İnşalar - Sağlığında qiymet verin insanlara haqqında inşa
Ötən əsrin ikinci yarısında yeni poeziya yaranırdı və bu poeziya təkcə sovet məkanından deyil, dünya ədəbi prosesindən də bəhrələnir və yenilik duyğuları Azərbaycan şeir təvəkkürünə güclü şəkildə sirayət edirdi. Bu illərdə görkəmli şair Cabir Novruzun yaradıcılığı öz aktuallığı, təbiiliyi və rəvanlığı ilə şairlərdən seçilirdi. Onun yaradıcılığı 20-ci əsrin 50-ci illərindən sonra milli ədəbiyyatımız üçün çox ciddi səciyyəvi məqamları özündə əks etdirir,eyni zamanda müasirlik, ictimai-sosial məzmun, vətəndaşlıq duyğuları, həyatın yeniləşmə ritmləri onun əsərlərinin ahəngini təşkil edir.
Ötən əsrin ikinci yarısında ədəbiyyata gələn Cabir Novruz klassik ədəbiyyatı dərindən öyrəndi və öz qüvvətli istedadı ilə sürətlə parlamağa başladı. Onun yaradıcılığı, fərdi üslubu müasirlərindən fərqləndi, ədəbi prosesə təsir etdi və onu səciyyələndirdi. Çox şaxəli yaradıcılığa malik olan və fərdi üslubuna sadiq qalan şair ana torpağını böyük bir məhəbbətlə tərənnüm etmiş, geniş dünyaya bu torpaqdan baxmış, Azərbaycan ədəbi düşüncəsi ilə ölkəmizdən uzaqlarda da oxucuların qəlbinə yol acmışdır. Hələ yaradıcılığının ilk illərindən Cabir Novruz öz mənəviyyatında şairliyin ağır yükünü dərindən duyur və dərk edir. Şair öz ömrünü gecələrin əlindən alır, alın tərinə qarışdıraraq gələcəyin yollarında məşələ çevirir və həyat yolunu müəyyənləşdirir. Cabir Novruz insanı çox sevir, necə deyərlər, sadə insanı öz şerinə gətirir, onun mənəvi-psixoloji aləmini açır. Şair həyatın mürəkkəbliklərini bütün varlığı ilə dərk edir, həyat deyilən dəryanın dibinə enir, hər dəfə də oradan təzə dürr-şeir çıxarıb oxucularını sevindirir. Belə anların birində Cabir Novruz nədənsə birdən-birə hiss edir ki, şair olmaq doğrudan da çox çətindir.
Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...
Bu şeir Cabir Novruzun ən çox sevdiyim şeiridir. Təəssüf ki, sağlığında istər doğmalarımız olsun, istər Vətənə müxtəlif sahələrdə xidmət etmiş şəxsiyyətlər olsun... sağlığında layiqincə qiymət verə bilmirik. Belə insanların ölümündən sonra yüz ağla, heyfslən, ağı de, fəryad elə... yaxud yüz yerdə heykəlini qoy, yaxud məzarını ən qiymətli mərmərdən qoy... nə faydası, gərəkdir ki, dəyərli şəxslərin dəyərini sağlığında biləsən. Doğmalarından söhbət gedirsə, sevgini, qayğı və şəfqətini əsirgəmə... Xalqın dəyərli şəxsiyyətidirsə, məsələn, şair, yaxud yazıçıdırsa, elm adamıdırsa, hərbiçidirsə... sağlığında onların vətən üçün elədiklərini dəyərləndir, yaşayış tərzlərinin yaxşılaşması, vətən üçün daha çox işlər görməsi üçün imkanlarını artır. Yoxsa quru-quru ad verməklə, tərif etməklə kifayətlənmə. Gəlin sevdiklərimizə, doğmalarımızın, xalq üçün, Vətən üçün böyük işlər görən görkəmli şəxsiyyətlərimizin - sənət, elm adamlarımızın qədrini bilək, onlara sağlığında dəyər verək.