Hər hansı bir xəstəliyə tutulma ehtimalını artıran hər şey risk faktorudur. Məsələn, uzun müddət günəş işığına məruz qalmaq dəri xərçəngi; siqaret çəkmək, ağciyər xərçəngi üçün risk faktorudur.
Bəzi risk faktorlarını, insanın yaşı, cinsi və ya irqi kimi dəyişdirmək mümkün deyil. Faktorların bəziləri insanın həyat tərzi ilə əlaqəlidir: siqaret çəkmək, alkoqol qəbulu və qidalanma tərzi kimi.
Dəyişdirilməsi mümkün olmayan risk faktorları
Cinsi: Süd vəzisi xərçəngi üçün əsas risk faktoru qadın olmaqdır. Kişilərdə də rastlanır, amma qadınlarda kişilərə nisbətən 100 qat daha çoxdur.
Yaşlanma: Qadınların süd vəzisi xərçəngi olma riski yaşları ilə birlikdə artır. Süd vəzisi xərçənginin 1/10-i 40 yaşın altındakı qadınlarda, 2/3-si isə 55 yaşın üstündəki qadınlarda rastlanır.
İrsi risk faktorları: Bütün süd vəzisi xərçənglərinin təxminən 10%-nin irsi olduğu məlumdur.
Süd vəzisi xərçənglərində ən çox BRCA1 və BRCA2 genlərində mutasiya olur. İnsan bu genin pozulmuş və mutasiyaya məruz qalmış formasını irsi yol ilə ailəsindən almışsa, süd vəzisi xərçəngi olma riski çox yüksəkdir. Riskli ailələrdə bu genlərə baxılmalıdır.
Şəxsi anamnezində süd vəzisi xərçəngi olması: Bir süd vəzisində xərçəng olan xəstənin digər süd vəzisində də xərçəng olma riski, sağlam qadınlara nisbətən 4 dəfə daha çoxdur.
Yoğun süd vəzisi toxuması: Mammoqrafiyada süd vəzisi toxuması yoğun olan qadınlarda süd vəzisi toxuması çoxdur, yağ toxuması azdır və buna görə də süd vəzisi xərçəngi riski daha yüksəkdir.
Benin süd vəzisi lezyonları: Bəzi xoşxassəli süd vəzisi lezyonları sonradan xərçəngə çevrilmə riski daşıyır. Süd kanalları və vəzlərində həddindən artıq hüceyrə çoxalması görülən xoşxassəli süd vəzisi xəstəliklərinin xərçəngləşmə riski vardır. Məsələn, atipik duktal hiperplaziya və ya atipik lobulyar hiperplaziya, süd vəzisi xərçəngi riskini normal populyasiyaya nisbətən 4 və ya 5 dəfə artırır. Ailəsində süd vəzisi xərçəngi olan bir qadında, əlavə olaraq, hiperplaziya və ya atipik hiperplaziya olması ən yüksək risk deməkdir.
Aybaşı dövrləri: İlk aybaşı yaşının kiçik olması və ya klimaks dövrünün gec başlaması, yəni aybaşı dövrünün daha uzun olduğu qadınlar daha çox süd vəzisi xərçəngi riski daşıyırlar. Bunun səbəbi isə daha uzun müddət esterogen və progesteron hormonlarına məruz qalmalarıdır.
Əvvəldən süd vəzisi divarına şüa ilə müalicə alınması: Uşaqlığında və ya erkən gənclik dövründə, məsələn limfoma və ya başqa bir malin şiş səbəbiylə süd vəzisi divarına şüa müalicəsi almış qadınlar, sonrakı dövrlərdə süd vəzisi xərçəngi baxımından daha yüksək risk daşıyırlar.
Həyat tərzi ilə əlaqədar olan süd vəzisi xərçəngi riski
Heç uşaq sahibi olmamaq və ya gec uşaq sahibi olmaq: Heç övladı olmamış olan və ya ilk övladına 30 yaşından sonra sahib olan qadınların süd vəzisi xərçəngi olma riski bir az daha yüksəkdir. Çox hamiləlik yaşamaq və ilk hamiləliyin erkən yaşlarda görülməsi isə süd vəzisi xərçəngi riskini aşağı salır.
Kontraseptiv dərmanlar: Araşdırmalar, kontraseptiv dərmanlarından istifadə edən qadınlarda istifadə nisbətən süd vəzisi xərçəngi riskinin bir az yüksəldiyini göstərmişdir; ancaq bu risk dərmanın kəsilməsindən sonra dərhal düşür. Son 10 il ərzində bu tabletlərdən istifadə etməyən bir qadının süd vəzisi xərçəngi riski normal səviyyəyə düşür. Kontraseptiv tabletdən istifadə etmək istəyən qadınlar, süd vəzisi xərçəngi baxımından digər riskləri də unutulmamalıdır və bu dərmanların qəbuluna başlarkən həkimlə məsləhətləşməlidirlər.
Klimaksdan sonra hormon dəstəyi (HRT): Hormon müalicəsi, klimaks şikayətlərini aradan qaldırmaq və sümüklərdə kalsium azalması (osteoporoz) riskinin qarşısını almaq məqsədilə illərdir istifadə edilir.
Uzun müddət hormon replasman müalicəsi alan klimaks sonrası qadınlarda süd vəzisi xərçəngi riskinin artdığı görülmüşdür. Klimaksdan sonra hormon replasman müalicəsinə başlamazdan əvvəl mümkün olan risk və üstünlüklər diqqətlə qiymətləndirilməli və xəstəyə məlumat verilməlidir.
Əmizdirmə müddəti: Bəzi araşdırmalar, xüsusilə də 1.5-2 il əmizdirən analarda süd vəzisi xərçəngi riskinin daha az olduğunu göstərir. Əmizdirmə müddətinin uzanması ilə süd vəzisi xərçəngi riski arasındakı tərs mütənasibliyin səbəbi, əmizdirmə müddəti ərzində aybaşı tsikllərinin durması ola bilər.
Alkoqol qəbulu: Alkoqoldan istifadənin süd vəzisi xərçəngi riskini artırdığı qəti olaraq məlumdur. Artan riskin ölçüsü qəbul edilən alkoqolun miqdarı ilə əlaqədardır. Heç alkoqol qəbul etməyən qadınlarla müqayisədə 1 vahid alkoqollu içki qəbul edən qadının riski bir az yüksəlir; gündə 2 ilə 5 vahid alkoqol qəbulu isə süd vəzisi xərçəngi riskini 1,5 dəfə artırır.
Köklük: Köklüyün, xüsusilə klimaks dövründə süd vəzisi xərçəngi riskini artırdığı məlumdur. Klimaksdan sonra yağ toxuması çox olan qadınların bədənindəki esterogen səviyyəsi də yüksəlir və beləliklə süd vəzisi xərçəngi riski də yüksəlir.
Fiziki aktivliyin azlığı: Gündəlik idman tərzində edilən fiziki aktivliyin süd vəzisi xərçəngi riskini aşağı saldığı haqqında güclü məlumatlar var. Həyata keçirilən bir araşdırma nəticəsində həftədə 75 ilə 150 dəqiqə arası idman, süd vəzisi xərçəngi riskini 18% aşağı saldığı ortaya çıxmışdır. Amerika xərçəng dərnəyi süd vəzisi xərçəngi riskini aşağı salmaq üçün qadınlara həftədə ən az 5 gün ərzində gündə 45-60 dəqiqə idman etməyi məsləhət görür.