"...Azərbaycanlılardan görkəmli maarif və mədəniyyət xadimləri daha çox yetişəcək. Onlar ana dillərində dərsliklər yazacaqlar, bu xalqın zəngin ədəbiyyatından, tarixindən cild-cild əsərlər hazırlayacaqlar. Bu gün mənim elədiklərim o zaman çox cüzi görünəcək. Mən bunu hər bir azərbaycanlı seminaristin simasında görürəm. İftixar edirəm ki, "Vətən dili" kitabını müsəlman balaları üçün mən tərtib etmişəm.
Bu kitabın vasitəsilə təkcə Qori seminariyasında deyil, ölkənin bütün qəzalarında olan ibtidai rus-Azərbaycan məktəblərində uşaqlar savad öyrənirlər. "Vətən dili" kitabının birinci hissəsini tələbəm Rəşid bəy Əfəndizadənin gözəl xətti ilə daş basmasında çap etdirdik, ikinci hissəsini Səfərəli bəy Vəlibəyovla birlikdə yazmışıq. O, 1881-ci ildə seminariyanı əla qiymətlərlə bitirdiyinə görə məktəbdə ana dili müəllimi saxlanıldı".
Bu sözləri milliyyətcə rus, ata-babaları vaxtilə Həştərxandan köçüb Şamaxının Mərəzə kəndində məskunlaşmış Aleksey Osipoviç Çernyayevski yazıb. O, 1840-cı ildə Mərəzə kəndində anadan olub. Ağlı kəsəndən Azərbaycanın adət-ənənəsini, məişətini, dil və ədəbiyyatını incəliklərinə qədər öyrənib, ömrünü maarifçiliyə həsr edib. Azərbaycanlıları seminariyada oxuyub təhsil almağa, maarifə, mədəniyyətə çağırıb. Uşaqlarını Qoriyə göndərmək istəməyən valideynlər, mədrəsədəki mollalar bu "uzunsaqqal urusu" görəndə tükləri biz-biz olar, "Allahu Əkbər" deyib üç dəfə salavat çevirər, arvadlar yaşmağını gözlərinə qədər çəkərmiş.
Çernyayevski isə bu münasibətdən nə bezər, nə usanardı. İnanırdı ki, uşağını gətirib ona təhvil verib, apar oxut mənim balamı, deyən tapılacaq. Onun nəzərində hər bir xalqın inkişafı müəllimdən asılıdır. Maarifə, təhsilə bu qədər önəm verən Çernyayevski Azərbaycan müəllimlərinin böyük bir dəstəsinin müəllimi olmuşdur.
1879-cu ilin mayında Gürcüstanın Qori şəhərində fəaliyyətə başlayan Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin açılması üçün Qafqaz canişini birtəhər yola gətirilmiş, A.O.Çernyayevski Azərbaycan şöbəsinə inspektor təyin edilmişdi. Qalırdı məktəbə uşaq yığmaq, canişini peşman etməmək. Əgər bu sentyabr bir neçə nəfər uşaq yığılmasa Qafqaz Təhsil Dairəsi şöbəni bağlaya bilər. Bu fikirlər Çernyayevskini bir an belə rahat buraxmırdı: "Necə olursa-olsun, məktəb açılmalıdı, bu fürsəti əldən vermək olmaz".
İrəvanda, Naxçıvanda, Gəncədə, Şuşada, Şəkidə, Şamaxıda oldu, oradan da yolunu Bakıya, Qubaya saldı. Yüz kilometrlərlə yolu faytonla, araba ilə, qatarla, bəzən də piyada gedirdi. İnsanlarla görüşəndə məlum olurdu ki, seminariyaya uşaq qəbulu məqsədilə qəza rəislərinə göndərilən məktublardan camaat xəbərsizdir. Azərbaycanı böyük məhəbbətlə sevən bu insan yerlərdəki məmurların öz millətinə qarşı bu qədər biganəliyindən dəhşətə gəlirdi.
Odur ki, adamlarla təkbətək görüşür, Qoridə açılan məktəbin məqsəd və məramını açıqlayırdı. Nəhayət, istədiyinə nail olmuşdu, Şuşadan Firudin bəy Əhmədağa oğlu Köçərli, Səfərəli bəy Vəlibəyov, Lənkərandan Teymur bəy Məmməd bəy oğlu Bayrambəyov, Rəşid bəy Əfəndiyev, Qazaxdan İsmayılağa Mustafa oğlu Vəkilov və Məmmədağa İsmayılağa oğlu Şıxlınski seminariyanın Azərbaycan şöbəsini bağlanmaqdan xilas etdilər.
İllər keçdi, adını sadaladığımız azərbaycanlı balaları tariximizə Qori Seminariyasının ilk qaranquşları kimi daxil oldular. 1879-cu il sentyabrın 1-də Qoridəki seminariyada azərbaycanlı balaları zəngin səsi ilə ilk dərsə girdilər.
Aleksey Osipoviç azərbaycanlı balaların kamil təhsil alması üçün "Vətən dili" kitabını tərtib etməyə başladı. K.D.Uşinskinin müddəalarını rəhbər tutaraq onun eyniadlı dərsliyi əsasında, səs üsulu ilə yazılmış ilk kitabını nəşr etdirdi. Bu, 1882-ci ildə işıq üzü görmüş "Vətən dili" kitabının birinci hissəsidir. Sonrakı illərdə yenidən nəşr olunan bu kitabdan Azərbaycan ziyalılarının bütöv bir nəsli dərs almışdır.
Mütəxəssislər deyirdi ki, Uşinskinin "Rodnoe slovo" dərsliyi rus məktəbləri üçün hansı əhəmiyyətə malikdirsə, Çernyayevskinin "Vətən dili" dərsliyi də azərbaycanlılar üçün bir o qədər əhəmiyyətlidir. O, 14 il Azərbaycan şöbəsinin inspektoru olmuş və şöbəyə rəhbərlik etdiyi müddətdə seminariyanı 176 nəfər bitirmişdir.
Çernyayevski "Vətən dili" dərslikləri ilə Şərq xalqları arasında səs metodu əsasında ibtidai siniflər üçün dərslik hazırlayıb çap etdirən ilk müəllimdir. Bundan başqa, Aleksey Osipoviç xalq məktəbləri və orada tərbiyə məsələlərinin yenidən qurulması ilə əlaqədar "Qafqaz" qəzetində silsilə məqalələrlə çıxış edirdi.
Qaydaya görə, seminariyanın müəllimliyə hazırlanan tələbələri ibtidai məktəblərdə pedaqoji təcrübə keçməli idilər. Lakin Qori şəhərində müsəlmanlar yaşamadığından orada Azərbaycan dilində məktəb də yox idi. Vəziyyətdən çıxış yolu tapıldı. Şöbənin yanında baza məktəbi təşkil edildi. Seminariyanın üçüncü kursunda oxuyan tələbələr burada təcrübə keçməli, həm də seminariyanı bitirdikdən sonra işləyəcəkləri kənddə həmin məktəbin qanun-qaydasına uyğun məktəblər təşkil etməli idilər. Baza məktəbi təşkil olunduqdan sonra yeni dərsliyin yazılmasına ciddi ehtiyac var idi. Bu ehtiyacı təcili aradan qaldırmağa çalışan A.O.Çernyayevski Azərbaycan şöbəsinin yaşlı tələbələrini bir yerə toplayaraq onlarla məsləhətləşmələr aparır, birlikdə həftəlik proqram hazırlayır.
Sonralar "Vətən dili" kitabının yaranması zərurəti barədə Çernyayevski yazırdı ki, seminariyanın Azərbaycan şöbəsi yanındakı ibtidai məktəb kimi "mübtədi məktəb"ləri bina eyləməyə çox şey lazım idi, o cümlədən təzə qayda ilə təsnif olunmuş kitablar: "Lakin mən nə qədər cüst edib axtardımsa pedaqoqika elmi-tərbiyə qanununa müvafiq bir kitab tapa bilmədim. Hətta o kitabları ki, son vaxtlarda təsnif olunub, hənuz çapa girməmişdi...".
Yeri gəlmişkən, "Vətən dili" dərsliyi təkcə dərslik tarixində deyil, həm də Azərbaycanın kitab nəşri tarixində əlamətdar hadisə olub.
Seminariyanın ilk tələbələrindən olan Rəşid bəy Əfəndiyev yazırdı ki, "dərsə şüru edilən zaman bir vaxt başa düşdülər ki, türk (Azərbaycan) dilində kitab yoxdur və olmamışdır. Binəva Çernyayevski yaşlı tələbələri kabinəsinə toplayıb bir komissiya intixab etdi. O cümlədən mən də həmin komissiyada iştirak edirdim. Həftəlik proqram tərtib edib gündəlik dərslərə material hazır edirdik və hər dərs üçün müfəssəl konspekt yazılırdı. Dörd ədəd naçalni şkolalarda üsuli-sövti üzrə dərslər keçirilirdi. Erməni, gürcü və rus dillərində səs üsulu ilə başlamış kitablar mövcud idi. Yalnız türk dili üçün təzədən kitab hazırlanmağa və nəşr edilməyə böyük ehtiyac var idi. Çünki Azərbaycan şöbəsini bitirib müəllim çıxan cavanlar üçün kəndlərdə pişəzvəxt türk məktəbi açılırdı. Onlar məktəbə gedəndə seminariyanın nəzdində açılmış nümunə məktəbinin kitab və dərsliklərini də aparacaqdılar. Ona görə də Çernyayevski topladığı dərs materiallarını intixab edib bir kitab şəklinə saldı və mənim xəttimlə daşbasmada "Vətən dili" adında kitabı basdırdı".
1881-ci il yanvarın 26-da Qafqaz canişininin təsdiq etdiyi təlimata əsasən Cənubi Qafqazda yaşayan xalqların nümayəndələri ilk tədris ilində öz ana dillərində təhsil almalı idilər. Əslində, bu sevindirici xəbər olsa da, Azərbaycan şöbəsi üçün problem idi, çünki ana dilində dərslik yox idi. Ona görə də Qori Seminariyası Azərbaycan şöbəsinin rəhbəri A.O.Çernyayevski Tiflisə dəvət etdiyi azərbaycanlı ziyalıların qarşısında ana dilində dərslik tərtib etmək kimi mühüm məsələ qoyur.
Qafqaz Təhsil Dairəsi həmin ərəfədə müsəlman kəndlərində savad təliminin ana dilində aparılmasına və ikinci sinifdən başlayaraq ana dilindən rus dilinə və rus dilindən ana dilinə tərcümələr də etməyə icazə vermişdi. Tədris Dairəsi Şurasının qərarında bildirilirdi ki, dərslərdə yerli dillərdən tələb olunduğu qədər istifadə edilsin: "Dərslər mexaniki əzbərləmə şəklində deyil, şüurlu şəkildə keçirilməlidir. İbtidai məktəblərə yerli dili yaxşı bilən müəllimlər təyin olunmalıdır. Savad təlimi dövründə rus dilindən istifadə etmək məqsədəuyğun olmadığı üçün dərslər müəyyən dövrdə yerli dillərdə keçirilsin".
"Vətən dili" kitabının ikinci hissəsini A.O.Çernyayevski 1888-ci ildə seminariyanın ilk məzunlarından olan və təhsilini başa vurduğu il seminariyada müəllim kimi saxlanılan Səfərəli bəy Vəlibəyovla birlikdə yazmışdır. Kitabın müqəddiməsində qeyd olunur: "Vətən dili" adlanan kitabçanın birinci qismi təyin olunmuşdur. Cənubi Qafqaz türklərinin mübtədi məktəblərində əvvəlinci il təlim verməkdən ötrü. Çünki 1881-ci il yanvar ayının 26-da Qafqaz canişininin təsdiq elədiyi təlimi-düstür əməlinə görə Qafqaz əhalisinin mübtədi məktəblərində təlim-tərbiyə hər tayfanın öz dilində keçirilir".
40 ilə yaxın bir dövrdə əsas dərs vəsaiti olan "Vətən dili" kitabının II hissəsi də uşaqların başa düşəcəyi dildə yazılmışdı. Kitabda hekayə, təmsil, şeir, tapmaca, hətta yanıltmaclar da öz əksini tapmışdı. Hər dərs bir başlıq altında verilmişdi. Bu dərslərin hamısı ibtidai sinif şagirdlərinin təxəyyülünün formalaşmasına yönəldilirdi. Həyatı əks etdirən bütün nəsnələr haqqında danışılır və uşaqlara ibrətamiz şəkildə çatdırılırdı. İnsana məhəbbət, təbiətə və heyvanat aləminə münasibət, coğrafi aləmə səyahət və başqa sahələr müəlliflər tərəfindən orijinal şəkildə seçilib işlənmişdir.
Kitabın hər iki hissəsinin tərtibində yaxından iştirak edənlərdən biri də dövrünün görkəmli maarifçisi və müəllimi Həsənəli Xan Qaradaği olub. Bu kitablarda onun 11 tərcümə, 23 nəzm əsəri özünə yer tapıb. O, ana dili dərsliyinə daxil etmək üçün əvvəlcədən uşaq şeir və hekayələri yazıb hazırlamağı öz öhdəsinə götürmüşdü.
Çernyayevski böyük ziyalı, əsl müəllim idi. Xatirələrində yarızarafat da olsa azərbaycanlılarla sümük qohumu ola bilmədiyindən gileylənərmiş. Bu millətə şərəflə xidmət etməkdən zövq alardı. 1893-cü ildə seminarist Süleyman Sani Axundovla aralarında baş verən münaqişədə də özünü günahkar bilib. Qafqazda Azərbaycan xalqını tatar, vəhşi asiyalı, çullu-çarıqlı xalq adlandıran çar çinovniklərini təhqir etməkdən belə çəkinməzmiş.
Onun 1893-cü ildə "Kavkaz" qəzetinin redaktoru Vasili Lvoviçə verdiyi cavab dediklərimizin təsdiqidir: "Hamınız bir bezin qırağısınız, hamınız bir mərkəzin zəhər tuluğunu götürüb oba-oba gəzərək xalqları zəhərləyirsiniz. Şovinizm və monarxiya beyninizi qurd kimi gəmirib, Qafqaz xalqlarında yaxşını görmürsünüz. Xırda bir qüsuru fil boyda şişirdirsiniz. Qafqaza yenicə gələndə Veliçko da sizin gündə idi. Amma indi çox ədalətli yazılarla bu xalqların soy-kökü haqqında real mövqe tutub. Tədqiqatları ilə sübut edib ki, məhz ermənilərin nə gürcülərdən, nə də azərbaycanlılardan torpaq iddiası ola bilməz. Ermənilər Qafqaza gəlmədirlər. Veliçko indi "V.Voronesski" təxəllüsü ilə Şərq mövzusunda, Şərqin müdrikliyi və qədimliyi haqqında sisilə şeirlər yazır".
Ən böyük arzusu Azərbaycan dilində "Fikir" adlı qəzet nəşr etdirmək idi. Döymədiyi qapı qalmamışdı. Müxtəlif bəhanələrlə get-gələ salsalar da ümidini üzmürdü. "Ziya" qəzeti bağlandıqdan sonra müsəlmanlar üçün qəzet nəşr etməyi məsləhət görmürdülər. Sonuncu dəfə isə onun xahişini rədd edəndə jurnalist təhsilinin olmadığını bəhanə gətirirlər. Bu üzücü get-gəllər, bəhanələr sonunda xalqımıza təmənnasız xidmət göstərmək istəyən böyük maarifpərvərin ölümü ilə nəticələnir.
Aleksey Osipoviç Çernyayevski 1894-cü il dekabrın ilk günlərində ürək çatışmazlığından vəfat edir. Xatirə yazılarında qeyd olunur ki, onun tələbələri əziz müəllimlərinə müqəddəs bir varlıq kimi baxır, dəfn mərasimində göz yaşları tökərək ruhu qarşısında təzim edirdilər.