Zəhranın (s) övladları Həsən və Hüseyn (ə) xəstələndilər. Həzrət Peyğəmbər (s) Fatimənin (s) evində idi. Həzrət buyurdu ki, əgər onların şəfası üçün nəzr etsəniz, münasibdir.
Əli (ə) və Fatimə (s) nəzr etdilər ki, övladları sağalanda üç gün oruc tutsunlar. Allah-təala onlara şəfa əta etdi. Nəzrə görə oruc tutmalı idilər. Həsən, Hüseyn və xidmətçi Fizzə də onlara qoşuldular. Birinci gün başa çatdı. İftar üçün Fatimə (s) beş çörək hazırlamışdı. İftar zamanı bir miskin qapını döyüb kömək istədi. Əvvəlcə Əli (ə), sonra Fatimə (s), daha sonra Həsən, Hüseyn (ə) və Fizzə öz çörək paylarını miskinə verdilər. Səhəri gün nəzrə görə oruc tutdular. Yenə iftar vaxtı bir yetim qapını döydü və yardım istədi. Əvvəlki günü əhvalatı yenə də təkrar oldu, beş çörəyin beşini də yetimə verdilər və su ilə oruclarını açdılar. Üçüncü günün orucunu tutdular! İftar vaxtı bir əsir gəlib, kömək istədi. Yenə öz çörəklərini əsirə verdilər. Beləcə peyğəmbər ailəsi öz orucunu ac qarın, solğun çöhrəylə başa vurdu!
(İsar – öz ehtiyacın olan bir şeyi başqa ehtiyaclıya verməkdir).
Allah-təala vəhy ailəsinin xalisliyini, isarını tə’rifləmiş, onların şə’ninə Qur’anda ayələr nazil etmişdir, onları başqalarına nümunə seçmişdir. İnsanlar bu ailəyə, «Ürvətül-vüsqaya» (qırılmaz ipə) bağlanmaqla zülmət quyularından azadlığa çıxmalıdırlar. «Dəhr» surəsində buyurulur: «Onlar özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedizdirdilər».
Onlar öz peymanlarına və’d edər, qiyamət gününün şərindən və əzabından qorxar, isar göstərərlər. Onların əməllərinin dəyəri xalislikdir. Qur’anda buyurulur: «Biz sizi ancaq Allah rizasından ötrü yedizdirdik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik».
(«Dəhr» surəsi, ayə 9).
«Həşr» surəsindən bir ayə: «Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin xəsisliyindən qorunan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!» Bunlar Zəhra isarı, ixlası və ibadətinin nümunləridir. Bu bütün vücudu Allah eşqi ilə dolu olan Zəhradır. Peyğəmbər (s) onun haqqında buyurur: «Fatimənin bütün vücudu, onun qəlb imanı yəqinliklə doludur».
(«Bəhar» cild 43).
Fatimənin iman və qorxu məqamından onun mə’rifəti də işıqlanır. Çünki ilahi məqama dərin mə’rifət olmadan iman və qorxu müyəssər deyil. «Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar.»
(«Fatir» surəsi, ayə 28).
Burada bir məsələnin də yada salınması münasib görülür ki, bə’zi alimlərin buyuruqlarına əsasən Əhli-beyt məqamından bir dərəcəsinə xadimə Fizzə kimi nail olmaq olar. Eyni halda bə’zi dərəcələr yalnız Əhli-beytə məxsusdur və adi adamlar o məqama müvəffəq ola bilməzlər. Qarşıda bu barədə inşəallah danışacağıq.