Nizami Cəfərov: "Əvvəlki nəsil familiyasını istəsə dəyişə bilər, istəməsə yox, amma yeni doğulanlar üçün bu, məcburidir"
Azərbaycanda soyad formaları ilə bağlı məsələyə Milli Məclisdə yenidən baxılacağı gözlənilir. APA-nın məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası bu məsələ ilə bağlı araşdırma aparıb və hansı soyad formalarının işlənməsini müəyyənləşdirilib: "Artıq AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu nə qədər ad, soyad və ata adı olduğunu öyrənib və bunun böyük statistikasını hazırlayıb. Bundan sonrakı mərhələdə ya biz Ailə Məcəlləsinə dəyişiklik edəcəyik, ya da ölkə prezidentin bununla bağlı ayrıca sərəncamı olacaq".
N. Cəfərov deyib ki, hazırda Azərbaycanda familiyaların 10 faizi "zadə", 10 faizi "lı", "li", "lu", "lü", 80 faizə qədəri "ov", "yev" şəkilçisi ilə bitir: "Hər halda burada söhbət ondan getmir ki, biz "ov" və "yev"lərdən tam imtina etməliyik. Amma bütövlükdə bu qədər "ov", "yev"lə bitən familiya olmaz. Ənənəvi soyadların, məsələn, Şaxtaxtinski, Ağdamski, Lənkəranski, Talışinski kimi familiyaların daşıyıcıları dədə-babalarına hörmət olaraq soyadlarını dəyişmək istəmirlər. Mən belə fikirləşirəm ki, bunlara da imkan verilməlidir. Amma bütün hallarda - istər qanun, istər sərəncam olsun, bu yenilik bütün hallarda yeni doğulan uşaqlara aid olacaq. Yəni əvvəlki nəsil familiyasını istəsə dəyişə bilər, istəməsə yox. Amma yeni doğulanlar üçün bu, məcburidir. Hazırda yeni doğulan uşaq valideynin soyadını daşıyır. Amma yeni qanunda və yaxud da sərəncamda bu məsələdə sərbəstlik veriləcək. Məsələn, ağstafalıyamsa, Ağstafa familiyasını götürə bilər. Bu familiyanı körpəyə valideyn verə bilər".
Nizami Cəfərov deyib ki, hazırda bu məsələyə Ədliyyə Nazirliyində baxılır. Bu məsələ ilə bağlı həm də Daxili İşlər Nazirliyinin təklifləri də nəzərə alınacaq.