Amaliya Pənahova: Sənətdən getməyim üçün – MÜSAHİBƏ

Son güncelleme: 28.01.2013 06:24
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage


    “Başımıza daş düşən binada məşq edirik...”

    Onun həyatında ilkləri çox olub. İlk rəngli televiziya efirə onun çıxışı ilə açılıb. İlk dəfə teatr tariximizdə dramaturq bir aktrisa üzərində rol yazıb. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi obrazlarda anşlaq tamaşaları ilə teatr sənəti tarixinə yeni bir səhifə yazıb. Teatrda bir-birinin ardınca “Qanlı Nigar”, “Bizim qəribə taleyimiz”, “Unuda bilmirəm”, “Şeyx Xiyabani”, “Təhminə və Zaur”, “Büllur sarayda” və bu kimi çox böyük uğurla gedən tamaşalarda rol alıb. 1992-ci ildə həyat yoldaşı, aktyor və teatr xadimi Yusif Muxtarovla birlikdə “Bakı Bələdiyyə Teatrı”nı yaradıblar.

    Bir neçə gün bundan öncə teatrın yaradılmasının 20 illiyi tamam oldu. Aradan bu qədər vaxt keçməsinə baxmayaraq, öz binası olmayan Bakı Bələdiyyə Teatrı məşqlərini hələ də mebel mağazası, çayxana, yeməkxana, gözəllik salonu, tennis və oyun zalları və sair obyektləri özündə cəmləşdirən “Dostluq” kinoteatrında keçirir. Aktyorların məşq etdikləri otaqlar baxımsız, uçuq, olduqca soyuq idi.

    “Şöhrət” ordeni alan yeganə teatr aktrisası, xalq artisti Amaliya Pənahova Lent.az-a ilk söhbətinə 20 ildir yaratdığı teatrın nailiyyətlərindən danışmaqla başladı.

    - Teatrımız öz fəaliyyətinə cəbhə bölgələrində çıxışlarla başladı. 1992-1996-cı illərdə hər həftə döyüş bölgələrində olurduq. Əsgərlər qarşısında çıxış edərək, onlara stimul verirdik. Bu illər ərzində xarici ölkələrdə Azərbaycan teatrını layiqincə təbliğ etdik. Bir çox teatr festivallarında çıxış etdik. 10 dəfəyə yaxın İstanbulda olduq. Türkiyənin Trabzon, Qars, Bursa şəhərlərində, eləcə də Ukrayna, Rusiya, Fransa, Gürcüstan, İran şəhərlərində teatrımızı təmsil etməyə çalışdıq. Vətənpərvərlik, qəhrəmanlıq, düşmənə nifrət, tarixi mövzular… bunlar bizim səhnədə işıq üzü görüb. Cəfər Cabbarlının “Dönüş”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cavidin “İblis”, Nazim Hikmətin “Domokl qılıncı” və bir çox digər tamaşalar hazırlandı. Ən sevindirici məqam isə odur ki, bu yaxınlarda Ukraynada keçirilən “Herson” Beynəlxalq festivalından döndük. Orada “Əli və Nino” tamaşası 3 diplomla təltif edildi: “Ən yaxşı qadın rolu”, “Festivala verdiyi töhfə - ən uğurlu tamaşa” və Hersondakı Azərbaycan diasporu tərəfindən “Tamaşada gənclərə önəm verildiyi üçün”. Elə həmin tamaşa ilə Moskva “Qızıl Maska” Beynəlxalq festivalına qatıldıq. 1957-ci ildən keçirilən bu festivalda Azərbaycandan ilk dəfə olaraq Bakı Bələdiyyə Teatrı dəvət edilmişdi. Sonuncu səfərimiz isə Bursaya oldu. “Nilufər” Beynəlxalq Teatr festivalında Anarın “Qaravəlli” əsəri əsasında hazırladığımız tamaşa böyük marağa səbəb oldu.

    - Amaliya xanım, bu 20 ildə məkan probleminiz niyə həll olunmamış qaldı ?

    - Mən özüm də bunu başa düşə bilmirəm. Bizim bu problemin niyə həll olunmamasını anlamıram. Danılmaz həqiqətdir ki, dövlət başçısı da, birinci xanım da teatr sahəsinə çox böyük diqqət göstərirlər. Bütün teatrlara yeni binalar verilir, təchizatlarla təmin olunur. Bakı Bələdiyyə Teatrı isə çıxdaş olub. Bizə bina verilməsi ilə bağlı Mədəniyyət Nazirliyi hər gün bir söz deyir. Biz isə qalırıq gözləyə-gözləyə.

    - Rəhbəri siz olmasaydınız Bakı Bələdiyyə Teatrına münasibət necə olardı?

    - Deyə bilmərəm. Çalışıram ki, elə hesab edim ki, bu, bir anlaşılmazlıqdır.

    - 20 il anlaşılmazlıq çox deyil?

    - Onsuz da teatrın fəaliyyəti göz qabağındandır. Mən şikayət etməyi sevmirəm və etmirəm. Buna görə də bizim problem həllini tapmır. Məşqlərimiz başımıza daşlar düşən binada keçir. Amma maraqlananlar bilirlər ki, Azərbaycanda yeganə Bələdiyyə Teatrıdır ki, onun binası yoxdur. Teatrımız qaçqın-köçkün vəziyyətindədir. Hər gün deyirlər ki, olacaq. Ümid yerimiz də yoxdur. Hətta hüquqi sənədlərdə də köhnə ünvanla gedirik. Bu, çox mənfi haldır. Məşqlər burada keçirilir. Nə zaman ki, ayrı-ayrı səhnələrdə teatr rəhbərləri bizə icazə verir, o zaman tamaşa göstəririk. Amma biz qaçqınlar, köçkünlər, əsgərlər qarşısında, xaricdə çıxışlar edirik. Xarici ölkədə vətənimizdən daha çox tamaşalar göstəririk.


    - Bu diqqətsizlik sizi yormur ?


    - Həyatda problemsiz yaşamaq mümkündür ki? Siz görürsünüz ki, bizim teatrımız haqqında hər zaman necə yüksək fikirdə olublar. 10 illiyimizdə Heydər Əliyev 23 nəfər işçimizə yüksək fəxri adlar verdi. 15 illiyimizdə ayrı-ayrı teatr tənqidçilərinin təhlilləri, mülahizələrinin yer aldığı 3 böyük kitab çap olundu. Mən bu sənəti çox sevirəm. Bezmişəm, yorulmuşam deyə bilmərəm. Mən onsuz da hər şeyə əziyyətlə nail olmağı öyrənmişəm.

    - Teatrınızın ad günündə bina hədiyyəsi gözləyirsinizmi?

    - Ad günündə adam hədiyyə gözləyir. Bəlkə 20 illik münasibəti ilə bizə bu hədiyyəni bəxş etdilər. Biz buna çox sevinərik.

    - Aktyorlarınızın məvacibində artım varmı ?

    - Biz yaranandan dövlət teatrıyıq. Yəni, teatrımız dövlətdən maliyyələşir. Teatr qanununa görə, akademik teatr 100 faiz artımla, aparıcı teatrlar 50 faiz, adi teatrlar isə 20 faizlə çalışa bilərlər. Bu baxımından bir az ayrı-seçkilik olur. Mənə elə gəlir ki, aktyorun zəhməti hər yerdə eyni olmalıdır. Aktyor paylaşdığı istedadına, tutduğu mövqeyinə görə əmək haqqı almalıdır. Yalnız teatrın statusu var deyə orada lazım gəldi-gəlmədi hər kəsin yüksək məvaciblə çalışmağı düzgün deyil. Bakı Bələdiyyə Teatrına aparıcı statusu Heydər Əliyev verib. Amma bizim ayrı-ayrı şəhərlərimizdə çalışan aktyorlarımız yalnız cüzi məvacibə çalışırlarsa, bu çox çətindir.

    - Azərbaycan teatr və kino sənətində şah rollar oynayan Amaliya Pənahova bu qədər çətinliklə üzləşir. Əgər siz bu teatrı başqa bir ölkədə yaratsaydınız aqibəti necə olardı?


    - 10 il bundan öncə Türkiyədə qastrol səfərində idik. Ankaranın Keçiören bələdiyyəsi bizim tamaşalara baxırdı. Səfər 28 may Respublika Gününə təsadüf edirdi. Azərbaycanda bütün teatr işçilərinə təqaüdlər, fəxri adlar verildi. Bizdən isə heç kimin adı çəkilmədi. Kollektivimiz buna çox məyus oldu. Onlar bizim məyusluğumuzu görəndə soruşdular ki, nə baş verib? Aktyorlarımız da söylədi ki, adlarımız yox, təqaüdümüz yox, hələ üstəlik binamız da yox. Orada rəhbərlik çox təəccübləndi və təəssüf etdiklərini söylədilər. Elə dərhal bizə təklif etdilər ki, hamılıqla orada qalaq və bizə bina verilsin. Mən düşündüm ki, bu siyasi aksiyadır. Biz getmədik o çağırışa. Mən gülərək dedim ki, hər sahədə problem olur, onu dəf etmək lazımdır. Hər şeydən küsüb Vətəni atmaq olmaz. Elə olsa hər kəs öz məmləkətini atıb gedərdi. Necə ki, 1990-cı illərdə bir çox sənətkarlar vətəni atıb getdilər. Pul qazandılar, rahat yaşadılar. Sonra ölkəmizin ən yaxşı vəziyyətində qayıtdılar. Amma bizim teatrımız hər zaman xalqın yanında olub. Ən çətin anlarda yeganə biz idik ki, qaçqın və köçkünlər qarşısında çıxış edirdik. Aktyorlarımız əsgərlərimizə qan verirdilər, cüzi məvaciblərindən onlara pay ayırırdılar. Əlimizdən nə gəlirdisə, edirdik. Yenə də ümidimizi kəsmirik. Mənə elə gəlir ki, bizə də bir gün növbə çatacaq.

    - 50 ildir sənətdəsiniz. Sizə layiqincə qiymət verilibmi ?

    - Bu sənətdə olandan hər zaman diqqət görmüşəm. Mən özüm Heydər Əliyevin rəhbərliyi altında dövlət mükafatları, fəxri adlar almışam. Tək mən yox, bir çox sənətkarlarımızı onun sayəsində layiqli qiymət aldılar. Bilirsiniz ki, 1990-cı illərin əvvəlində sənət ölürdü. Onun siyasəti nəticəsində sənətkarlar yaşadılar, canlanma oldu. Bu gün də mədəniyyətə diqqət çox yaxşıdır. İlham Əliyevin rəhbərliyi altında mədəniyyət sahəsindəki inkişaf göz qabağındadır. Sadəcə olaraq ayrı-ayrı məmurların, gözü götürməyənlərin, paxıllıq edənlərin, durduğu yerdə düşmən kəsilənlərin hərəkətləridir ki, indi belə münasibət yaranır. Gec-tez bu araşdırılacaq və bunlar aradan qaldırılacaq. Çünki teatrımızın fəaliyyəti, mövqeyi göz önündədir. Ən çətin anlarda dövlətin yanında olmuşuq. Teatr kollektivimiz hamılıqla bugünkü siyasəti dəstəkləyir. Mən inanıram ki, cənab prezident bizim binamızın olmamasından xəbər tutsa, 100-dən artıq insanın belə şəraitsiz vəziyyətdə çalışdığını bilsə, dərhal tədbir görər. Fövqəladə Hallar Nazirliyi bu binanı yarasız hesab edib. Bildirilib ki, burada qalmaq çox təhlükəlidir. Ancaq Mədəniyyət Nazirliyinin işçiləri televiziya ekranlarından çıxış edirlər ki, Bələdiyyə Teatrının binası var. Bu intriqaları başa düşə bilmirəm.

    - Əvvəlki müsahibələrinizdə də demişdiniz ki, sizə qarşı intriqalar var. Deməli bu gün də davam edir.

    - Bəli, davam edir. Mən gündəlik həyatımda hər gün özümü təsdiqləmək məcburiyyətindəyəm. Həyatım zəngin hadisələrlə doludur. Gündəlik işimdə özümü təsdiqləməyim mütləq olmalıdır. Əks halda heç nə mümkün olmaz.

    - Sizin sənətdən getməyinizi istəyirlər ?

    - İnanırsınız ki, nə istədiklərini bilmirəm? Amma mənim sənətdən getməyim onlardan asılı olan bir şey deyil. Gərək mənim həyatımı əlimdən alsınlar ki, mən sənətdən gedim. Onların buna heç gücü çatmaz. Mən sənətdən getməyimi onlara rəva da görmərəm. Onu istəyənlər buna hər zaman tamarzı qalacaqlar. Mən əvvəldən necə işləyirəmsə, teatrım da daim işləyəcək. Teatrımız isə hər zaman inkişafda olacaq. Siz tarixə nəzər salsanız görərsiniz ki, teatrlar həmişə şəxsiyyət üzərində inkişafda olub. Uzağa getməyək, Moskvanın bir çox teatrlarına baxın. Görün orada ayrı-ayrı tanınmış şəxslərin yaratdıqları teatrlar necə dəstəkdədir. Nəinki xalq tərəfindən, eləcə də ayrı-ayrı müəssisələr tərəfindən qayğı görürlər. Onları göz üstündə saxlayırlar. Biz yəni elə çoxuq? İtirə-itirə gedirik. Sıralarımız çox az qalıb. Gəlin bizi də öldürün. Sonra görək yenidən bərpası neçə il çəkəcək? Biri var zəif yerləri düzəldək, biri də var ki, tamam məhv edib, sıfırdan başlayaq. O zaman bizə yenə 140 il lazım olacaq ki, teatr bugünkü halına çatsın. Mart ayında Azərbaycan teatrının 140 illiyidir. Amma problemləri boğazından artıqdır. Ayrı-ayrı qurumlarda oturan məmurlar bu problemlərə gözucu baxırlar ki, məhv olsun. Onlarınkı oturub boş-boş kompüterdə oyunlara baxmaqdır. Ya da ki, bütün günü baxsınlar, kim kimlə dalaşdı, kimlə barışdı.

    - Onlar dediyiniz kimlərdir?

    - Hər halda onların kim olduğunu bilirəm. Bunlar ürəkbulandırıcı şeylərdir. Sübuta yetməyən şeyləri necə demək olar? O zaman deyəcəklər ki, boş-boş danışır. Ona görə nə üçün deyək?

    - 5 il deputat oldunuz. Bu illər ərzində də problem həllini tapmadı.

    - Mən sizə deyim ki, mənim deputat olduğum vaxtda da, eləcə də məndən sonra Milli Məclisdə də dəfələrlə bu barədə söhbət açılıb. Ayrı-ayrı deputatlar bu barədə çıxış ediblər. Elmira Axundova, Nizami Cəfərovun Mədəniyyət Komissiyasında çıxışları olub. Amma bu məsələ yerindən tərpənmir. Hər halda deputatlarımız çalışırlar ki, ümumilikdə Mədəniyyətlə bağlı nəsə etsinlər.

    - Bakı Bələdiyyə Teatrının aktyorlarının az tanınmasının kökündə də binasızlıq problemi dayanır?

    - Mən deməzdim ki, aktyorlarımız tanınmırlar. Burada 20-dən artıq fəxri adı olan aktyorumuz var. Onlar bu gün demək olar ki, bütün seriallarda çəkilir, filmlərimizdə rol alırlar. Biz çox yüksək səviyyəli gənclər yetişdirdik. Hər iki ildən bir Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən istedadı gənci mükafatı alırlar. Onlar çox inkişafdadırlar. Mən bununla fəxr edirəm. Mənim bir neçə tələbəm də burada çalışır. Bizim teatr yalnız Azərbaycan teatrının inkişafına çalışır. Hələ buradan nə qədər aktyorları şirnikdirib aparıblar. Deyəndə niyə belə edirsiniz? Deyirlər siz laboratoriyasınız, yetişdirirsiniz. Biz də hazır götürürük. Mən onlara cavab verdim ki, birdə belə etsəniz, mən də sizin xalq artistlərinizi aparacağam. Çünki onlar mənim rəhbərliyim altında işləməyi çox istəyirlər. Buna görə də çox müraciətlər edirlər. Ancaq mən hər dəfə yox deyirəm. Mən bilirəm ki, teatrda repertuar tutulanda və oradan aktyor gedəndə, bu teatr üçün hansı fəsadlar yaradır. Bu əziyyəti mənə çox yaşadıblar. Aktyorları artıq məvaciblə, ev almaqla, ad almaqla şirnikləşdirib, aparırlar. Onlar gedirlər, sabah isə peşman olub geri qayıdırlar. Bu dəfə isə mən onları qəbul etmirəm. Bu hal dəfələrlə olub. Gənc aktyor, aktrisa yetişdirmək çətindir. Həm millətin mentaliteti, həm bu sahədə məvacibin az olması, bu sahəyə diqqətsiz yanaşma gəncləri teatrdan uzaq salır. Xüsusən qız uşaqlarını valideynləri aktrisa olmağa razı olmur. Müğənni olmağına icazə verirlər. Çünki bilirlər ki, pul qazanacaq. Amma teatra razı olmurlar. Biz teatrda istedadlı gəncləri yetişdiririk. Televiziyadan da onları görən kimi öz tərəflərinə çəkirlər. Lakin bir müddət keçdikdən sonra onları küsdürüb, hörmətsiz edərək uzaqlaşdırırlar. Bu, artıq sırf düşmənçilikdir.

    - Teatrımızda monopoliya olması ilə bağlı iddialara münasibətiniz necədir ?

    - Mən deməzdim. Bu, heç cür ola bilməz. Hər bir teatr istəyir ki, elə tamaşalar olsun ki, hamı gəlib baxsın. Məsələn, əgər Anarın, Elçinin tamaşalarına gəlirlərsə, niyə də davamlı olaraq qoyulmasın? Bu gün onlardan böyüyü var? Doğrudur, gənclər yetişməlidir. Onların da əsərləri qoyulur. Amma bu gün teatrlarımızın repertuarına baxsaq, görərik ki, çox zəngindir. Elə bizim teatrda Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Nazim Hikmət, Anar, Mövlud Süleymanlı, Elçin... demək olar ki, hamısı var. Vaxtı ilə İlyas Əfəndiyev teatrın inkişafına xidmət edib. Repertuarda olan 15 əsərin 6-7-si onun idi. Deyə bilərdik ki, o, teatrı özəlləşdirib? Nə yaxşı ki, o tamaşalar var idi. O tamaşalarla bir məktəb yarandı.

    - Amaliya xanım, aktyor nəyəsə etiraz edən kimi problemlə üzləşir. İlqar Cahangir buna misaldır. Sizin kollektivdə belə hal olubmu?

    - Əgər aktyor teatrda baş rolda oynayırsa, onu çıxarıblarsa, deməli nəsə qəbahəti olub. Mənə elə gəlir ki, teatrda çalışan, teatra cavabdeh olan insan teatrın problemlərini daha yaxşı bilir. Teatr rəhbəri hər işçinin sözü ilə oturub durarsa, o teatr dağılacaq. Teatrda ciddi-nizam intizam olması mütləqdir.

    - Siz də işçilərinizə qarşı sərtsiniz?

    - Çox. Kimdən istəyirsiniz soruşun. Onlar məndən razıdırlar. Onlar bilirlər ki, mən ədalətliyəm və heç vaxt ac qalmazlar. Ədalətsiz tənqidə məruz qalmayacaqlarını bilirlər. Teatrda ciddi-nizam intizam olmasa, o teatr tənəzzülə uğrayar. Təsəvvür edin, hər teatrda olan işçilər hərəsi bir avazda, müdiriyyət də başqa avazda olsa necə olar? Deməli, o rəhbər bacarmır. Teatr bir yumruq kimi olmalıdır və məqsədi bir yerə yönəltməlidir. Yaradıcılığa fikir verməlidirlər. Yaradıcı heyət yaradıcılıqla məşğul olmalıdır. İdarə etmək müdriyyətin səlahiyyətindədir. Əgər kimisə işdən çıxarıbsa, deməli layiqdir.

    - Aktyorun etiraz etməyə haqqı yoxdur ?

    - Onun da həddi var. Bilməyərəkdən bəlkə nəsə deyir. Bir dəfə, iki dəfə başa salırlar. Axırda deyilir ki, sənə xoş gəlmirsə, çıx get. Heç vaxt boş yerə aktyoru qolundan tutub bayıra atmaq olmur. Teatrın direktoru özünə düşmən olmaz.

    - Gənclər teatra cəlb etmək üçün hansı tədbirlər görülməlidir?

    - Mən deputat olduğum müddətdə də, eləcə də hər dəfə çıxışlarımda bu problemi deyirəm. Bilirsinizmi, 1990-cı illərin əvvəlində Lidya Xudatovna Rəsulova təhsil naziri idi. O, belə bir qanun çıxartdı ki, məktəblər teatrla ünsiyyətdə olmasın. Yəni, teatr məktəblərdə təbliğ olunmasın, biletlər satılmasın. Təsəvvür edin ki, bu sonradan bizə hansı bəlalar gətirdi? Mən uşaq olandan mənim əlimdən tutub əvvəl Kukla Teatrına, sonralar Gənc Tamaşaçılar Teatrına, sonra isə “Azdrama”ya aparıblar. Bu, məndə teatra məhəbbət yaradıb. Yeniyetmə olanda artıq teatrsız yaşaya bilmirdim, Məndə daxili tələbat yaranmışdı. Məktəb dərsliyinə salınan Hüseyn Cavid, Sabit Rəhman, Cəfər Cabbarlı teatrlarda tamaşaya qoyulurdu. Ondan sonra biz müzakirələr aparırdıq. Mənim ilk tamaşam “Sən həmişə mənimləsən” disputu universitetdə keçirildi. Professorlardan tutmuş müəllimlərəcən, tələbələrə qədər bunu müzakirə etdilər. Bu tamaşa min anşlaq verdi və 10 il repertuardan çıxmadı. Bizim potensial tamaşaçılarımız gənclərdir. Məktəb direktoru deyir ki, biz sinifdə biletləri sata bilmərik. Qoy valideynləri aparsınlar. Amma bunu bilsinlər ki, bu işlə məktəb məşğul olmalıdır.

    - Ona görə də teatrda özlərini apara bilmirlər..

    - Elədir. Bilirsiniz Ermənistanla müharibə yalnız torpaqların işğalı ilə bitmədi. Bizim mənəviyyatımıza da balta çəkdi. Ucqar yerlərdən gələn əhali, teatr görməyən, adicə elementar gigiyena qaydalarını bilməyən insanlar teatra axışdı. Bilmədilər ki, özlərini necə aparsınlar. Elə indi də qaneedici deyil. Amma əvvəllər lap biabırçı idi. Şirələrini içib səhnəyə atırdılar, ayaqqabılarını çıxarırdılar, fit çalır, qışqırırdılar. Biz hər tamaşa öncəsi teatrda insan özünü necə aparmalı olduğunu söyləyirdik. O vaxtlar televiziyada tamaşalar günü də var idi. Gənclərin marağı o zaman teatra olacaq ki, onu birinci sinifdən teatra bağlasınlar. Üç aydan bir dəfə teatra gələrsə, artıq teatrsız yaşaya bilməyəcək.

    - Seriallara dəvət alırsınızmı?

    - Bəli. Demək olar ki, tez-tez dəvətlər alıram. Bir neçəsinə də çəkilmişəm. Türkiyə və Azərbaycanın müştərək işi olan filmdə rol aldım. Amma bir çox dəvətlərə etiraz edirəm. Çünki istəyirəm ki, orada professionallar çəkilsin. Küçədən tutulub, sənətdə qalıb-qalmayacağı məlum olmayan insanlar yox. Seriallarımızın çəkilməsini də təqdirə layiq hesab edirəm. Düzdür, onlar hələ ələnəcək, sonda yaxşıları qalacaq. Yeni addımlar həmişə çətin olur.

    - Bu teatrı həyat yoldaşınız Yusif müəllimlə birgə yaratmışdınız. Onsuz mücadilə aparmaq çətin deyil ?

    - Rəhmətlik Yusif Muxtarov böyük sənətkar idi. 30 il Azərbaycan radiosunun diktoru oldu. Azərbaycan dilinin gözəlliyini mənə öyrətdi. Hər dövrdə bir çətinlik də, asanlıq da olub. Çalışırıq ki, dəf edək.

    - Yubileyinizi də keçirmədiniz.

    - Gərək yerimiz olsun ki, keçirək. 10 illiyimizdə Şəhriyar adına klubda idik. Orada yenə başımızın üstündə tavan var idi. Burada uçuq tavanda nə yubiley keçirək ki?

    - Aktyorlarınız da fəxri adlardan məhrumdur.

    - Elədir. 10 ildir ki, teatra fəxri ad gəlmir. Mən hər dəfə siyahı təqdim edirəm. Lakin siyahı prezidentimizə çatmır. Kimsə qarşıya çəpər qoyur. Aktyorlarımız buna məyus olur. Amma onlar mənə inanırlar. Biz ada yox, sənətə qulluq edirik. Onları bu sənətdə məhəbbət saxlayır. Nə birinə ev, nə ad verilib. Yalnız 10 illiyimizdə ad verildi. Həmin siyahını özüm çatdırmışdım. Hər dəfə fəxri adlar siyahısında min adlar gedir. Amma mənimkilərin adları kənar qalır. Bizim teatrın aktyorlarını görmürlər. Bunları kim etmək istəyir, onu ayırd etmək istəmirəm.

    - Teatrınız bu il hansı yeniliklər etməyi planlaşdırır ?

    - Teatrda hər gün yenilik olmur. Amma sevinirəm ki, ardıcıl tamaşalarımız dalbadal uğurlu oldu. Boş keçən tamaşalarımız olmadı. “Əli və Nino” tamaşamız xüsusi ilə çox marağa səbəb oldu. Tamaşaya baxanlar da çox razı gedirdilər. Anarın “ Qaravəlli”, Axundzadənin yubileyində “Müraviə vəkilləri”. İndi də çalışırıq ki, yeni tamaşalarla sevindirək. Teatrın nəzdində studiya açmağı düşünürəm. Öz istədiyim gəncləri bir araya gətirəcəyəm. Bu sənətə yanğı ilə yanaşanları bura toplayacağam.

    - Oynadığınız rolları başqa aktrisaların ifasında görmək sizi qane edirmi ?

    - Hər halda istəyərdim ki, ifalarda səviyyə olsun. O ifalar müəllifin yazdığı səviyyəyə çatsın. Müəllif yazanda görürsə ki, bunu hansı aktyor, aktrisa oynamalıdır, onda nailiyyət odur. Mən sevinirəm ki, aktyorluq dövrümdə müəlliflər mənim üçün yazırdılar. Bu gün istedadlı gəncliyimiz yetişir. Amma görünür rejissor yozumu olmalıdır ki, tamaşalar həmin səviyyəyə çata bilsin.


    Jalə Məmmədli

#28.01.2013 06:24 0 0 0