"Ğüfeylə" sözü ərəb dilində "ğəflət" (qəflət) sözünün kiçik anlamındadır, yəni, kiçik qəflət. İmam Sadiq (ə) öz ata-babası vasitəsilə Peyğəmbərdən (s) bu müstəhəb namaz haqqında belə nəql edir: "Qəflət saatında heç olmasa iki rəkət namaz qılın. Bu iki rəkət sizi cənnətə salacaq. ("Fəlah əs-sail", Seyyid ibn Tavus, s-244)
Başqa bir rəvayətdə belə buyurur: "Qəflət saatında müstəhəb namaz qılın. Baxmayaraq ki, bu iki rəkət namaz asan namaz olsun. Çünki, bu iki rəkət sizi cənnətə salacaq. Sual verdilər: - Ey Allahın Rəsulu (s)! Qəflət saatı nə vaxtdır? Buyurdu: - Məğrib və İşa namazları arası" (Həmin mənbə, s-245)
İmam Sadiq (ə) Peyğəmbərin (s) dilindən belə nəql etmişdir: - Məğrib və İşa namazları arasında olan iki rəkət "Ğüfeylə" namazını qılmağı tərk etməyin" (Həmin mənbə, s-246)
Ğüfeylə namazının qılınma qaydası
Bu namazın qılınma qaydası barədə İmam Sadiq (ə) buyurmuşdur:
- Məğrib və İşa namazları arasında iki rəkət namaz qılmaq istəyən şəxs, birinci rəkətdə "Fatihə" surəsindən sonra bu ayəni desin:
"وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغاضِـباً فَـظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَیْهِ فَنادی فِی الظُّـلُماتِ أَنْ لا إِلـهَ إِلاّ أَنْتَ سُبْحانَکَ إِنِّی کُنْتُ مِنَ الظّالِمِـینَ * فَاسْتَجَبْنا لَهُ وَنَـجَّیْناهُ مِنَ الغَمِّ وَکَذ لِکَ نُـنْجِی المُـؤْمِنِـینَ"
Oxunuşu: "Və zən-nuni iz zəhəbə muğaźibən fə ẓənnə əl-lən nəqdirə ələyhi, fənada fiẓ-ẓulumati əlla ilahə illa əntə, subhanəkə inni kuntu minəẓ-ẓalimin. Fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nuncil-mu`minin".
Tərcüməsi: "Zün-Nunu (Yunisi) da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində: “Səndən başqa heç bir məbud yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam”, -deyib dua etmişdi. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!"
İkinci rəkətdə "Fatihə" surəsindən sonra bu ayəni desin:
"وَعِنْدَهُ مَفاتِحُ الغَیْبِ لا یَعْلَمُها إِلاّ هُوَ وَیَعْلَمُ ما فِی البَرِّ وَالبَحْرِ وَما تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلاّ یَعْلَمُها وَلا حَبَّةٍ فِی ظُلُماتِ الأَرْضِ وَلا رَطْبٍ وَلا یابِسٍ إِلاّ فِی کِتابٍ مُبِـینٍ"
Oxunuşu: "Və `indəhu məfatihul-ğəybi la y`ələmuha illa huvə, və y`ələmu ma fil-bərri vəl-bəhr, və ma təsquṭu min vərəqətin illa y`ələmuha, və la həbbətin fi ẓulumatil-ərźi, və la rəṭbin və la yabisin illa fi kitabin mubin".
Tərcüməsi: "Qeybin açarları Onun (Allahın) yanındadır. Onları ancaq O bilir. Suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!"
Qiraəti qurtarandan sonra isə, qunut tutsun və desin:
"اَللّهُمَّ إِنّی اَسْئَلُکَ بِمَفاتِحِ الْغَیْبِ الَّتی لا یَعْلَمُها اِلاّ اَنْتَ اَنْ تَصَلِّیَ عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اَنْ تَفْعَلَ بی کَذا وَ کَذا"
Oxunuşu: "Əllahummə inni əs`əlukə bi məfatihil-ğəybil-ləti la y`ələmuha illa əntə, ən tusəlliyə `əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi kəza və kəza".
Tərcüməsi: "İlahi Səndən Özündən başqasının bilmədiyi qeybin açarlarına xatir istəyirəm ki, Məhəmməd və onun ailəsinə salavat göndərəsən və mənimlə "belə" (kəza və kəza) rəftar edəsən".
"Kəza və kəza" sözlərinin yerinə öz hacətini istəsin. Sonra isə desin:
"اَللّهُمَّ اَنْتَ وَلِیُّ نِعْمَتی وَالْقادِرُ عَلی طَلَبَتی تَعْلَمُ حاجَتی فَأَسْئَلُکَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ عَلَیْهِ وَ عَلَیْهِمُ السَّلامُ لَمّا قَضَیْتَها لی "
Oxunuşu: "Əllahummə, əntə vəliyyu n`iməti, vəl-qadiru `əlaṭəlibəti, t`ələmu hacəti, fə`əsəlukə bi-həqqi Muhəmmədin və ali Muhəmmədin, `ələyhi və `ələyhimus-səlam, ləmma qəźəytəha li".
Tərcüməsi: "İlahi, Sən mənə çatan nemətlərin vəlisisən, mənim istədiklərimə qadirsən, mənim hacətimi bilirsən. Belə isə, Məhəmməd və Məhəmmədin ailəsi (ona və onlara salam olsun) haqqına səndən istəyirəm ki, onları mənə verəsən".
Allah onun istəklərin (əgər məsləhət olsa) əta edər. ("Fəlah əs-sail", s-245)
Mərcəi-təqlidlər bu namazı müstəhəb namazlardan biri saymışlar. Onun qılınma vaxtını məğrib namazından sonra, qərb tərəfdəki qırmızılığın çəkilməsinə qədər təyin etmişlər.