Qeybət bir nəfərin arxasından onun xoşuna gəlməyən şeyləri demək, başqa sözlə, bizim özümüzə deyildiyi vaxt yaxşı baxmadığımız bir şeyi din qardaşımız haqqında arxasından danışmaq mənası verir. Camaat arasında “dedi-qodu” sözü və “filankəsin dalınca danışmaq” ifadəsi qeybət sözü ilə eyni mənada işlədilir. Ad çəkilməsə də, əgər haqqında danışılan şəxsin kim olduğunu başa düşmək olursa, bu yenə qeybət hesab edilir.
Qeybət etmək haramdır. Allah bu barədə deyir:
“Biriniz digərinin qeybətini eləməsin. Sizin hansınız ölmüş qardaşının ətini yemək istəyər? Bundan diksindiniz. Elə deyilmi?”.
Əbu Hüreyrədən (r. a.) rəvayət olunduğuna görə peyğəmbərdən (s. a. v.) belə soruşdular:
“Ey Allahın elçisi, qeybət nədir?”.
Peyğəmbər cavab verdi:
“Qeybət qardaşını onun xoşuna gəlməyən bir şey ilə yada salıb danışmağındır”.
Bunun üstündən belə soruşdular:
“Bəs əgər dediyim şey onda varsa, necə?”.
Peyğəmbər cavab olaraq dedi:
“Əgər dediyin şey onda varsa, qeybət edirsən. Yoxdursa, böhtan atmış hesab olunursan”.