İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Üç nəfər ac mömini doyuzduran şəxslərə Fidovs, Ədl, Tubi cənnətlərinin yeməklərindən əta olunar. Onların savabını nə mələklər nə də peyğəmbərlər bilər. Bunu yalnız Allah-təalanın tükənməz elmi əhatə edər. Kafirləri yemək-içməklə təmin edən şəxslər isə cəhənnəm əzabına düçar olarlar və onların oradakı azuqəsi yalnız cəhənnəm əhlinin "zəqqum” adlı yeməyi olar.
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "İmkansız bir şəxsi bir dəfə yeməklə təmin etmək İsmayıl övladlarından on nəfəri ölümdən xilas etməkdən və ya onları azadlığa buraxmaqdan daha xeyirlidir.”
Başqa bir hədisdə deyilir: "Sizin ən yaxşınız müsəlman qardaşının borcunu ödəyən və onun maddi ehtiyaclarını ev, nəqliyyat vasitəsi ilə təmin edəninizdir.
İmam Hüseyn (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Artıq paltar və yeməyi olub imkansız mömin qardaşını bu kimi şeylərlə təmin etməyən şəxslər Allahın qəzəbinə gələr və qiyamət günü Onun rəhmətindən məhrum olarlar. İnsanlar məhşərə daxil olduqları zaman Allah-təala mələklərə belə bir xitab edər: "Sizi əmrimdən çıxmış və Şeytanın vəsvəsəsinə uymuş bu bəndənin gördükləri işlərə şahid tuturam. Bilin ki, onu tutduğu bu işə görə heç vaxt bağışlamayacağam.”
"Müsəlmanların çətinliklərini aradan qaldıran şəxslərin əməl dəftərinə dörd yüz oxunmuş ayə və bu ayələrin hər bir hərfi üçün xeyirli əməlin savabı yazılar.”
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Bir-birinizə hədiyyələr verin və qəlbinizdəki kin-küdurəti özünüzdən uzaqlaşdırın. Hədiyyələr üç növdür.
1.Hədiyyə verib müqabilində nəsə gözləmək;
2.Rüşvət məqsədi ilə verilən hədiyyələr;
3.Allah-təalanın razılığını qazanmaq məqsədi ilə verilən hədiyyələr.
Hədiyyə Allaha xatir verilərsə insanda heç bir dünyəvi fikir və düşüncə olmamalıdır.