Futbol üzrə Unibank Premyer Liqasında XI tura fevralın 19-da keçirilmiş 3 oyunla start verilib.
Lent.az-ın məlumatına görə, lider "Neftçi" Zaqatalada "Simurq"u darmadağın edib. Bununla da flaqman ən yaxın izləyicisi "Xəzər Lənkəran"la xal fərqini 4-ə çatdırıb. Lənkəran komandası fevralın 20-də öz meydançasında AZAL-ı yenəcəyi halda, xal fərqini minimuma endirə bilər. Digər qarşılaşmalarda da qonaqlar qalib gəlib. "İnter" öz meydançası "Şəfa"da səfər komandası kimi çıxış edib və MOİK-i böyük hesabla yenib. "Bakı" isə Tovuzda "Turan"a qalib gələrək, ilk "6-lığ"a daxil olub. Lakin "Qəbələ" sabah "Şəfa"da "Muğan"ı yenəcəyi təqdirdə, yenidən paytaxt klubunu 7-ci pilləyə göndərəcək.
Qeyd edək ki, "Bakı" yeni baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında ilk qələbəsini qazanıb. "Turan" isə əksinə, Naci Şensoyun başçılığı ilə ilk məğlubiyyətə düçar olub.