Fərəcullah Sələhşur: "Yusif peyğəmbərin obrazını canlandıran aktyoru isə il yarımlıq axtarışlardan sonra tapdım"
"Bu filmdən sonra Həzrət Yusif peyğəmbərin Fələstinin Əl-Xəlil şəhərində olan məzarı, ifratçı yəhudilər tərəfindən dağıdılaraq, yerlə-yeksan edilib, ona hörmətsizlik olunub"
İranın tanınmış rejissoru, "Həzrət Yusif" filminin ssenari müəllifi və baş rejissoru Fərəcullah Sələhşurun APA-ya eksklüziv müsahibəsi
- "Həzrət Yusif" filmi Azərbaycanda böyük maraqla qarşılanıb. Filmin belə maraqla qarşılanması Sizə necə təsir bağışlayır?
- Mən "Həzrət Yusif" tele filmde Azərbaycanda yayımına görə çox sevinirəm və ümid edirəm ki, bu serial Azərbaycan tamaşaçıları tərəfindən yüksək səviyyədə qəbul olunacaq. Ana dilim Azərbaycan dili, özüm də azərbaycanlıyam, filmin rejissoru kimi filmin Azərbaycanda belə maraqla qarşılanmasından qürur hissi keçirirəm. Qismət olsa, Bakıya gəlib qonaqpərvər Azərbaycan xalqı ilə görüşmək istəyərdim.
Filmin Azərbaycan versiyasının dublyajı ilə tanışsınızmı? Dublyajın səviyyəsi Sizi qane edirmi?
- Mən filmin Azərbaycan dilində dublyaj edilmiş birinci hissəsinə baxmışam. Bundan əlavə, filmin Azərbaycan dilində olan variantına baxanlar mənə deyiblər ki, yüksək səviyyədə dublyaj edilib. Açığı, film Azərbaycan dilində çox gözəl çıxıb. Bu mənim özümü də çox maraqlandırdı. Elə bilirəm ki, filmi həm tərcümə edənlər, həm də səsləndirənlər peşəkar olublar. Onlar Azərbaycan xalqına, mədəniyyət və film tarixinə yeni bir filmi hədiyyə ediblər. Bu hədiyyə həqiqətən çox qiymətlidir. Qismət olsa, Bakıya gələndə filmin Azərbaycan dilinə tərcümə edənlərlə və səsləndirənlərlə görüşəcəyəm.
- Azərbaycandan başqa film daha hansı ölkələrdə nümayiş olunub?
- "Həzrət Yusif" filmi Latın Amerikası, Avropa ölkələrində, Türkiyədə və ərəb ölkələrində dünyanın müxtəlif dillərinə tərcümə edilərək yayımlanıb. Əldə etdiyim məlumatlara görə, film yayımlandığı bütün ölkələrdə müsbət qarşılanıb.
- Serialda aktyor seçimini hansı prinsiplər əsasında həyata keçirmisiniz? Xüsusən Yusif və Züleyxa obrazını canlandıran aktyorların seçimi barədə məlumat verərdiniz...
- Film "Qurani-Kərim"də "Yusif" surəsi əsasında çəkilib. Yusif və Züleyxa obrazı üçün aktyor seçiminə gəlincə, bunların hamısı Allahın işidir. Yusif peyğəmbərin obrazını canlandıran Mustafa Zamanini il yarımlıq axtarışlardan sonra, bir dostum onun şəklini mənə göstərəndə tapdım. Eləcə də Züleyxa obrazını canlandıran xanım Ketayun Riyahini də çətinliklə tapmışam.
- Filmin çəkilişləri nə qədər davam edib? filmin çəkilişində ən çətin başa gələn hissə hansı olub?
Filminl yeddi ilə çəkilib. Xüsusi olaraq hansı epizodun və ya hansı hissənin çətin və asan başa gəlməsini vurğulaya bilmərəm. Ümumilikdə, çəkilişlər zamanı çətin və asan məqamlar olub. Amma hər halda filmin çəkilməsində Allahın xüsusi lütfünü hiss etmişəm.
- Filmdə diqqət çəkən əsas məqam tarixi dini yanaşmalarda kifayət qədər obyektivliyin olmasıdır. Xüsusən, yəhudilərə münasibətdə bu açıq-aydın görünür. İran İslam Respublikasının rəsmi siyasətində isə İsrail dövləti düşmən hesab olunur. Bu məqam İran dövləti tərəfindən hansısa təzyiqlərə məruz qalmağınıza səbəb olmayıb ki?
- Çalışmışam ki, tarix filmdə olduğu kimi qalsın. Qeyd etdiyim kimi, film "Qurani-Kərim"də olan Yusif surəsi əsasında çəkilib. Burada tarixə nəsə əlavə etmək və ya əskiltmək qəbuledilməzdir. Filmdə yəhudilərin əcdadlarının necə olduqları dəqiqliklə göstərilib. Hətta onların necə müqəddəs olduqlarını da verə bilmişik. Obyektivlik hər halda qorunub saxlanılıb. Mən bu filmə görə heç bir təzyiqə məruz qalmamışam.
Mənim ürəyimi ağrıdan və məni son dərəcə narahat edən məsələ odur ki, bu filmdən sonra Həzrət Yusif peyğəmbərin Fələstinin Əl-Xəlil şəhərində olan məzarı, ifratçı yəhudilər tərəfindən dağıdılaraq yerlə-yeksan edilib və ona hörmətsizlik olunub. Bu, hazırda da məni narahat edən yeganə məsələdir.
- Hazırda hansı film üzərində işləyirsiniz? Bundan sonra daha hansı tarixi filmlər çəkəcəksiniz?
- Hazırda "Həzrət Musa" filmin ssenarisinin üzərində işləyirik. Bununla bağlı araşdırmalar və hazırlıqlar gedir. Gələcəkdə də tarixi filmlər çəkmək istəyirəm və bu mənim iş planıma daxildir. "Həzrəti İbrahim", "Salman Farsi" və digər filmləri də çəkmək istəyirəm.
- Azərbaycan kinematoqrafçıları ilə birgə film və ya teleserial çəkmək haqqında düşünürsünüzmü?
- Azərbaycanlı qardaşlarımla işləməyib, kiminlə işləyəcəyəm?! Bu, iki ölkənin mədəni əlaqələrinin inkişafına böyük təsir göstərər. Biz azərbaycanlı qardaşlarımızın iş potensialından, təcrübələrindən bəhrələnərik. Mən istəyirəm ki, həm Azərbaycan, həm də digər İslam ölkələri ilə əməkdaşlıqlarımız inkişaf etsin.
- Bir azərbaycanlı kimi Azərbaycan xalqına nə sözünüz var?
- Azərbaycan xalqını səmimi qəlbdən salamlayıram və arzu edirəm ki, həmişə başı uca olsun. "Həzrət Yusif" teleserialını izləyənlərdən isə bir xahişim var. Film xoşlarına gəlibsə, mənə dua etsinlər. Arzum budur ki, Allah imkan versin, mən yenə də tarixi filmlər çəkim və Azərbaycan xalqına təqdim edim. Bu filmin tamaşaçılar tərəfindən bu qədər seviləcəyini təsəvvür etmirdim. "Həzrət Yusif" gözlədiyimdən də artıq sevilməkdədir...