Allahın adı ilə
"Zikr" ərəb sözü olub «xatırlama», «anma», «yada salma» kimi mənaları ifadə edir. İslami bir məfhum olaraq isə Allahı zikr etmək, Allahı anmaq və hər an xatırlamaq deməkdir. O, bəndəlik yolunun yolçuları olan hər bir insanın mənəvi təkamül və inkişafını şərtləndirən amillərdən hesab olunur və ən gözəl, ən üstün ibadət kimi dəyərləndirilir.
Allah Təala Qur'ani-Kərimdə («Bəqərə», 152) buyurur:
"Məni yada salın ki, mən də sizi yada salım".
Ayədən məlum olur ki, Allah Təala Onu yada salanları, zikr edənləri yada salar. Peygəmbəri-Əkrəm (s) Əbuzərə tövsiyəsində elə bu məqamı bəyan edərək, buyurmuşdur: "Qur'anı oxu və Allahı zikr et. Cunki zikr etməyin sənin asimanda yad olunmağına səbəb olar və yer üzündə sənin üçün nur olar".
Müxtəlif Qur'an ayələrində zikr həm də Qur'anın adlarından biri kimi təqdim olunur. Ilahi zikr Allah Təalanın daha çox təkid etdiyi və Peyğəmbər (s) və Imamlar (ə) tərəfindən də daha çox tövsiyə və sifariş olunan bütün salihatlar içində ibadət əhlinə daha çox, yəni sonsuz dərəcədə fayda və xeyir bəxş edən, onu üstün məqamlara çatdira biləcək bir əməldir. Zikr insanı qəflətdən çıxarır. Allahdan, haqdan uzaq düşmüş, günah və haram girdabında çabalayaraq, yaradılışının hikmətini hələ də anlamayan, boş bir ömür sürən və həyatını zülmə çevirib həlak olmaq durumunda olan şəxsin nura, nicata və işıqlı bir gələcəyə - axirət səadətinə çatmasının təminatına çevrilir.
Zikr o deməkdir ki, bəndə zikr etdiyi dövrdə Allahla olur. Allahla olmaq isə şeytanın şərindən amanda olmaq, bütün günah və haramların səbəbi olan dünya məhəbbəti və nəfsi-əmmarədən uzaq olub, Allahın razılığını və onun dərgahına yaxınlığı qazanmaqdır. Bir ayədə "ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırla!.." buyurulduğu kimi bu ibadət üçün zaman və məkan məhdudiyyəti, demək olar ki, yoxdur.
Allahı zikr etməyin faydaları kimi aşağıdakılar qeyd olunur:
1) Sheytanı qovur, onu əzir və sındırır;
2)Rəhman olan Allahı razı salır;
3) Qəlbdə olan sıxıntı və kədəri aparır;
4) Könüldə sevinc və fərəh oyadır;
5) Qəlbi və sifəti nurlandırır;
6) Ruzini artırır və s.
Bunların sayını bir qədər artırmaq da mümkündür. Lakin onu demək kifayətdir ki, zikrin müqabilində bəndənin savab, bəhrə, fəzilət və məqam qazanmaq imkanları olduqca genişdir.
Rəsuli-Əkrəmdən (s) nəql olunan hədislərdən birində buyurulur: "Qəlbləri nurlandıran şey Allahı yad etmək və Qur'an oxumaqdır". Digər bir hədisdə: "Cəbrail mənə zikr barədə o qədər tapşırdı ki, zikrdən başqa heç bir danışığın faydalı olmadığını zənn etdim". Daha bir hədisdə isə zikr haqqında Allahın Rəsulu (s) buyurur ki, "Allah Təala mənə 9 şey tapşırıb, mən də onları sizə tövsiyyə edirəm (o cümlədən) danışığımın zikr olmasını".
Ən çox bəyənilən qəlb və dilin birgə zikridir. Yəni qəlbin zikrindən sonra bu zikr dil ilə təkrarlansın. Lakin dilin zikri də bəyənilən və qəbul olunandır. Belə zikrlər üçün də savablar muəyyən olunmuşdur. "Səhər-axşam yalvararaq, qorxaraq, səsini ucaltmadan qəlbində Rəbbini yad et və qafillərdən olma" ayəsindən məlum olur ki, qəlbi və gizli zikr daha üstün fəzilətlərə malikdir.
"Peyğəmbər (s) nəql etdiyi "Dua etmək istəyərkən əvvəl salavat göndərin. Allah böyük kərəm sahibidir. Allah belə deyil ki, iki istəyin birini qəbul edib, digərini qaytarsın. Çünki salavat qəbul edilən duadır" hədisinə diqqət etmək kifayətdir ki, zikrlərin nə qədər dəyərli və duaların qəbulu üçün təminat olduğu sübuta yetsin.
Eləcə də xanım Həzrət Fatimeyi-Zəhra (s.ə.) təsbihatının fəzilətlərini saymaqla qurtaran deyil. Təkcə onu deməklə kifayətlənirəm ki, əgər Peyğəmbər (s) zikrlər içərisində bundan üstününü bilsəydi, məhz bu zikri xanım Zəhra (s.ə.) bütün dünyadan daha qiymətli hədiyyə kimi öyrətməzdi. "Məkarimul-əxlaq" kitabında hekayət olub ki, Fatimeyi-Zəhranın (s.ə.) zikri möminin 5 əlamətindən biridir.