Son bir neçə ay ərzində Azərbaycanda xam süd 2 dəfə bahalaşıb.
Bu barədə "APA-ECONOMICS"ə Lənkəranda fəaliyyət göstərən «Nur Süd» şirkətinin baş direktoru Zəki Aşçı bildirib.
Mütəxəssisin sözlərinə görə, südün bahalaşmasının əsas səbəbi Azərbaycanda alınan təbii südün getdikcə böyüyən süd emalı sənayesinin ehtiyaclarını ödəyə bilməməsi ilə bağlıdır. Son bir neçə ildə ölkədə südə tələbatın 70-80% artdığını deyən Z.Aşçı bildirib ki, tələbatın təmin olunması üçün südvermə qabiliyyəti böyük (gündə 15-25 litr) olan cins heyvanlar çoxluq təşkil etməlidir: "Amma indi belə heyvanlar çox azdır, yerli cinslər isə gündə 4-5 litr süd verir, bu kifayət deyil".
Müəssisə xammal əldə etmək üçün ölkənin bütün ərazisində süd almaqla məşğuldur: "Ölkənin hər tərəfindən süd gətiririk, bəzən südü yüzlərlə kilometr uzaq yerlərdən alıb, gətiririk. Ağdam, Ağcabədi və s. rayonlarda 14 süd alışı məntəqəsi yaratmışıq".
Xam süd qıtlığı ilə əlaqədar olaraq gücü gündə 150 ton olan "Nur Süd" müəssisəsi öz gücünün yarısı ilə işləyərək 70-80 ton məhsul buraxa bilir. Nəticədə, zavodda xam südün alış qiyməti yay aylarındakı 20-25 qəpikdən indi 40-45 qəpiyə qalxıb. Buna baxmayaraq, öz məhsullarının qiymətini artırmaq fikrində olmadığını deyən şirkət nümayəndəsinin sözlərinə görə, bu gərginlik fevral ayınadək davam edəcək: "Onda həm heyvanlar daha çox süd verməyə başlayır, həm də tələbat bir qədər azalır".
Baş direktorun sözlərinə görə, indi əhali kiçik alverçilər tərəfindən satılan südə nisbətən keyfiyyətli emal olunmuş süd məhsullarına daha çox maraq göstərir. Yerli süd emalı sənayesinin sürətlə inkişaf etməsi ölkəyə xaricdən gətirilən süd məhsullarının həcminə təsir edib. Son məlumatlara görə, ölkənin südə tələbatının təxminən 80%-i daxili istehsalçılar və təsərrüfatlar hesabına təmin olunur: "İki il əvvəl isə yerli istehsalçılar bazarın yalnız 65%-ni təmin edirdilər".