ABŞ Dövlət Departamenti: Səfər zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq
ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq.
APA-nın xəbərinə görə, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Krouli keçirdiyi mətbuat konfransında çıxış edib.
F.Kroulinin sözlərinə görə, H.Klinton Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səyləri aktivləşdirməyin vacibliyinə inandırmağa çalışacaq. Bundan başqa, ABŞ dövlət katibi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səylərini də davam etdirmək niyyətindədir.
F.Krouli onu da deyib ki, müzakirə olunacaq məsələlər arasında Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi də əsas yer tutacaq.
Qeyd edək ki, H.Klintonun regiona iyulun 1-dən 5-dək səfər etməsi nəzərdə tutulur.
Xatırladaq ki, iyunun 26-da "Böyük 8-lik" ölkələrinin Kanadada keçirilən sammitində Rusiya prezident Dmitri Medvedev, ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Nikola Sarkozi ATƏT-in Misnk Qrupunun həmsədri olan ölkələrin rəhbərləri olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda prezidentlər Azərbaycan və Ermənistanı münaqişənin əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar: «İndi Azərbaycan və Ermənistan prezidentlərinə bir addım atmaq qalır ki, münaqişənin həllinin əsas prinsiplərini hazırlayıb sülh müqaviləsi layihəsinin müzakirəsinə keçsinlər».
Üç prezident ölkələrinin xarici işlər nazirlərinə tapşırıb ki, münaqişənin həlli prosesinə yardım etməkdə davam etsinlər. Bəyanatda deyilir ki, münaqişənin tənzimləməsi bir neçə prinsip əsasında olmalıdır. Bu prinsiplər arasında Dağlıq Qarabağ ətrafında olan ərazilərin geri qaytarılması, Qarabağa bölgənin özünün idarəetməsini və təhlükəsizliyini təmin edəcək keçid statusunun verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması, bundan başqa, Dağlıq Qarabağ əhalisinin iradəsini bildirməsi yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən olunması, bütün məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnun tanınması, sülhməramlı əməliyyatlar da daxil olmaqla təhlükəsizliyə beynəlxalq təminat verilməsi məsələləri var.
LENT.AZ