İmam Rzadan (ə) məhərrəm ayı ilə bağlı belə bir hədis nəql edirlər: “Məhərrəm - bir aydır ki, cahiliyyət əhli bu ayda müharibə etməyi haram hesab edərdi. Amma bizim qanımızı o ayda halal saydılar. Bizim hörmətimizi o ayda qorumadılar. Övlad-əyalımızı əsir götürdülər. Xeymələrimizi oda çəkdilər, orada hər nəyimiz var idi, qarət etdilər və Rəsulun (s) hörmətini bizim barəmizdə riayət etmədilər”.
Hədisin təhlilində ilk öncə fabulasını, məzmununu təşkil edən «cahiliyyət dövrü» məfhumuna toxunaq. Bu anlayış Ərəbistan yarımadasında İslamdan öncəki perioda, Həzrət Rəsulullahın (s) İlahi risaləti təbliğ etməyə başlamasından öncəki perioda şamil edilir. Cahiliyyət dövrü dedikdə, müasir mənada işlənən «bisavadlıq» nəzərdə tutulmur. Ərəblərin İslamdan öncə də şifahi ədəbiyyatı çox inkaşaf etmişdi. Burada «cahiliyyət» - İlahi təlimdən məlumatsızlıq mənasında işlənir. Həzrət İmam Rzanın (ə) bu dövrə işarəsi təsadüfi deyil, bu məsələnin sonradan açılışı veriləcəkdir.
Hədisdə istinad edilən digər müstəvi - İslam Peyğəmbərinin (s) Əhli-beytinə (ə) ehtiram barədə İlahi göstərişdir. Belə ki, Qurani-Kərimin “Şura” surəsinin 23-cü ayəsində Allah Təala buyurur: “(Ya Peyğəmbər!) De: “Mən Sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində yaxınlarıma (Əhli-beytimə) sevgidən başqa bir şey istəmirəm”. Müqəddəs Kitabda Həzrət Peyğəmbərin (s) Əhli-beytinə məhəbbət və ehtiram barədə açıq-aydın göstərişə rəğmən, Yezid lənətliyin qoşunu İmam Hüseyni (ə) və əziz məsləkdaşlarını qanlarına qəltan etdilər. Beləliklə, mübarək hədisdə məsələ 2 müstəvidə qoyulur: əgər siz müsəlmansızsa, onda digər müsəlmanın qanı və malı toxunulmazdır, ehtiram ünvanıdır. Peyğəmbərimizin Əhli-beytinə (ə) bilavasitə aid olan İmam Hüseynə (ə) aid isə nəinki toxunulmazlıq, hətta məhəbbət göstərmək göstərişi də vardır. Yəni, əgər müsəlmansınızsa, sizin borcunuz idi İmama (ə) qeyd-şərtsiz ehtiram etmək, nəinki onu mühasirəyə alıb, olmazın məşəqqətlərə məruz qoyub, əzizləri ilə birgə şəhadətə yetirmək. Beləliklə, Yezid lənətliyin ordusuna toplaşmış canilər müsəlman olmaq iddiasında olan adamlar idi, amma Rəsullulahın (s), Mütəal Allahın göstərişlərinə qarşı üsyan etdilər, İmamı (ə) qətlə yetirdilər. Bu azmış kimi, Peyğəmbərimizin (s) Əhli beytinə aid mübarək şəxsləri əsir götürdülər, əmlakını qarət etdilər.
Cahiliyyət dövrünün adətinə də əməl etmədilər
Qeyd edək ki, cahiliyyət dövrünə işarə mübarək hədisin məzmununu digər rakursdan açır: yox, əgər müsəlmanlığı danıb, cahil ata-babalarınızın yolu ilə gedirsinimzsə, bu halda, cahiliyyə dövrünün ərəbləri kimi olaydınız heç olmasa. Cahiliyyə dövrünün ərəbləri məhərrəm ayında müharibə etməyi haram bilərdilər. Bu - tabu, yasaq edilmiş bir məsələ idi, hətta cahiliyyə dövrünün ərəbləri də bu mövzuya ciddi riayət edirdi. Demək, Yezid lənətliyin ordusu bu müddəaya belə əməl etmədi, cahil ata-babalarının adətinin də tapdaladı.
Mahiyyətinə varanda, bununla Yezid lənətliyin ordusunun hər hansı bir əxlaq, mənəviyyat, insani dəyərlər sisteminin xaricində olması vurğulanır. Yəni, adam cildində olan bu qaniçən məxluqları heç bir dəyərlər sisteminə görə, hətta cahiliiyət dövrünün adət-ənənəsinə gərə də insan adlandırmaq mümkün olmadığı bir daha təsdiqlənir.
Mövzunu davam etdirərək, İmam Hüseynin (ə) Kərbəla ilə, o məkanla bağlı buyurduğu bir hədisə işarə edək. İmam Hüseyn (ə) buyurub: “Bura - çətinlik və bəla yeridir. Bura - miniklərimizi oturtduğumuz bir yerdir, karvanlarımızın yükünü saldığımız yerdir. Kişilərimizin qətlgahı, qanlarının tökülən yeridir”.
Hədisi Kərbəla məkanı ilə bağlı açıqlama təqdim edilir. Kərbəla - bir imtahan məqamı, Allah yolunda ən qiymətli dəyərləri qurban vermə, şəhadətə yetişmək məkanı kimi vəsf edilir. Əslində İmam Hüseyn (ə) Kərbəlaya yetişəndə söylədiyi bu mübarək kəlamlarla İlahi seçimini bildirir, zülm və istibdada qarşı hər hansı bir güzəştin mümkünsüzlüyünü bəyan edir. Əziz silahdaşlarının da artıq seçim etdiyi, canlarını Mütəal Allah yolunda fəda etməyə hazır olduqları bilinir. Gözəl bəlağətlə ən ağır imtahanlara, əzizlərin əsir düşməsinə belə hazırlıq bildirilir, bu ağlasığmaz çətinliklərdən fərəh və sevinc duyğuları keçirildiyi bildirilir. Düşünən insan üçün nə qədər ibrət, nə qədər dərslər var burada!