Amenoreye - Qadın xəstəliyi

Son güncelleme: 11.09.2010 00:22
  • noimage

    Amenoreya ailə həkiminin rastlaşdığı xəstəliklər arasında 94-cü yerdə durur, 16-40 yaşlı qadınlar arasında kifayət qədər aktualdır. Rusiya alimlərinin Moskvadakı universitetlərdə oxuyan tələbə qızlar arasında apardığı araşdırmalar göstərmişdir ki, tələbələrin 11 %-də dismenoreya və ya amenoreya kimi pozğunluqlar var



    Amenoreya - aybaşının olmaması olub, birincili və ikincili olmaqla iki formada olur. 16 yaşına çatmış qızda aybaşı baş vermirsə, buna birincili amenoreya deyilir. Daha öncə normal aybaşı olan qadında 3 və daha çox sikl boyunca menstruasiya olmursa, buna ikincili amenoreya deyilir. Bəzi hallarda amenoreya fizioloji olur, məsələn hamiləlik və laktasiya dövrlərində. Lakin əksər hallarda patoloji olub, qadın cinsiyyət sisteminin hər hansı bir disfunksiyası ilə bağlı olur.

    Amenoreyalar səbəbinə görə təsnif olunur: fizioloji amenoreya; anatomik amenoreya; genetik amenoreya; endokrinoloji amenoreya.

    Fizioloji səbəblər

    Adətən cinsi inkişaf dövrünün başlanmasından bir il sonra təxminən 12,5-13 yaşlarda ilk aybaşı (menarxe) başlayır. Lakin bu müddət qızlarda fərqli olub, 3 ilə qədər uzana bilər. Əgər 14 yaşına çatmış qızda cinsi əlamətlər inkişaf etməyibsə, 16 yaşına çatmış qızda aybaşı yoxdursa, bu, cinsi inkişafdan geri qalmaya dəlalət edən əlamətlərdir. Cinsi inkişafın müddətinə bədən çəkisi də təsir göstərir. Belə ki, qızlar həddi-buluğ yaşına çatanda təxminən 40 kq çəkidə olurlar. Bədən kütləsinin bu kritik səviyyəsinə daha tez çatan kök qızlarda menarxe daha tez, arıq qızlarda isə nisbətən gec başlaya bilər.

    İkincili amenoreyanın ən çox yayılmış səbəbləri arasında hamiləlik və laktasiya durur. Süd ifrazı zəif olan qadınların əksəriyyətində doğuşdan 2 ay sonra menstrual sikl bərpa olunur. Laktasiya fonunda amenoreya 3 aydan 10 aya qədər, bəzən isə daha çox davam edə bilər.

    Menopauza da fizioloji amenoreya hesab olunur. Menarxedən fərqli olaraq, onun başlama vaxtını konkret göstərmək olmaz. Menopauza orta hesabla 50 yaşında başlayır, lakin aybaşı bundan on il əvvəl və ya sonra da kəsilə bilər.

    Anatomik səbəblər

    Anatomik amenoreyaya çox nadir hallarda rast gəlinir. Himenin (qızlıq pərdəsinin) dəliksiz olması, cinsiyyət dodaqlarının bitişməsi, uşaqlıq yolunun köndələn arakəsmələri və tam aplaziyası buna səbəb ola bilər. İnfeksion xəstəliklər, həmçinin abort və doğuşdan sonra uşaqlığın qaşınması zamanı bəzən endometrium bərpa olunmur, uşaqlıqda çapıqlar və bitişmələr yaranır və amenoreya baş verir.

    Genetik və endokrin səbəblər

    Burada bir neçə faktor rol oynaya bilər:

    Amenoreyalı qadınların 25 faizində bədən çəkisinin azalması müşahidə olunur. Mütəxəssislər bunu çox vaxt hipotalamusun disfunksiyası ilə əlaqələndirirlər. Adətən amenoreya bədən kütləsinin azalmasından sonra baş verir. Lakin hipotalamo-hipofizar disfunksiya həddən artıq köklük fonunda da yarana bilər. Kök qadınlarda ovulyasiyanın olmaması oliqo və amenoreya ilə nəticələnir. Qadın arıqlayanda bəzən menstrual sikl bərpa olunur.

    Hipotalamusun başqa patologiyaları da amenoreyaya gətirib çıxara bilər. Məsələn, qonadotropin-rilizinq hormonların, lüteinləşdirici və follikulstimuləedici hormonların çatışmazlığı amenoreyaya səbəb olur.

    Hipofizar səbəblər

    Amenoreyalı qadınların 15-20% faizinin qanında prolaktinin miqdarı yüksək olur. Bu hormon adətən hipofizin şişi ilə bağlı artır. Hipofizin doğuşdan sonra yaranan nekrozu, kraniofaringeoma və "boş türk yəhəri" sindromu kimi xəstəlikləri amenoreyanı yaradan səbəblər sırarasındadır.

    Yumurtalıqların disfunksiyası

    Androgenlərin və estrogenlərin miqdarının artması və azalması fonunda yaranan yumurtalıq disfunksiyası amenoreya yarada bilər. Yumurtalıqların inkişafdan qalması zamanı qanda estrogenlərin miqdarı o qədər az olur ki, cinsi əlamətlər inkişaf etmir, uşaqlığın selikli qişası kifayət qədər stimulyasiya olunmur və aybaşı baş vermir.

    Amenoreya və digər menstrual pozğunluqlar yumurtalığın polikistozu (Şteyn-Levental sindromu) olan xəstələrdə rast gəlinir. Həmin sindrom zamanı çox vaxt anovulyator sikl qeyd olunur.

    Böyrəküstü vəzin xəstəlikləri

    Bu orqanın patologiyası nadir hallarda amenoreyaya səbəb ola bilər. Məsələn, qadınlarda 17-hidroksilaza fermentinin çatışmazlığı qanda estrogenlərin miqdarının azalmasına və aybaşının olmamasına səbəb olur. Böyrəküstü vəzin qabıq maddəsinin hiperplaziyası olan xəstələrdə isə 21-hidroksilazanın çatışmazlığı, androgenlərin miqdarının artması və nəticədə amenoreya və hirsutizm (tüklənmə) baş verir. Kuşinq sindromu olan xəstələrdə də amenoreya qeyd olunur.




    AMENOREYA - qadın xəstəliyi





    Qalxanabənzər vəzin disfunksiyası

    Menstrual siklin poğunluğu hipotireozla bağlı ola bilər. Qalxanabənzər vəzin birincili çatışmazlığı qeyri-müntəzəm, qanaxmalı aybaşılar müşahidə olunur. Hipofizlə bağlı ikincili çatışmazlıqda isə amenoreya baş verir.

    Dərman maddələrinin qəbulu

    Bir sıra preparatların, məsələn, fenotiazin, siklofosfan, trisiklik antidepressantlar, rezerpin və metildofa kimi hipotenziv preparatlar hipotalamusa təsir edərək amenoreyanın yaranmasına gətirib çıxarır. Tərkibində cüzi miqdarda estrogenlər saxlayan peroral kontraseptivlər də uşaqlığın stimulyasiyasını zəiflədir və nəticədə amenoreya yaranır.

    Anamnez

    Amenoreyanın fizioloji və ya patoloji, birincili və ya ikincili olmasını, həmçinin ehtimal səbəblərini araşdırmaq üçün xəstədən ilk növbədə anamnez toplanılmalıdır. Xəstədən soruşulan və prinsipial əhəmiyyət kəs edən suallara nəzər salaq:

    1. Hamiləlik ehtimalı varmı? Hansı kontrasepsiya üsullarından istifadə olunur? Hamiləlik faktı qətiyyən nəzərdən qaçmamalıdır, çünki bu, amenoreyanın əsas səbəblərindən biridir.

    2. Bədən çəkisində baş verən dəyişikliklər. Amenoreyanın ən geniş yayılmış səbəblərindən biri fiziki gərginlik fonunda bədən çəkisinin azalmasıdır. Çəkinin artması da eyni proseslə məticələnə bilər.

    3. Süd vəzisindən ifrazatın olub-olmaması. Bu əlamət qanda prolaktinin artması ilə birlikdə müşahidə olunarsa hipofizin xərçəngindən şübhələnmək olar. Eyni hal bəzi preparatların qəbulu zamanı da baş verir.

    4. Hansı dərman maddələrinin qəbul edilməsi.

    5. Bədənin intensiv tüklənməsinin müşahidə olunması. Bu halda yumurtalıqların və böyrəküstü vəzin xəstəliyindən şübhələnmək lazımdır.

    6. Birincili amenoreyada süd vəzilərinin ilkin inkişaf vaxtını, bədənin intensiv inkişaf dövrünün başlanğıcını müəyyən etmək lazımdır. Əgər ikincili cinsi əlamətlər normal inkişaf edibsə, yumurtalıqların patologiyası istisna olunur.

    Fizikal müayinədə amenoreyanın anatomik səbəbləri aşkarlanır. Həmçinin ikincili cinsi əlamətlərin inkişafı, amenoreyaya səbəb olan genetik və sistem xəstəliklər də müəyyən oluna bilər.

    Laborator müayinədə daha çox qanda hormonların - prolaktinin, T3, T4, TTH, FSH, LH, instrumental müayinədə isə "türk yəhəri" nahiyəsinin tomoqrafiyası və s.istifadə olunur.

    Müalicə

    Amenoreyanın müalicəsi ilk növbədə xəstəliyə səbəb olan səbəbin aradan qaldırılmasına əsaslanır. Daxili sekresiya vəzilərinin çatışmazlığı zamanı hormonal terapiya, anatomik pozğunluqlar zamanı cərrahi əməliyyat tətbiq olunur. Bir sıra hallarda fizioterapevtik prosedurlar da yaxşı təsir göstərir.

    Amenoreyanın müalicəsində ən effektiv üsullardan biri fitoterapiyadır.



    Xalq təbabətindən reseptlər:



    Soğanla müalicə:

    2 kq baş soğan soyulur, qabığının üzərinə 3 litr qaynar su əlavə olunur və vam odda qırmızı-qəhvəyi rəng alana qədər qaynadılır. Soyuduqdan sonra süzülür. Səhər və axşam yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan qəbul edilir.



    8 soğanın qabığı 2 çay qaşığı döyülmüş mixəklə birlikdə 1 litr qaynar suda 10 dəqiqə bişirilir. Süzüldükdən sonra gündə yeməkdən əvvəl 3 dəfə 150 ml-dən qəbul edilir.



    Sürtgəcdən keçirilmiş baş soğandan 8 xörək qaşığı götürülür, 1 ədəd malvanın xırdalanmış kökü ilə qarışdırılır və 2 litr qaynar suda 25 dəqiqə bişirilir. Sonra 10 qr mixək tozu və 5 qr quru naşatır əlavə olunaraq 5 dəqiqə qaynadılaraq, süzülür. Aybaşı başlayana qədər gündə 3 dəfə 50 ml qəbul edilir.



    Ginekoloji pozuntuların müalicəsi üçün sarımsaq tozu ərinmiş kakao yağı ilə qarışdırılır və üzərinə xəmirəbənzər kütlə alınana qədər su və ya bal əlavə olunur. Alınan kütlədən kürəciklər düzəldilir və soyuducuya qoyulur. Hər gecə uşaqlıq yoluna bir kürəcik qoyulur.



    1 xörək qaşığı ardıc meyvələri 1 xörək qaşığı həmin bitkinin xırdalanmış budaqları ilə birlikdə qarışdırılır, 1 litr qaynar suda 5 dəqiqə bişirilir. Gün ərzində hər iki saatdan bir kiçik qurtumlarla içilir. Əgər böyrəklərin kəskin xəstəliyi varsa, bu dəmləmədən istifadə etmək olmaz.



    Yarım çay qaşığı cəfəri toxumunun üzərinə 2 stəkan soyuq su tökülür və 8 saat dəmlənir. Süzüldükdən sonra gün ərzində qəbul edilir.



    .


    Müəllif: Aynur_Qurbanqizi
#11.09.2010 00:22 0 0 0