Göz xəstəliyinin dəqiq səbəbi hələ də aşkar edilməyib
Gözlər həyat işığı, nur mənbəyidir. Buna görədə gözlərimizin sağlamlığına biganə qalmamalıyıq. Göz xəstəlikləri müasir dövrdən genişlənməyə başlayıb. Onlardan biridə qlaukomadır. Bu xəstəlik gözdaxili təzyiqin artması ilə bağlı əmələ gəlir və korluğa qədər gətirib çıxara bilir. El arasında qarasu kimi tanınan bu xəstəliyin əmələ gəlmə səbəbləri və onunla mübarizə yollarını hansılardır?.
Qlaukoma xəstəliyinin yaranmasında əsas faktor gözün daxili təzyiqinin artmasıdır. Belə ki, göz daxili təzyiq həddən artıq yüksəldikdə görmə sinirinə zədələyici təsir göstərir. Gözdən beyinə siqnal göndərən sinir liflərinin məhv olması isə getdikcə görmə sahəsinin daralmasına və itməsinə gətirib çıxarır. Gözdə təzyiqin artmasının səbəbini tibb elmləri namizədi, oftalmoloq Nigar Yusifova belə izah edir: "Gözdə kanal var. Dəqiqədə gözdə 3 kub mm maye ifraz olunur. Bu maye qidalandırır və gözdən çıxmalıdır. Göz kanalı bağlıdırsa, bu maye çıxa bilmir. Təzyiq artır və siniri zədələyir".
Qeyd edək ki, normal halda gözdaxili təzyiq 21 mm cv sütunu səviyyəsində olmalıdır. Ondan yuxarı qalxarsa, artıq görmə siniri üçün təhlükə yaranır. Təzyiqin qalxması isə özünü heç bir əlamətlə büruzə vermir. Ona görə həkimlər 35 yaşını ötmüş adamlara ildə iki dəfə gözdaxili təzyiqi ölçdürməyi məsləhət görür. Onu da deyək ki, gözdaxili təzyiq normal olduğu halda belə qlaukoma xəstəliyi özünü göstərə bilər. Ona görə təzyiqi bilməklə yanaşı, görmə sahəsinin müayinəsi də vacibdir. Qlaukomanın açıqbucaqlı və qapalı bucaqlı forması var. Açıqbucaqlı formada hər hansı əlamətlər hiss olunmasa da,qapalı qlaukoma zamanı bəzi simptomlar ortaya çıxır:
Oftalmoloq-cərrahın sözlərinə görə, görmənin dumanlaşması, gözdə ağrılar, işığa baxanda rəngli halqalar, ola bilər nəsə uçan bulanma kimi simptomlar olanda mütləq oftalmoloqa müraciət etmək lazımdır.
Əhali arasında qarasu adı ilə tanınan qlaukomanın dəqiq səbəbi aşkar olunmayıb. Amma təcrübə göstərir ki, bu xəstəlikdə irsi amil böyük rol oynayır. Odur ki, ailədə qlaukoma xəstəliyi varsa, digər ailə üzvlərinin mütəmadi müayinədən keçməsi vacibdir. Çünki qarasu zamanı nə qədər tez xəstəliyin üzərinə düşülsə, sağalma şansı bir o qədər böyükdür:
Nigar Yusifova xəstəliyin 4 mərhələsi olduğunu bildirib. İlk və 2-ci mərhələdə aşkar eləsək onu müalicə etmək, nəzarət altında saxlamaq olur.
Qeyd edək ki, qarasu çox hallarda 35-40 yaşdan sonra, eləcə də 50 yaşa yaxın insanlarda rast gəlinir. Amma bu xəstəlik anadangəlmə də ola bilir. Bunu uşaqlarda bir gözün digərindən böyük olması ilə ayırd etmək olar. Sonda məlumat üçün deyək ki, qlaukoma dünyada geri dönməyən korluğa səbəb olan əsas xəstəliklərdən biridir.
Avropa qlaukoma cəmiyyətinin məlumatına görə, indi dünyada 60 milyondan artıq qlaukoma xəstəsi var ki, onların 10 faizi, yəni 6 milyona yaxını korluğa görə əlildir.