Normal uşaqlar yuxudan oyanarkən ağlayaraq analarını istəyirlər. Lakin autizmə düçar olmuş uşaqlar saatlarla yataqlarında oyaq qalırlar
Valideynlər övladlarının inkişaf tempini diqqətdə saxlamalıdırlar. Ata və ana körpələrinin hansı ayda, hansı xüsusiyyətlərə yiyələndiyinə daima nəzarət etməlidirlər. Psixoloqlar körpələrin 18 aylığının həddən artıq önəmli yaş dövr olduğu qənaətindədirlər. Araşdırmalar zamanı məlum olub ki, 18 aylığına çatmış körpənin hələ də danışmaması, eşitmə və görmə qabiliyyətinin zəif olması onların autizm xəstəsi olmasından xəbər verə bilər. Bu xəstəliyin ilkin əlamətləri körpənin inkişafdan geri qalması və nevroloji pozğunluğu ilə müşahidə olunur. Və əlamətləri ilk iki il ərzində özünü büruzə verməyə başlayır. Autizm xəstəliyinə tutulan uşaqlar digər normal uşaqlardan fərqli olaraq az gülür, görmə və danışma qabiliyyətləri zəif olur. Valideynlər bəzi vaxtlar bu hallara etinasız yanaşaraq, "mən də uşaq olanda gec danışmışam" və ya "atası da körpə olanda belə olub" ifadələr ilə xəstəliyin üzərindən ötəri keçirlər.
Autizm xəstəliyi əsasən genetik və ekoloji təsirlər nəticəsində əmələ gəlir. Xəstəliyin baş vermə səbəbləri barədə araşdırmalar hələ də davam edir. Əgər hər hansı bir körpənin 18 aylığına qədər səslərə qarşı heç bir reaksiyası olmasa, 16 aylığına qədər hər hansı bir kəlmə danışa bilməsə, həmin uşaq autizm xəstəliyi ilə bağlı mütəxəssisə göstərilməlidir. Autizm, oğlanlarda qızlara nisbətən 3-4 dəfə çox olur. Araşdırmalar zamanı məlum olub ki, xəstəlik “x” xromosomunda olan mutasiya ilə əlaqədardır.
ANA-ATANIN BİRGƏ ƏMƏKDAŞLIĞI LAZIMDIR
Uşağınızın autizm olmasından şübhələnirsinizsə, ən qısa zamanda ruhi dispanserə apararaq, nevrotoloqa göstərin. Mütəxəssislər autizmin dərəcəsini müəyyən etmək və ağılın, ünsiyyətin, bacarıqların və davranışın inkişafını qiymətləndirmək üçün müxtəlif testlərdən istifadə edirlər. Bu xəstəliyin konkret olaraq bir müalicəsi yoxdur və xəstəlik ömür boyu davam edən bir narahatçılıq gətirir. Lakin erkən müdaxilə xəstəliyin şiddətlənməsinin qarşısını ala bilər. Xəstəliyin dərəcəsinə uyğun müalicələr təyin olunur.
Xəstəliyin yeganə müalicəsi valideynin uşaqla normal ünsiyyəti və həyəcana səbəb olan işlərin qarşısının alınması ilə mümkündür. Bunun üçün də xüsusi kurs və psixoterapevtdən istifadə etmək lazımdır. Ata-ananın xəstəliklə bağlı məlumata yiyələnməsi, müalicə müddətində uşaqla birlikdə olması müalicənin effektini artırır.
Autizm xəstəliyinə düçar olan uşaqlar adətən çox sevilməyi xoşlamazlar və bu cür münasibətlərə tez reaksiya verməzlər. Ata-ana onu səslərkən cavab verməz və bu çağırışlara qarşı reaksiya göstərməzlər. Onlar ətraflarında heç kəsin olmaması kimi davranarlar. Normal uşaqlar yuxudan oyanarkən ağlayaraq analarını istəyirlər, lakin autizmə düçar olmuş uşaqlar saatlarla yataqlarında oyaq qala bilirlər.