Məhərrəm ayının 1-ci və 3-cü gününün əməlləri haqqında
Agah olaq ki, bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır. Həzrət İmam Rzadan (ə) nəql edilir: “O zaman ki, Məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.
Məhərrəm ayının ilk gecəsi: İbni Tavus “İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir. 1. Yüz rükət namazdır ki, hər bir rükətində “Həmd” və “Tövhid” surələri oxunur. 2. İki rükətli namazdır ki, birinci rükətdə “Həmd” və “Ənam” və ikinci rükətdə isə “Həmd” və “Yasin” surəsi oxunar. 3. İkirükətli namazdır ki, hər bir rükətində “Həmddən” sonra 11 dəfə “Tövhid” surəsi oxunar. Peyğəmbərdən (s) nəql edilir: “Hər kim bu iki rükət namazı bu gecədə yerinə yetirərsə, sabahısı günü oruc tutsun. O kəs kimi olar ki, bütün il boyu xeyr iş görmüşdür. Həmin ildə hifz edilər. Əgər ölərsə, behiştə gedər”.
Birinci gün (16 noyabr): Oruc tutmaq. Riyan ibni Şəbib İmam Rzadan nəql edir: “Hər kim bu günü oruc tutarsa, Allahı çağırarsa, Allah onun duasını yerinə yetirər. Necə ki, Zəkəriyyanın (ə) duasını qəbul etmişdi".
İmam Rzadan (ə) nəql edilir: “Peyğəmbər (s) Məhərrəm ayının birində iki rükətli namaz qılardı. Qurtarandan sonra əllərini göyə qaldıraraq, bu duanı edərdi: Allahım, Sən əzəli Məbudsan! Bu Sənin ilindir. Bu aydan Səndən şeytandan hifz edilməyimi, günah işlədə bilən nəfsə qələbə çalmağımı, məni Sənə yaxınlaşdıran şeylərlə məşğul olmağımı istəyirəm. Ey Böyük və böyüklərin Sahibi! Ey sığınacağı olmayanların Sığınacağı! Ey o kəsin qəm yeyəni ki, onun qəm yeyəni yoxdur! Ey o kəsin pənah yeri ki, başqa pənah yeri yoxdur! Ey o kəsin fəryadına çatanı ki, fəryadına çatan yoxdur! Ey o kəsin himayəçisi ki, onun himayəçisi yoxdur! Ey o kəsin xəzinəsi ki, onun xəzinəsi yoxdur! Ey yaxşı imtahan edən, ey ümidlərin böyüyü, ey gücsüzlərin izzəti, ey qərq olmuşların nicat verəni, ey həlak olanları xilas edən, ey nemətverən...”.
Üçüncü gün (18 noyabr): Həzrət Yusifin (ə) zindandan azad olduğu gündür. Kim həmin günü oruc tutarsa, Allah Təala çətin işləri onun üçün asan edər. Qəmi ondan uzaqlaşdırar. Duası qəbul olar.