Peyğəmbər - salləllahu aleyhi və səlləm - əl-Fatihə surəsinin üstünlüyü haqqıda belə demişdir: “Uca Allah buyurur: “Nə Tövratda, nə də İncildə Ummul-Qurana (Kitabın əsasına) bənzər surə yoxdur. O Səb'ul-Məsənidir (Yeddi təkrarlanan ayədir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa veriləcəkdir.” (İbn Hibban, 775). Həmçinin Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Allah buyurur: “Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək”. Qul: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”- dedikdə, Allah: “Qulum Mənə həmd-səna etdi, quluma dilədiyi veriləcək”- deyir. O: “Mərhəmətli və Rəhmliyə”- dedikdə, Allah: “Qulum Məni təriflədi, quluma dilədiyi veriləcək”- deyir. O: “Haqq-hesab gününün Hökmdarına!”- dedikdə, Allah: “Qulum Mənim şənimə təriflər soylədi.
Bu, Mənim, bu ayə isə Mənimlə qulum arasında yarıya bölünüb”- deyir. O: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”- dedikdə, Allah buyurur: “Bu, Mənimlə qulum arasındadır, quluma dilədiyi veriləcək. Surənin axırı qulumundur”. Qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox”- dedikdə, Allah buyurur: “Bu, qulumundur, quluma dilədiyi veriləcək!” (Sunən İbn Macə, 3784). Yer üzərində yaşayan və hər gün namaz qılan bütün müsəlmanlar gün ərzində ən azı on yeddi dəfə əl-Fatihə surəsini oxuyur. Onlar üzlərini bütün müsəlmanların tək qibləsi olan Kəbə evinə “Allahu Əkbər” deyərək yönəlib namaz qılırlar. Allah böyükdür, Ondan daha əzəmətli heç kimsə yoxdur.
O, yeddi qat səmanın Rəbbi, əzəmətli Ərşin sahibidir. Ondan başqa imdada çatan varmı? Sonra ayaq üstə əl-Fatihə surəsini Allaha həmd-səna edərək oxumağa başlayırlar. Məgər aləmləri Yaradan bütün təriflərə layiq deyilmi? Öz mərhəməti sayəsində yaxşı işləri tamamlayan, bəndələrinə saysız-hesabsız nemətlər bəxş edən, “sizə gələn hər nemət Allahdandır” deyə buyuran, heç bir şükürə, tərifə möhtac olmayan, Qiyamət günü şükür edən qullarına daha böyük nemətlər bəxş edən Allah! Sonra onlar Allahdan götürdükləri öhdəliyi – Tək Allaha ibadət etməyi, Ona heç bir şeyi şərik qoşmamağı təsdiqləyərək: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik” deyirlər. Axı ibadətə layiq olan yalnız Sənsən! Bizi yaradan, bizə ruzi verən və bizi doğru yola yönəldən yalnız Sənsən! Dar gündə də, xoş gündə də imdadımıza, köməyimizə çatan yalnız Sənsən! “Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır” (Ali İmran, 126).
Onlar: “Allahım, bizi doğru yola yönəlt və daima onun üzərində sabitqədəm saxla, peyğəmbərlərin yoluna yönəlt, qəzəbinə gələnlərin və azmışların yoluna yox! Sonda “Allahım bu duamızı qəbul et! Amin!” deyirlər. Bundan sonra ruku edir və ən dəyərli olan üzlərini yerə qoyaraq səcdəyə qapanır, Allaha tam olaraq təslim olurlar. Bax əsil təslimiyyət budur! “Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar” (Ali İmran, 83).