Musa peyğəmbərin duası

Son güncelleme: 23.07.2013 07:14
  • Dini hekayeler - Mübareklerin duaları - Musa peyğəmbərin duası

    Musa əleyhissalam yetkinlik yaşına çatarkən bir gün şəhərdə iki nəfəri dalaşan halda gördü. Bəni-İsrail tayfasından olan onlardan biri ondan kömək istədi. Musa digərinə bir yumruq vurdu və o, dərhal öldü. O günün sabahı Musaya xəbər verdilər ki, səni öldürəcəklər. Misirdən çıxaraq Mədyən torpaqlarına tərəf yola düşdü.

    Qurani-Kərimin Qəsəs surəsində oxuyuruq: (Musa) qorxu və vəhşət içində (öz törətdiyi işin nəticəsini) gözləyən halda (öz ölkəsindən) çıxa-çıxa dedi: Ey Rəbbim məni zalım qövmdən qoru. O, Mədyən (şəhərinə) tərəf üz tutan zaman dedi: Ümidvaram Rəbim məni düzgün yola yönəltsin.

    Oraya çatandan sonra qoyunlarına su verən bir camaatla qarşılaşdı. Amma iki qadın onlardan kənarda dayanmışdı. Soruşdu: Niyə qoyunlarınıza su vermirsiniz? Dedilər: Biz dayanmalıyıq, öncə çobanlar qoyunları suvarsınlar.

    Musa əleyhissalam onların qoyunlarına su verib yola saldı. Sonra yorğun vəziyyətdə qayıdıb kölgədə əyləşdi ki, bir az dincəlsin. Düşündü: Haraya getməlidir? Nə etməlidir?

    (Musa) kölgəliyə çəkildi və dedi: "Ey Rəbbim, həqiqətən mən Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə möhtacam." (Qəsəs surəsi, ayə 24) Əziz oxucu, çox yaxşı olar ki, biz də bu duanı öyrənib hər hansı çətinliyimiz zamanı onu oxuyaq: "Rəbbi inni lima ənzəltə iləyyə min xəyrin fəqir."

    Az müddətdən sonra iki qızın biri utana-utana qayıdıb dedi: Bizə etdiyin köməyə görə sənin muzdunu vermək üçün atam səni çağırır. Musa əleyhissalam o iki qızın atasının (həzrət Şüeyb peyğəmbərin) hüzuruna gəldi. Həzrət Şüeyb Musanın(ə) hər baxımdan çıxarını gördükdən sonra qızlarının birindən razılıq alıb Musa əleyhissalamı özünə kürəkən etdi. Beləliklə bir saat öncə nə qalmağa yeri, nə də yeməyə çörəyi olan həzrət Musanın indi etdiyi duaların bərəkəti ilə həm evi, həm gözəl yaşayışı oldu, həm də Şüeyb peyğəmbər kimi şəxsin kürəkəni oldu.


    alıntı
#23.07.2013 07:14 0 0 0