Türkiyə hökuməti və müxalifətindən Fransaya sərt təpki

Son güncelleme: 22.12.2011 19:03
  • noimage

    Dövlət Baxçalı “erməni protokolları”nın Türkiyə Böyük Millət Məclisinin gündəliyindən tam çıxarılmasını tələb edib

    Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkar edilməsinin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə Türkiyə hökumətinin təmsilçiləri və müxalifət sərt reaksiya verib. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Türkiyə baş nazirinin müavini Bülənd Arınc deyib ki, Fransa parlamenti belə bir qərar qəbul etməklə tarixə və həqiqətlərə qarşı qarayaxma əməliyyatına başlayıb.

    Bülənd Arınc bəyan edib ki, alimlərin belə düşüncələrinə qadağa qoymaq absurddur: “Zatən Fransa parlamentinin 577 millət vəkilindən yalnız 50-si bu utan gətirən qanun layihəsi üçün səs verib. Parlamentin iclasına gəlməyən deputatlar bunun Fransaya inkvizisiya məhkəmələrini geri gətirmək anlamına gəldiyini yaxşı bilirlər. Keçmiş tarixində Qalileyi Yer kürəsinin Günəş ətrafında fırlandığını söylədiyinə görə mühakimə edən ölkə üçün bu, növbəti ayıbdır. Bu qərar Qalileydən bu günə qədər Fransada çox şeyin dəyişmədiyini ortaya qoydu”.

    Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı qərarın böyük bir qalmaqal və ləkə olaraq tarixə düşdüyünü söyləyib. O bildirib ki, bu qanun layihəsi Senatda da qəbul olunarsa, Türkiyə və Fransa arasında bərpa edilməsi mümkün olmayan durum yaranacaq. Fransanın belə addım atmağa cəsarət etməsinə görə hökuməti günahkar sayan Dövlət Baxçalı deyib ki, hökumət qətiyyətini ortaya qoymaq üçün “erməni protokolları” Türkiyə Böyük Millət Məclisinin gündəmindən tamamilə çıxarılmalıdır. O, Türkiyənin Fransa ilə siyasi və iqtisadi əlaqələri dayandırmasını, fransız şirkətlərinin Türkiyədə tenderlərə buraxılmamasını, hava və sənaye sahəsində müqavilələrin ləğvini zəruri sayıb. Dövlət Baxçalı 1915-ci il hadisələrinin 100 illiyi ilə bağlı nüfuzlu tarixçilərdən ibarət komissiya yaradılmasını təklif edib. Milliyyətçi Hərəkat Partiyasının sədri gələn il Fransada keçiriləcək prezident seçkilərində türk əsilli Fransa vətəndaşlarının Nikola Sarkozi əleyhinə səs vermələri üçün lobbi fəaliyyəti aparılmasını da gərəkli hesab edib: “Əgər yol verilən yanlışlıqlar aradan qaldırılmazsa, Fransa ilə aradan qaldırılması mümkün olmayan bir prosesə daxil olacağımız birmənalıdır. Türk milləti imperialistlərin təhrikini və təxribatını qarşılıqsız qoymayacaq”.

    Kamal Kılıçdaroğlunun sədrliyində toplanan Cümhuriyyət Xalq Partiyası da Fransa parlamentinin əsassız erməni iddialarının inkarının cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsini qınayıb. Kamal Kılıçdaroğlu Fransa Milli Məclisinin bu qərarla öz tarixinə də xəyanət etdiyini söyləyib.

    Qaynaq:Lent.az
#22.12.2011 19:03 0 0 0