Dünyadakılar yuxuda yol gedən karvan əhlinə bənzəyirlər.
Həzrət Əli (ə)
Saatın əqrəbləri on dörd radələrini göstərəndə hüzürə yığılanlar otaqda hökm sürən vəziyyətdən narahat oldular. Narahatlıq ondan ibarət idi ki, öz son mənzilinə yola salınan Behbud kişini oxşayıb ağlayan demək olar ki, yox idi. O, bu gün sonuncu yeni “mənzilinə” köçürdü. O “mənzil”lə heç kim təbrik olunmur. Bu məqamda Allah yada düşür. Vaxtı ikən hökumət onu yaşadığı mənzillə şad edəndə burda neçə gün qonaqlıqlar verilmişdi. Yasdakıların bəziləri də o vaxt Behbud kişini evinə təbrikə gəlib onun xına rəngində bişirdiyi kabablara qonaq olmuşdular. Hər dəfə onunla rastlaşanda “kababın dadı ağzımızda qalıb” deyirdilər. Behbud ürəyi kövrək, həlim bir adam kimi məqaləsinin qonararına kabab qonaqlığına dəvət edəcəyinə söz verirdi. Beləliklə, elmi məqalələrin dadı Behbudun, tüstülənən kababların ləzzəti isə qohum və tanışların olurdu. Behbud sağlığında yeyilən kabablar üçün yanmırdı, bir nəfər maraqlanmazdı ki, ay Behbud, zəhmət çəkib nədən yazmısan, bizi də başa sal.
Vaxtı ikən müdrik atalar sözü vardı: alim öldü aləm öldü. İndi də bu məkanda alim ölüb, aləm də öz kefindədir. Hərdən-bir əl yaylığı ilə səssiz-səmirsiz gözünü silənləri nəzərə almasaq. Behbud kişinin torpağa tapşırılmağına isə iki saatdan az vaxt qalırdı. Qadınlar bir-biri ilə çoxdan görüşmədiyi üçün bu vaxt ərzində danışmağa o qədər söhbət yığılımışdı ki, mərhumun üçünə qədər bir yerdə oturub danışsalar da söhbət qurtaran deyildi.
Hamı Behbud kişinin əbədi susmasından sui-istifadə edib sərbəstləşmişdi. Bilirdilər ki, artıq bu dünyanın qayğıları, siyasi ab-havası onu narahat etmir. Amma sağlığında o qədər vətənpərvər bir insan olmuşdu ki, hansı məclisə düşsəydi dilindən torpaq, vətən kəlmələri düşməzdi. Onu sağlığında yaxından tanımayanlar bilmirdilər ki, Behbud vətənpərvərlik xəstəliyindən ölmüşdü. Bazar günü axaşmüstü evdə oğluyla televizorda xarici xəbərlərə son dəfə baxarkən dünyanın qaynar nöqtələrində ən çox ölən və yaralananların müsəlman olması ona ağır təsir bağışlayır. Bir tərəfdən də öz doğma torpağının bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi onun sağlamlığına zərbə vurmuşdu.Ürəyi namərd dövranın ədalətsizliyinə tab gətirə bilməmişdi. Alim məyus anlarında tez-tez bu sözləri deyərdi:“ Cahillər çoxalanda ariflər qərib olar.” Bu qəribçiliyi Behbud öləndən sonra da onun ruhu yaşadı.
Yas məclisinə kədər və hüzn gətirmək üçün yaşlı qadınlardan biri qohumuyla söhbətini bitirəndən sonra ağbirçək kimi hamını məzəmmət etməyə imkan tapdi:
- Rəhmətlik sağlığında bisəydi ki, onun ölüsü sizə etibar olunacaq, ölməyə nifrət edərdi. Heç kim ölməyini gözünün qabağına gətirmir. Nə vaxta qədər kişiyə hörmətsizlik edəcəyik? Aramızda bir neçə ağız deyib oxşayan tapılmayacaq?
-Bəs sən niyə ağlamırsan? Sağlığında ən yaxın adamı idin...O qədər sənə yaxşılıqlar edib ki...-deyə Behbud kişinin uzaq qohumu Yetər narazılıqla dilləndi. Onun arıq, uzun sifətində qələm qaşları sanki ilan kimi qıvrılıb öz şikarının üstünə atılmağa hazır idi.
Yaşlı qadın Yetərin cavanlıqdan acıdil olduğunu bildiyi üçün öz təmkinini pozmadı:
- O, nəinki mənə çox adama yaxşılıq edib. Mən nankor adam deyiləm. Görmürsən xəstə-xəstə qızdırmalı gəlib oturmuşam burda.
- Hər halda mərhumla müqayisədə sənin vəziyyətin o qədər də ümidsiz deyil.
-Söz güləşdirməkdənsə məsciddən bir qadın mollası tapsınlar gəlib ağu desin. Heç olmasa gözümüzdən yaş tökülsün. Bəlkə belə bir gündə bəzilərinin günahları, borcları yadına düşə. Biz həmişə yaslarda tamaşaçı olmayacağıq, bizi də belə bir gün gözləyir.
- Ağlamalı kinolara baxanda gözlərimizin yaşı qurumur.Qabağımızda bu boyda kişi dünyadan köçür biz heç öz axirətimiz haqda düşünmək belə istəmirik.
- Gəlin rəhmətliyi sağlığında necə tanımışıqsa onun haqqında bir neçə kəlmə söz deyək. Onun verdiyi qonaqlıqları xatırlayaq. Çox səxavətli bir insan olub.Vallah onun ruhu bu otaqda bizimlədir.
Məclisdə əyləşənlər deyilənlərə qulaq assalar da ağlamaq fikrindən çox uzaq idilər. Bəziləri göz ağrısından, kimi yüksək qan təzyiqindən, kimi şəkərindən şikayət edib bütün günahları xəstəliklərin üzərinə atdılar.Təkcə vətənpərvərlik xəstəliyi haqqında danışan tapılmadı. Bunu o xəstəliyə sağlığında düçar olan Behbud kimi adamlar başa düşə bilərdi.
Mərhumun gözəgörünməz ruhu hələ qırx gün dirilərin arasında olacaqdı. Nə vaxtsa onu son mənzilə ötürməyə gələnlərin yuxularına gələcəkdi. Görən, onlarla nədən danışacaqdı? Yəqin bu dəfə elmi söhbətlər aparmağa vaxt tapılacaqdı. Çünki daha qonaqlıq vermək iqtidarında deyil.
Orta yaşlı müəllimə də öz tərəfindən məclisi idarə etməyə çalışdı. Müəllim səriştəsi ilə məclisin diqqətini özünə cəlb etmək istədi.
- Bir kitabda oxumuşam ki, Makedoniyalı İskəndər savaşlara hazırlaşanda özü ilə uzaq yollara şair, həkim, tarixçi, aşbaz və s. sənətkarlarla bərabər dəfn mərasimləri üçün ağu deyənlər də aparırdı. Çünki qəribçilikdə ölənlərin yanında əzizləri olmadığı üçün onları oxşayıb ağlayan lazım idi. Məsələn, eramızdan əvvəl yuğlar dəfn mərasimini balaca teatra döndərirdilər. Bu gün biz teatrda tamaşa qoyana rejissor deyirik, keçmşdə isə onlara “oyunbaba” deyilirdi.
Tarix dərsinə qulaq asmağa hövsələsi çatmayan Yetər qol saatına baxıb hövsələdən çıxdı:
- Biz də elə sən deyəni deyirik də...Bu məclisin oyunbabası olmalıdır ya yox?!
Mərhum Behbudla vaxtı ikən divar qonşusu olan Valya qocalıb əldən düşdüyü üçün qulaqları pis eşidirdi. Kar da olsa azərbaycanca yaxşı danışırdı. Üzündəki dərin qırışların içində dodağındakı qırmızı boya da elə bil öz təravətini itirmişdi. Məclisdə söhbətin nədən getdiyini axıracan dərk etmədiyi üçün Yetərdən soruşdu:
- Oyunbaba kimdir, onun adı Behbud idi.
-Düzdür, rəhmətliyin adı Behbuddur, amma onun ölməyini şərəfləndirmək üçün oyunbaba, yəni adamları ağladan lazımdır. Başa düşdün? Qadın mollası lazımdır. - Yetər sön sözləri elə ucadan dedi ki, hamı çevrilib ona baxdı.
- Molla onu tanıyır?
-Yox.
-Onu tanıyanlar ağlamır, molla niyə ağlamalıdır?
-Molla adam güldürmək üçün deyil...Sizin keşişlər də adam öləndə yasda iştirak etmir?
- Hə, iştirak edir. Bir məsələ var ki, bizim yaslar daha canlı keçir.
- Məclisdə araq butulkaları, zakuskalar bol olanda canlı keçər də. O qədər içirsiniz ki, ölənlə diri arasında fərq azalır. Siz də araq içmək xəstəsi. Yaxşı atalar sözü var: “Qamış ola gomuş ola görməmiş ola.”
- Qamış nədir?
- Atalar sözüdür, tərcümə olunmur.
- Yox, sən kamış demək istəyirsən?
Yetər kar qonşusunun yerli-yersiz şərhlərindən bezib deyindi:
- Əcəb işə düşdüşm. Qəmiş kimi yapışıb yaxamdan. Allah bilir Behbudun da sağlığında nə qədər zəhləsini töküb.
Tarix müəllimi yenə söhbətə müdaxilə etdi:
- Yas məclisində belə ucadan danışmazlar. Mərhumun qabağında susmaq heç nə danışmamaq özü ehtiram əlamətidir.
- Qonşun kar olanda qışqırmayasan nə edəsən?
- Mən kar deyiləm,-deyə Valya Yetərin ucadan dediyi sözü eşidərək, karlığını boynuna almadı.
-Mən də kor deyiləm. Bayaqdan burda gedən söhbətləri öz başa düşdüyün kimi yozursan. Qocalmaq nə vaxtdan ayıb sayılır? Adamın başına iş gələr də. Görmürsən, o boyda kişi ölüb. Heç cürə buna inana bilmirəm. Bəlkə ona görə gözlərimdə yaş da quruyub? Bir həftədən sonra ölsəydi, mənə tapdığı iş də əlimdən çıxmazdı. Adamın gərək bəxti ola.
- Yox, adamın gərək vicdanı, qəlbi ola, -deyə Behbudun böyük baldızı Yetərin yersiz sözlərinə cavab verməyə bilmədi.- Əgər səni işə düzəldib ölsəydi gözündən yaş çıxardı.
Mərhum Behbud işıqlı dünyadakı son saatlarını onu üzük qaşı kimi gövrəyə alan qadınların arasında necə keçirirdi demək çətindir. Yəqin ki, onun ruhu bədənini tərk edəndən sonra qohumlarını, tanışlarını daha yaxşı tanımışdı.
Otağa üç sıra stullar qoyulmuşdu. Üçüncü sırada əyləşən bəzi qadınlar arxa sıralarda şirin-şirin söhbət edirdilər. Çünki onlar məclisdə bir o qədər də nəzəri cəlb etmirdilər. Divardakı saatın əqrəbləri artıq on beş radələrini göstərirdi. Behbudun baldızları köks ötürüb bacılarının əvəzinə bir ağız ağlaşdılar.
-Bacımız Behbuddan əvvəl ölməsəydi hüzür də belə soyuq keçməzdi.
-Yazığın bir oğlu var, o da çadırda kişilərin arasındadır. Nə edə bilər?
- Ölüm necə də adiləşıb. Çünki həyat da öz əvvəlki dəyərini itirib.
-Yadımdadır, əlindəki axırıncı pulunu qonşuluqdakı yataqxanada yaşayan qaçqın ailəsi üçün əsirgəmirdi.
Tarix müəllimi məclisə üzünü tutub ümidlə qadınlardan soruşdu:
-Aramızda bayatı, mərsiyə deyən var?
Yetər yenə əsəbiləşərək, öz hikkəsini gizlədə bilmədi:
- Adını müəllim qoyub bizdən bayatılar, folklor istəyir.Görmürsən burda oturanların çoxu rusdillidir, onlar uşaqlıqda çastuşkalara daha çox qulaq asıblar. O da rusların bayatılarıdır...
- Rəhmətlik özü rus dilli olsa da, ona ehtiyac olmayanda, ancaq öz ana dilində danışırdı. Əvvəla mən ədəbiyyat müəllimi deyiləm.. Qohum özünü belə aparanda özgədən nə ummaq olar? Rəhmətlik buna layiq deyil...Heç rus dilində də deyib ağlayan tapılmadı.
Məclisdəkilər bir anlıq ağlaşmanı, oxşamanı rus dilində təsəvvür edib, qımışdılar. Qadınların arasında başıaşağı qəmgin oturan yaraşıqlı bir xanım nəhayət, kəskin söz deməyin vaxtı çatdığını hiss etdi. Bir azdan kişi mollası otağa girəcəkdi. Rəhmətlik Behbudla Akademiyada uzun illər bir yerdə işləmişdilər. Qadın iclaslarda olduğu kimi ayağa durub hüznlə dedi:
-Behbud müəllimin vəfatı çox ağır bir itkidir. Lakin mən bugünkü məclisə baxıb belə qənaətə gəlirəm ki, indiki zamanda nə diriyə, nə ölüyə hörmət qalmayıb. Bayaqdan hamı öz aralarında danışmaq üçün o qədər mövzu tapa bilib ki, amma Behbud müəllim haqqında söz qəhətə çıxıb. Əvvəllər toy da, yas da tərbiyə ocağı olub...İndi isə çoxumuz bu mədəniyyətdən uzaqlaşmışıq. Bu gün də yas məclisində sizlərin dediyi kimi “oyunbaba” axtarırıq ki, bizi kövrəldib ağlada bilsin. Gözünüzə əziyyət verməyin. Əgər gözlər həqiqəti görə bilmir, qəlbi daşdırsa süni ağlamağa dəyməz. Biz də bu dünyada qonağıq .Allah tərəfindən ölənlərə öz yas məclisində son dəfə vida sözü demək səlahiyyəti verilsəydi görən onlar dirilərə nə deyərdilər? Bəlkə də onların son etirafları insanların indiki şüurunu kökündən dəyişdirərdi. Dirilər qəflət yuxusundan ayılardı. Eh, hələ bilmək olmaz kim diridir, kim ölü. Onun qədrini bilənlər üçün Behbud müəllimin yeri həmişə görünəcək. Nə qədər alim yetişdirib. Onun xeyirxah əməlləri, ziyası da ziyalılığından irəli gəlirdi. Alimin dəyəri Allah yanında həmişə ucadır. Bir alim dünyası bizi tərk edib köçdü. “Fatihə” surəsinin son ayələri hər gün dilimizdə düadır: “Bizi doğru yola yönəlt, nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların yoluna deyil.” Sən doğru yolun yolçusu kimi Allahın xoşbəxt bəndəsi olmusan. Allah sənə qəni-qəni rəhmət eləsin, Behbud müəllim.
Otağa dərin bir sükut çökdü. Daha heç kim söz güləşdirməyə cəsarətlənmədi. Otağa daxil olan cavan kişi Behbudun böyüdülmüş şəklini divardan çıxardanda hamı başı üstündə sərin meh hiss elədi. Büllur çilçırağın sırsıraları hərəkətə gəldi. Otaqdakı sakitliyin içində gərginlik, uğultu vardı. Qulaqlarda eşidilən uğultu bəlkə də Behbudun son vida sözləri idi: “Həyat sizə nə verdi? Diriyə, ölüyə qiymət qoymayan Allahı necə dərk edər? Mənim susan ürəyim ayrılıq ərəfəsində sonuncu dəfə ağrıdı. Elə bildim bütün bunları yuxuda görüb eşidirəm. Öz doğma evim mənə yad göründü. Diri ölülər içində yaman darıxdım. Allah sizə rəhmət eləsin.”
Behbud oğlu və qardaşlarının çiyinlərinə götürülüb həyətə düşürüldü. Hava tutqunlaşırdı. Axşamüstü yağış gözlənilirdi. Payız küləyi isə get-gedə güclənirdi. Qadınlar isti, rahat mənzildən sonra həyətdə üşüyürdülər. Tezliklə isti çay içmək üçün Behbudun keçmiş mənzilinə qalxmağa tələsirdilər. Evində dünənki son gecənin qonağı olan Behbud isə bilmirdi ki, onun üzünə heç vaxt səhər açılmayacaq. Öz evində bilmirdi ki, son çayını içir. Payız da onun son gördüyü fəsil idi. Bu gündən daha nə yağış, nə qar onun həyatına heç vaxt yağmayacaqdı. Tanıdığı adamlar, qohumlar, hər şey sanki qara pərdə arxasında qalmışdı. İrəlidə alimliyi, xeyirxah əməlləri onun o dünyada ən böyük qazancı idi.
Yaşlı molla tabutun qabağında Quranın “Ər-Rəhman” surəsini ucadan oxuya-oxuya üzü qəbiristanlığa gedirdi: “Ey, ağır yük altında olanlar (yaxud yerə ağırlıq edən cinlər və insanlar) sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hasabını mütləq çəkəcəyik). Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!”
Behbudun tabutunu aparanlar gözdən itənəcən Rəbbin nemətlərini yalan sayanlar, dünya aşiqləri hələ də yarımçıq söhbətlərini davam etməkdə idilər...