da bəsidi, elə özün də rahat olarsan...
Əzizim Günel!
Öz gözündə tiri görməyib başqalarının gözündə və müxtəlif yerlərində tük axtarışında olanların (həyatımızın bütün sahələrində) heç vaxt axırı olmayıb; ona görə ki, o cür üzdəniraq ikiayaqlıqların əvvəli olmayıb və ümumiyyətlə onlar olmayıb. Sən niyə olmayan şeyi vecinə alırsan axı? Vecinə alma... Görsən ki, yox, haqsızlıq, ədalətsizlik, böhtan Sənə güc gəlir... Bilirsən neylə? Sənin ki, böyük ürəyin, bənzərsiz səsin var, oxu, oxusan rahatlanarsan. Sən oxumağınla, bədxahlarını məhv eləyib rahatlıq taparsan, biz də - sənin pərəstişkarların da Sənə qulaq asmaqla - bundan gözəl və ilahi nə ola bilər ki? Heç nə!!! İstedadlı adamların daşı ağır olur, Günel bala. İstedadlı adamlar neft ölkələrinə oxşayır, başı həmişə bəlalıdır. Axı, biz bunu görə-görə gəlmişik, Sən də gör, necə ki, görürsən...
Əzizim Günel!
Körpəyə südü ana verir, istedadı bəndəyə Allah. Böyük Yaradan Sənə istedad verib və istedadına tapşırıb ki, Güneldən muğayat ol, onu ucalt, qoru. Bu, Allahın tapşırığıdı. Bu tapşırığın qabağında manısizmin təntənəsinə güvənən ikiayaqlı gədə-güdələr və yaxud ləçərizmin qələbəsinə söykənən qadınvarilər neyliyə bilər ki? Heç nə!!! Odur ki, istedadına söykənib sənətinlə məşğul ol. Bunun üçün sənin çox böyük imkanların var. Çünki Sən öz yerindəsən. Sənə bu yeri Allah göstərib. Dünyada öz yerində olmaqdan gözəl heç nə yoxdu, yerdə qalan nə varsa hamısı əfsanədi. Öz yerinə qovuşmaq, Vətənə qovuşmaq qədərdi...
Əzizim Günel!
Əgər günlərin bir günü bədxahlarının dilindən eşitsən ki, Qarabağın işğal olunmasında günahkar Azəri qızı Güneldi, təəccüblənmə, çünki allahsızlardan nə desən gözləmək olar. Onu da unutma ki, allahsızların allahsızlığı Allahın nəzarətindədi və şükür onun böyüklüyünə... Qarabağın qeyri-rəsmi paytaxtı Ağdamdan körpə, məsum bir qızcığaz ailəsi ilə birlikdə, qaçqın kimi, Azərbaycanın rəsmi paytaxtı Bakıya pənah gətirdi. Bundan bir az keçmiş türk dünyasının çox nəhəng sənətçisi Zəki Mürendən sonra ən çox sevdiyim oxuyan İbrahim Tatlısəs baş şəhərimizə təşrif buyurdu. Günel də valideynləri və qardaşı Tunar, böyük bacısı Müşərrəf (siz adlara fikir verin) birlikdə İbrahimin konsertinə gedirlər. Günelin ən böyük arzusu o gecə o olub ki, Tunar da İbrahimin konsertində oxusun. Bacı qardaşını qabağa vermək istəyib - sən bir bacıya bax. Ancaq qabağa vermək məsələlərinə Allah baxır və böyük Yaradan Güneli məsləhət bilir. Günel oxuyur, İbrahim Tatlısəs vəcdə gəlib bəyənir, salon alqışlayır və Günelin yolu coğrafi cəhətdən Türkiyəyə, səmavi məntiqdən isə böyük Sənətə açılır, Günel parlayır, məşhurlaşır, ucalır, Azərbaycanımızı Türkiyədə kövrək-kövrək, layiqincə təmsil eləyir, musiqimizin qardaş Türkiyədəki sənət elçisinə - səfirinə çevrilir...
Əzizim Günel!
İndi gəl ikimiz də bir yerdə sənin bədbəxt bədxahlarından soruşaq ki, bax, bunun nəyi pisdi, hə?! Ay dargözlər, əgər məsum bir qız uşağı yaşından və taleyindən böyük uğurlar qazanıbsa bu sizləri niyə sancılandırır, hə?! Niyə burnunuzu sabunlayıb başqasının şəxsi həyatına soxursunuz, hə?! Burnunuzu sabunlayıb onun-bunun şəxsi həyatına o qədər soxmusunuz ki, burnunuzdan Sovet dövründəki paltar sabununun iyisi gəlir... Hələ orasını demirəm ki, bəlkə də o zaman on iki yaşlı Günel qaçqınlıq şokunu yaşayan bu ailənin ümidi, çörək ağacı idi; Bakıda qaçqınlıq taleyi yaşayan bu ailə körpə qız uşağı olan on iki yaşlı Günelə sığınmışdı. Adamın Allahı olar axı... Ay...
Əzizim Günel!
Bu, Sənin alın yazındı. Bunu Sənin alnına Allah yazıb, altında da öz mübarək imzasını qoyub. Bu, Allahın yazıdığı "Azəri qızı Günel" adlı tale ssenarisidi. Allahın yazdığı ssenarini Sənin bədxah "rejissorların" dəridən-qabıqdan çıxsalar da özləri istədikləri kimi çəkə bilməzlər. Çünki Allahın yazdığı ssenarini heç bir bədxah "rejissor" redaktə eləmək qeyrətində (bu sözə heyfim gəldi) və gücündə deyil... Azəri qızı Günelə ailəsi ilə birlikdə yaşadığı, işlədiyi İstanbul nə qədər əziz, doğma olsa da Bakının yerini, Bakı nə qədər əziz, doğma olsa da Ağdamın yerini verə bilməz. Çünki ilkinlik faktoru var və bu, qaçılmazdı - insan ilk dəfə dünyaya göz açanda gördükləri dünyanın əzəli sayılır və bu, hər şeydən, hər kəsdən doğmadı, unudulmazdı. Boynumuza alaq ki, Ağdamdan qaçqın düşəndə müəyyən mənada Bakıda qəribsədi, Ağdamın xiffətini elədi, Bakıdan İstanbula taleyinin dalınca gedəndə ikiqat qaribsədi- Ağdamın da, Bakının da xiffətini elədi. Və bunlar ağayana bir həqiqətdi. Günel də Azərbaycanda yaşayan doqquz milyonun hər biri kimi bu məmləkətə, ən azı, onun duru yerindən olan Səsinə şərikdi və bu şəriklik mütləqdir! Bəs yaxşı, onda nə baş verir, niyə bu istedadlı balamızı, bu tale adamını gözümçıxdıya salmaq istəyirik?! Hə?! Mən də bu ölkənin bir vətəndaşı olmağa cəhd eləyən adam kimi hamıya "eşq olsun" demək arzusundayam, yaxşı əməllərinə görə. Ancaq Günellə əlaqədar xoşagəlməzliklərlə bağlı bunu edə bilməyəcəm, və "eşq olsun" əvəzinə "eyib olsun!" demək məcburiyyətindəyəm. Əcəba, doğurdanmı Günel nə boyda sənətkardısa İstanbulda oturub Bakıda bəzilərinin yerini dar eləyib? Güneli nüfuzdan salmaq istəyənlərin adlarını da bir-bir çəkə bilərdim. Ancaq mənə elə gəlir ki, onların tək-tək, ayrı-ayrılıqda adları olmur, necə deyərlər, topasının bir adı var: bədxahlar!
Əzizim Günel!
Sən "Xəzər TV"-dəki verilişdə (yeri gəlmişkən onlara minnətdaram) bir-iki dəfə dedin ki, "xalqımızdan dəstək istəyirəm". Bu, gecikmiş bir istəkdi. Çünki sənin yüz minlərlə pərəstişkarın var və o pərəstişkarlarının içində mən də varam və nə vaxtsa gözünə dəyəcəm, axı biz heç tanış da deyilik...
Əzizim Günel!
Sən xalqdan dəstək istəyəndə bir az əsəbi və həddən artıq səmimi olmaqla, gülməli və sadəlövh uşağa oxşayırdın. Bir az da bilirsən kimə oxşayırdın? "Xalq ulduzu" layihəsində "xalqından" dəstək, yəni SMS istəyən, sənətdə ilk addımlarını atanlara... Çox gülməli idin... Bu da mənim xoşuma gəldi, Allahın xoşuna gələsən, necə ki, gəlmisən... Ay səni, Günel...
Əzizim Günel!
Xain xoflu olar deyiblər və xainin xofu həmişə öz başında çatlayıb, min illərdi belədi. Biz əksər hallarda "Vətən xaini" anlamını daha çox qəbul edilən bilmişik;ancaq bununla yanaşı, sənət xaini, qonşu xaini, qohum xaini və s. olanlar da var. Bunu deməkdə məqsədim və sözümün canı odur ki, xoflu bir çalıb-oxuyanlar mühiti formalaşıb və bu antisənət mühitində, bəzi istisnalar olmaqla, it yiyəsini, məşhur sənətkar isə dövlət himnimizin müəlliflərini tanımır. Əgər biz ən azı latış olsaydıq, dövlət himninin müəllifini tanımayan "sənətkarı" çoxdan baykot eləmişdik, özü də medianın, teleməkanın əli ilə... Bəs hardadı Azəri qızı Günelə çirkab atan xoşqeyrət jurnalistlər, qələm yox, qələmə sahibləri? Niyə sinələrini qabağa vermədilər?
Əzizim Günel!
Onu da biləsən ki, bu gün Azərbaycan teleməkanında və mediasında çalışan jurnalistlərin doxsan doqquz faizi içi boş, ağzı bağlı alüminium qaba bənzəyir, çırtma vuranda danqıltısı və donqultusu aləmə yayılır. Süni sensasiya axtarışında olan bu "geoloqlar", qadasın aldığım Azərbaycan xalqının "dedi-qodu" janrına olan böyük "məhəbbətinə" söykənərək papaqlarını və yaylıqlarını günə yandıranlardı. Sənin səsinə, bənzərsiz, çılğın ifa tərzinə, Allahın sevimlisi olmağına söykənərək, cəsarətlə deyə bilərəm ki, Sənin bir yaylığından o cür cızma-qaraçıların hamısına papaq tikdirmək olar, ancaq heyifdi, bu... qaraçılar, cızma-qaraçılar ona layiq deyillər.. Əlqərəz, doğma jurnalistikamızda mərd, qərəzsiz, həqiqətə xidmət eləyən ləyaqətli qələm sahiblərini barmaqla saymaq olar ki, onları elə barmaqla da göstərirlər: bax, o, filankəsdi... Bunları ona görə deyirəm ki, umacaq məsələsinə yenidən baxasan; bunlardan heç nə umma. Ona görə ki, uman yerdən bir küsmək məsələsi də var axı. Onlar isə sənin küsməyinə layiq deyil - adam Adamdan, əzizindən, doğmasından küsər axı...
Əzizim Günel!
Başını aşağı sal, sənətinlə, iş-gücünlə məşğul ol. Yorulanda isə dur ayağa, başını dik tut, qoy hamı açıq alnını, nurlu sifətini görüb ulu Tanrıdan sənə uğurlar diləsin - çünki hər ağızda bir dua var...
Əzizim Günel!
Son olaraq Sənə demək istəyirəm ki, əlli il bədii yaradıcılıqla məşğul olan bir yazıçı kimi mən üç - dörd milyon yığmışam, pul yox, oxucu. Mən onlarınkıyam, onlar da mənimdi. Biz hamımız bir yerdə həm də Səninkiyik, Sən də bizimkisən - vecinə alma dedi-qoduları; oxumaq, oxumaq, yenə də oxumaq. Ancaq bu, Vladimir İliç Leninin dediyi "oxumaq" dan deyil, Azəri qızı Günelin oxumağından söhbət gedir...
Bir də, mənim Sənin kimi səsim olsaydı Dünyanı vecimə almazdım. Sən də Dünyanı vecinə alma. Sən sənətin ana yolunda karvanlaşa - karvanlaşa irəliləyirsən. Karvan yan-yörədən gələn səs-küyə fikir verməz, sən də fikir vermə, öz yolunla get, yolçu yolda gərək...