Körpələr doğulan zaman nə qədər az inkişaf etmiş vəziyyətdə olsalar, onların doğumdan sonra da problem yaşama riskləri o qədər yüksəkdir. Bu baxımdan 26-29 həftə ərzində doğulan körpələrin həyatda qalma və ya sağlamlıq problemləri ilə böyümək şansları daha azdır. Erkən doğulan körpələr infeksiya riski, tənəffüs yolları və zəif inkişaf etmiş orqan sistemləri səbəbilə dünyaya gələn, yüksək riskə malik bir xəstə qrupudur.
ABŞ-da son 25 ildə erkən doğumlarda 36 faiz artım müşahidə edilir. Türkiyədə isə hər il doğulan 1 milyon 300 min körpənin 10 faizi, yəni 130 mini erkən olaraq dünyaya gəlir və xüsusi baxılma ehtiyacı duyur. Alimlərin fikrincə, yeni doğulan uşaqlar arasında ölüm halları daha çox erkən doğulanların payına düşür. Hətta ABŞ-da erkən doğulan körpələrlə bağlı xüsusi bir gündə yüksək binalar mavi və bənövşəyi rənglərlə işıqlandırılır
Doğum həftəsinə görə erkən doğulan körpələrin yaşadıqları problemlər də fərqlidir
Erkən doğulan uşaqlarda yeni doğulan zaman ölüm riski ilə yanaşı, yaşayarlarsa, intellektual və fiziki çatışmazlıq, eləcə də xroniki sağlamlıq problemləri ilə üzləşmə riski də var.
Həkim-pediatr Yasəmən Cəlilovanın sözlərinə görə, ümumiyyətlə, 37 həftədən əvvəl baş verən doğumlar erkən doğumlar hesab olunur ki, bu zaman dünyaya gələn uşaqlar vaxtında doğulanlara nisbətən daha çox problemlər yaşayır, inkişafları da digərləri ilə müqayisədə zəifdir:
"Onlar ana bətnində inkişafları tamamlanmadan doğulduqlarından müxtəlif orqan sistemlərində problemlə qarşılaşırlar. Ağciyərlərində surfaktan adlanan bir maddənin çatışmazlığından doğumdan sonra tənəffüs problemi, göyərmə halları olur. Respirator distres sindromu olan bu xəstəlik ciddi bir vəziyyətdir. Bu körpələr çatışmayan maddənin nəfəs yolu ilə verilməsilə müalicə edilirlər".
Pediatr deyir ki, bu körpələrdə görmə və eşitməyə aid problemlər də vaxtında doğulanlara nisbətən daha çox rast gəlinir. Sarılıq da erkən doğulan körpələrdə özünü sıx göstərir, həmçinin daha uzun sürür. Bu, körpələrdə qırmızı qan hüceyrələrinin bir qisminin parçalanması ilə bağlıdır.
Erkən doğulan körpələr bir neçə qrupa ayrılırlar. Belə ki, 24-31 həftə arasında doğulanlar daha erkən doğulanlar sayılır ki, onların çəkiləri 1500 qramdan aşağı olur. Digər qrup 36-37 həftə arasında doğulanlardır. Ümumiyyətlə, doğum həftəsinə görə, erkən doğulan körpələrin yaşadıqları problemlər də fərqlidir.
Erkən doğumların qarşısını almaq mümkündürmü?
Həkim qeyd etdi ki, yeni doğulan körpələrini qırmızı və şişkin olaraq görməyi düşünən anaların əgər erkən doğumu olarsa, onların uşaqlarını görərkən şok keçirmə ehtimalı yüksəkdir. Çünki erkən doğulan uşaqların dərisi şəffaf olur. Damarları dərinin üzərindən aydın sezilir. Yağ toxuması kifayət qədər inkişaf etmədiyi üçün dəri zəif və üstündə yumşaq tüklər olur. Üstəlik, bu körpələrdə qəhvəyi rəngli yağ toxuması inkişaf etmədiyindən bədənlərinin öz hərarətlərini qorumaq qabiliyyəti də yoxdur. Məhz bu səbəbdən onların inkubatorda saxlanılması vacibdir.
Həmçinin bu körpələrdə əzələ və sinir inkişafı da tamamlanmadığından müxtəlif reflekslər olmaya bilər. Bunlar, əsasən, süd əmə bilmək, diksinmə kimi hallardır. Anadan süd qəbul etmək qabiliyyəti inkişaf etməmiş bu körpələri sağılan ana südünü xüsusi aparatla mədələrinə axıtmaqla qidalandırırlar. Erkən doğulanların ilk günlərdə ən önəmli problemi tənəffüs çətinliyidir. Buna görə körpə həkimlər tərəfindən tənəffüs cihazına bağlanırlar.
Bu körpələr normal olaraq 40 həftəyə çatdıqlarında boy və inkişaf baxımından normal doğulanlara bənzəyirlər. Həkimin sözlərinə görə, tibb nə qədər inkişaf etsə də erkən doğumların qarşısını almaq hələ ki, mümkün deyil. Ancaq neonatoloji sahədə inkişaf bir çox körpənin yaşamağına imkan yaradır. Nəticədə 1000 qram çəkiylə doğulan körpələrin 50 faizi yaşamaq imkanı qazanır. Onu da qeyd edək ki, erkən doğulan körpələr xüsusi qulluq tələb etdiklərindən belə doğum riski olan qadınların doğumlarının uyğun bir xəstəxanada aparılması önəmlidir. Çünki çox zəif doğulan belə körpələrin həyatı üçün ilk müdaxilələr çox önəmlidir.
Bir çox erkən doğulan uşaqlar iki və ya üç yaşında boy və çəki baxımından yaşıdlarına çatırlar. Bəziləri isə daha yavaş böyüyür və zəif quruluşlu qalırlar.
Erkən doğuma səbəb olan amillər
Y.Cəlilova bildirdi ki, elə körpələr var ki, doğulduqdan sonra özlərini normal bərpa edirlər: "Ən önəmlisi - körpənin anasının sağlam olmasıdır. Əsasən stres, infeksiya kimi səbəblərlə bağlı erkən doğum olur. Belə doğulan uşaqlardan bəziləri gec yeriyir, 6 ayda oturmalı olduqları halda 8 ayda oturur, 1 yaşında yeriməli olduqları halda 1 yaş 3 aylarında yeriyirlər. Artıq orta məktəbə getdikləri zaman onların qavrama qabiliyyətinin nə dərəcədə olduğu aydın olur".
Pediatrın sözlərinə görə, ümumiyyətlə, erkən doğuma səbəb ananın sağlamlığı ilə yanaşı, sosial mühitdir. Belə ki, ananın qidalanma tərzi, əsəb sistemi, müxtəlif xəstəliklər, aldığı travmalar, radiasiya, şüa kimi amilləri göstərmək olar. Qeysər əməliyyatında doğum zamanı erkən doğum normal qəbul olunur. Amma bu üsulla doğum tərzi də uşaqlar üçün məqsədəuyğun deyil, onlarda nevroloji əlamətlər çox olur. Eləcə də erkən doğuma səbəb olan amillərə ekoloji durum, konservant qidalar, həmçinin gənc qızların uzun müddət kompüterdən istifadə etmələridir.
Erkən nikahlarda da erkən doğum halları olur. Bu da məhz qadının yaşı ilə əlaqədar orqanizminin doğum üçün tam formalaşmaması ilə bağlıdır. Bundan başqa, hamiləlik vaxtı siqaret, spirtli içki və zərərli dərmanların qəbulu risk faktorudur. Əkizlər, üçəmlər kimi çoxsaylı doğumlarda da erkən doğum riski çox yüksəkdir. Erkən doğulan və çəkisi bir qədər artıq körpələrdə qasıq yırtığına daha çox rast gəlinir. Hamilə qadına heyvanlardan keçən infeksiya, eynilə hamiləlik dövründə uzunmüddətli diş əti xəstəliyi erkən doğuma səbəb ola bilər.
Vaxtından əvvəl dünyaya gələn körpələr 2 il ərzində xüsusi qulluğa ehiyac duyurlar. Bu körpələrə vitaminlər böyüməyə və sağlam qalmalarına yardım etmək üçün verilir. Eyni zamanda onların dəmirə ehtiyacı var. Xüsusilə 1 aydan sonra xüsusi dozada dəmir qüvvətləndiricisi verilməlidir.
Erkən doğulan körpələr xəstəxanadan sonra da müxtəlif problemlər yaşayırlar. Onlar infeksiyaya daha həssasdırlar. Yəni onların otağına daha çox ziyarətçinin daxil olması uyğun deyil, xüsusilə də qış aylarında onlar evdə izdihamdan, üstəlik, siqaret çəkilən yerlərdən uzaq durmalıdırlar. Onlar vaxtında doğulan körpələr kimi, iki ayları tamam olduqda peyvənd edilməlidirlər.
Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrdə erkən doğum halları daha çoxdur. Bu gün ölkəmizdə erkən doğum əvvəlki illərlə eyni səviyyədədir.
Doğuma psixoloji hazırlığın təsirləri
Erkən doğulan uşaqlar sonralar bir sıra psixoloji problemlərlə üzləşirlər ki, psixoloq Tariyel Faziloğlunun sözlərinə görə, onlarda psixoloji problemlərin əksəriyyəti məhz sinir sisteminin zəif olması ilə əlaqədardır:
"Buna görə də onlara əsəbləşmək olmaz. Bu cür insanlar həssas olurlar və tez depressiyaya düsürlər, bu səbəbdən o tip insanları hec vaxt tək qoymaq olmaz, mütləq onlarla maraqlanmaq lazımdır. Onlar görməlidirlər ki, tək-tənha deyillər və onları sevən insanlar var.
Bundan basqa, o cür insanlar həddən artıq emosional olurlar və hər bir hadisəyə reaksiya verirlər. Ona görə də həmin insanlarla davrananda hər bir seyi ətraflı şəkildə izah etmək lazımdır ki, yanlış anlamasınlar".
Psixoloq onu da bildirdi ki, erkən doğumların baş verməsində bir sıra səbəblər var ki, bunlardan biri də məhz valideynin uşaq dünyaya gətirməsində psixoloji hazırlığı ilə bağlıdır:
"Valideynlər usağın dünyaya gəlməsini istəməlidirlər. Əks təqdirdə usaq dünyaya aqressiv bir insan olaraq gəlir. Bu tip uşaqlarda daim psixoloji problemlər olur və o cür insanlar tünd xasiyyətli, dalaşqan və insanlara qarşı aqressiv olurlar. Eyni zamanda əgər valideyn psixoloji baxımdan hazır olarsa, sonradan hansısa bir sinir pozğunluğu yaşamaz və bu da erkən doğumla nəticələnməz. Təbii ki, erkən doğum da dünyaya gələn körpənin həyatı üçün təhlükəlidir".